BolgeXeber.Com » Siyasət » Ceyhun Osmanlının fiaskosu...

Ceyhun Osmanlının fiaskosu...

18-10-2010, 12:40
Oxunub: 6 206

Deputatliğa namizədin dili rəqibinin suallari və açdiği faktlar qarşisinda topuq vurdu

Dünən İTV-də keçirilən çıxışlar zamanı 63 saylı Sabirabad Seçki Dairəsindən olan namizədlər arasında gərginlik yaşandı. Amma bu gərginlikdən savayı diqqəti çəkən başqa bir məsələ oldu. O da həmin dairədən namizəd olan “İrəli” təşkilatının rəhbəri Ceyhun Osmanlı ilə Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov arasında gedən dartışmaydı.

Bildirək ki, Ceyhun Osmanlı 80 bənddən ibarət platformaya sahib olduğunu və xaricdə təhsil aldığını utancaq halda, həyacandan sifətinin səyirdiyini açıq şəkildə hiss etdirirdi. İş Sabirabadda seçkilərlə bağlı fikirlərə gəldikdə isə vəziyyət tamamilə dəyişdi. Həmin vaxt Qiyas Sadıqovla Ceyhun Osmanlı arasında maraqlı polemika yaşandı:

Ceyhun Osmanlı: Mənim 80 bənddən ibarət platformam bu gün hər bir evdə var. İnsanlar onu oxumaqla mənim hansı ciddi layihələrlə Sabirabada gəldiyimi görə bilərlər.

Qiyas Sadıqov: (Qiyas bəy sözlərinə Sabirabad camaatını ötən seçkidə Pənah Hüseyni seçdiklrinə görə təşəkkürünü bildirməklə başladı-red. ) Bəziləri kənardan gəlib Sabirabadda deputat seçilmək istəyir. Sabirabadda yetərli qədər bacarıqlı, ciddi və savadlı insanlar var ki, deputat olsunlar. Mən sizin yalanınızı çıxarmaq məcburiyyətindəyəm. Çünki siz başqalarının adından sui-istifadə etmisiz. Payladığınız bukletlərin üzərində Sabirabad camaatının ən çox sevdiyi ocaq olan Mirhəmid Ağanın şəklini vurmusuz və üzərində onun sizə xeyir-dua verdiyini yazmıız. Amma bu yalandır. Mirhəmid ağa mənə zəng etdi ki, onun bu məsələdən xəbəri yoxdur. Bukletin üzərindəki fotoşəkilə gəldikdə isə bir müddət əvvəl bir neçə nəfərin onun yanına gələrək, şəkil çəkdirmək istədiyini dedi. Siz Sabirabad camaatını aldatmaq istəyirsiniz.

Ceyhun Osmanlı: Qiyas bəy, sizə bir sual vermək istəyirəm. Pənah Hüseyn Sabirabada ildə heç iki dəfə gəlməyən adamdır. Onun sabirabadlılar tərəfindən sevildiyini necə müəyyən etmək olar?

Qiyas Sadıqov: Əvvəla, Pənah Hüseyn ildə iki dəfə deyil, ayda iki dəfə Sabirabada baş çəkib. Sel fəlakəti zamanı Pənah bəy günlərlə rayonda qaldı, insanların problemlərini həll etmək üçün lazım olan instansiyalar qarşısında məsələlər qaldırdı.

Ceyhun Osmanlı: Mən çox təəssüf edirəm ki, hər zaman şou düzəltməyə öyrəşmiş Qiyas bəy və tərəfdarı bu gündə yanlış faktlar danışır. Mən bir fakt misal demək istəyirəm ki, sel su fəlakəti vaxtı Cənab prezidentin çağırışı ilə bütün Azərbaycanın rayonlarından Sabirabada yardımlar gedəndə, bütün hər kəs Sabirabada yardım üçün səfərbər olanda və bütün dünyada sel fəlakəti vaxtı minlərlə insan həlak olanda Sabirabadda bir nəfərində burnu qanamadı və bu, real diqqətin nəticəsi idi. Amma həmin vaxtda məhz siz və tərəfdarınız insanların faciəsi üzərində şou düzəldirsiz və indi də şounu davam edirsiz və utanmadan regionun böyük ağsaqqalı Mirhəmid Ağayla bağlı burda yalan sözlər deyirsiz. Əgər hər hansı bir şübhələriniz varsa, sabah günorta saat 12-də mən sizi dəvət edirəm Mirhəmid Ağa ocağına və sizə Mirhəmid Ağa bildirər ki, ilk öncə mən regiona qədəm basanda ilk xeyir-duanı məhz ondan almışam.

