BolgeXeber.Com » Siyasət » Dünya Xocalı soyqırımını tanımalıdır

Dünya Xocalı soyqırımını tanımalıdır

25-01-2012, 12:40
Oxunub: 1 874 Dünya Xocalı soyqırımını tanımalıdır, Türkiyə Parlamenti bu il də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün ciddi addımlar atacaq

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək bildirib.

"Türkiyə Xocalı soyqırımının tanınması üçün əlindən gələn hər şeyi edəcək", - İpək deyib.

Bununla yanaşı, o qeyd edib ki, Türkiyənin bilavasitə göstərdiyi səylər nəticəsində Xocalı soyqırımının tanınması məsələsində artıq müəyyən uğurlar əldə olunub.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

İpək onu da bildirib ki, Fransa Senatının "erməni soyqırımı"nı tanıması təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlmiş aktdır.

Politoloq hesab edir ki, Fransanın belə qanun qəbul etməyə haqqı yoxdur. Çünki tarixi faktlara əsasən ermənilər kimi kiçik Qafqaz xalqları hazırkı vəziyyətə məhz Osmanlı İmperiyasının himayəsi və müdafiəsi sayəsində çatıblar.

İpəyin sözlərinə görə, Senatın qərarı hələ heç nə demək deyil. Belə ki, Fransada bu qanunu ləğv etmək üçün tədbirlər görən ağıllı senatorlar var.

"Türkiyə Fransaya qarşı əvvəl tətbiq etdiyi sanksiyalarla kifayətlənməyəcək. Biz başqa variantlara, o cümlədən hüquqi müqaviməti də nəzərdən keçiririk", - o deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fransaya qarşı artıq yeni sanksiyalar hazırladığını bəyan edib.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.