BolgeXeber.Com » Siyasət » Gülhüseyn Əhmədovun «kitabını bağladılar»

Gülhüseyn Əhmədovun «kitabını bağladılar»

22-09-2010, 02:30
Oxunub: 14 242

Saatlının deputatı YAP-ın siyahısına düşmədi, seçkilərə müstəqil qatılmaq istəyi isə ona ciddi başağrısı ola bilər[/b]


Saatlının deputatı Gülhüseyn Əhmədovun bu seçkilərdə YAP-ın namizədi kimi prosesə qatılmayacağı artıq dəqiqləşib. Bununla bağlı "Bolgexeber"-ə məlumat verən mənbə bildirib ki, deputatın yaxın adamları indidən hazırlıqlara başlayıb və tərəfdarlarına bildirirlər ki, seçkilərə start verildikdən sonra onlar öz gücləri hesabına mübarizə aparacaqlar.

Məlumatda deyilir ki, G.Əhmədovun YAP-ın siyahısına düşməməsinin bir neçə səbəbi olub. Onlardan biri kimi, onun hakimiyyət dairələrinin etimadını doğrultmaması göstərilir. Bu illər ərzində heç də yaxşı imic formalaşdırmayan və həlledici məqamlarda iqtidara lazımi dəstək verə bilməyən deputatı YAP-ın siyahısına salmamaqla cəzalandırıblar. Mənbə onu da bildirir ki, artıq Saatlıda onun üçün təbliğat işlərini qurmaq üçün tərəfdarları hərəkətə keçiblər. Bu prosesə isə onun qardaşı Xanhüseyn Əhmədov başçılıq edir.

Xəbərlərdə o da bildirilir ki, Gülhüseyn Əhmədovun adının siyahısından çıxarılmasının bir başqa səbəbi də son sel hadisəsi olub. Belə ki, deputat və adamları hələ xeyli əvvəldən (G.Əhmədov icra başçısı olan dövrlərdə –red.) Araz çayının sahillərində sovet dövründə yaradılmış su anbarlarını və bəndləri uçurdaraq, onların yerində özünə əkin sahələri salıbmış. Sel zamanı bu dağıntının 7 kəndi su altında qoymasından sonra məsələni araşdıran FHN isə bunun niyə baş verdiyini üzə çıxarıb və məsələ ilə bağlı yuxarılara məlumat verib. Böyük bir zərərin ortada olduğunu görən və bunun üçün günahkar axtaran hakimiyyət isə G.Əhmədovun üzərində dayanıb. Nəticədə, onun hakimiyyətin nümayəndəsi kimi, seçkilərdə iştirakına qadağa qoyulub.

Bu dəfə seçkilərə müstəqil şəkildə qatılmaq niyyətində olan deputat özünün təbliğatını aparmaq və əhalinin gözündə özünü şirin satmaq üçün seldən sonra Saatlıda «paraşa»lar buraxmağa başlamışdı. Bu barədə "Bolgexeber"-ə daxil olan məlumatlarda deyilir ki, həmin vaxt Əhmədovun adamları belə bir təbliğat aparırmışlar ki, guya, rayonda daha böyük fəlakətlərin yaranmasının qarşısını almaqda və əhaliyə yardım etməkdə deputatın Bakıda keçirdiyi görüşlərin böyük rolu olub. Halbuki bunun prosesə ümumiyyətlə, heç bir təsiri olmayıb. Əksinə, deputatın adamları seldən sonra yaranmış zərərin aradan qaldırılması prosesində daha çox pul qazanmaq üçün fəaliyyətə keçib.

Beləliklə, Saatlının deputatı Gülhüseyn Əhmədovun YAP-ın siyahısından çıxarılması artıq dəqiqləşib. Onun müstəqil olaraq namizədliyini irəli sürəcəyi isə seçki prosesində özü üçün başağrısı yarada bilər. Çünki YAP rəsmiləri hələ xeyli əvvəldən bəyan ediblər ki, əgər YAP-ın namizədindən kənar eyni dairədə ona hakim partiyanın nümayəndəsi rəqib olarsa, onu ciddi şəkildə cəzalandıracaqlar.