Qiyas Sadıqov: Əvvəla utanmaz sizsiz. Burda özünüzü tərbiyəsiz aparmayın. Mən onu qeyd eləmək istəyirəm ki, Mirhəmid Ağa ilə mən əlaqə saxladım və o, bildirdi ki, o sözlər mənə aid deyil, bu bir. İkincisi də sənə hələ hansı dairəyə gəlməyinlə bağlı səhv məlumat veriblər, doğru məlumat verməyiblər. 63 saylı Seçki Dairəsinin ərazisinin bir kvadrat metri də su altında qalmayıb. O da göydə Allah, yerdə kimlərin hesabına olması Sabirabad camaatına çox gözəl məlumdur.

Ceyhun Osmanlı: Mən sizə bir sual vermək istəyirəm. Bildiyiniz kimi, Müsavat partiyası, sizin təmsil və dəstəklədiyiniz Müsavat partiyası yüz il ərzində dörd dəfə soyqırım etmiş ermənilərlə-daşnaklarla bu gün müqavilə imzalayır. Siz özünüz bu fəaliyyəti dəstəkləyirsiz. Siz, Qiyas bəy Şamaxıdansınız, Şamaxıda ermənilər yüz ildə iki dəfə soyqırım edib, siz bu fəaliyyəti dəstəkləyirsiz,

Qiyas Sadıqov: Əvvəla, Müsavat partiyasının üzvlərinə sual verərdiniz, Müsavat partiyası məni dəstəkləyir, mən də Müsavat Partiyasını və mən Müsavat Partiyası ilə fəxr edirəm. Ermənilərlə bağladığı müqavilələr həmin hökumət adamları, dairələri də müqavilə- bu günlərdə Madrid prinsiplərini imzalamaq istəyirlər. Amma siz həmin mətnlə tanış olsanız görərsiniz ki, ancaq Azərbaycanın xeyrinə olan bir mətndir. Mənim Şamaxıdan olmağımla bağlı isə bildirim ki, mən Sabirabbadda anadan olmuşam. Sabirabadda ilk məscidi keçən əsrin əvvəllərində mənim babam tikdirib. Siz məsləhət olsaydı, eşitdiyimə görə, Göyçayda anadan olmusunuz, Göyçay sizə oğul desəydi, siz Göyçaya gedərdiniz, Sabirabada yox.

Ceyhun Osmanlı: Qiyas bəy, bizim “İrəli” təşkilatı son bir ildə yüz mindən çox Azərbaycandan insanı əhatə edib. Siz deyə bilərsiniz sizin partiyada özünüzdən başqa neçə adam var?

Qiyas Sadıqov: -Ceyhun Osmanlı bilməlidir ki, Sabirabad camaatı inanclı caamatdı. Onları şarla, diş pastası ilə aldatmaq mümkün deyil. Sabirabad caamatı da sizin aldatmalarınıza cavab olaraq 7 noyabrda nə gostərəcəklərinin hamımız şahidi olacağıq.

Ceyhun Osmanlı: Mən hesab edirəm ki, Sabirabadlıların növbəti beş ildə müxalifətin boş-boş vədlərinə qulaq asmağa heç həvəsi yoxdur. Sabirabadlılara bu gün real layihələr lazımdır və biz bunu təmin edəcəyik.

Qiyas Sadıqov: Bugünləri mən elə gördüm ki, boş-boş danışanlar kimdir. Mən elə Sabirabadlıları əmin edirəm ki, həmin vədlər havada qalacaq. Nə Ceyhun Osmanlı gəlib Sabirabada asfalt çəkəndi, nə də hələ ki Ziya Məmmədovu işdən çıxarmayıblar.

Bu müzakirələrdən sonra qısa bir şərh yazmadan yazını bitirmək istəmədik. Hərçənd sabah bununla bağlı geniş bir yazını diqqətinizə ərz edəcəyik. Lakin bu dəfəlik onu deyək ki, Ceyhun Osmanlının həqiqətən də boş hava ilə üfürülmüş «şarı» partladı. Onun Qiyas Sadıqovun qarşısında aciz qalaraq, boyun bükməsini görmək isə nə qədər qəribə olsa da, bir o qədər də ürəkağrıdıcı idi. Çünki Osmanlı cənabları sözün həqiqi mənasında “şar”ını partladıb, boş hava ilə oynamaqdan başqa çıxış yolu qoymamışdı özünə. Hər halda gəncdir, cavandır, bilmədiyi işlərə qarışıb. İnsandı, həyatda aldana da bilər, aldadıla da bilər. Ələlxüsus, cavanlar üçün bu xarakterik haldı. İndi bu gənci tora salıb seçkiyə, məhz "qurdlar vadisinə" göndəriblər, o da bunu başa düşməyib. Amma gec deyil, xətasını düzəltmək üçün hələ vaxtı var.