BolgeXeber.Com » Siyasət » DAK Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat verib

DAK Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat verib

17-02-2012, 01:10
Oxunub: 5 274 Bu barədə Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin Rəhbəri Peyman Sadıqov Bolgexeber.com-a açıqlama verib.

Bəyanatda bildirilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir”.
Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva xatırladıb ki, Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilib, 20 mindən çox soydaşımız həlak olub, 50 mindən artıq adam yaralanıb, əlil və şikəst olub, dinc əhali girov götürülüb, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət nəticəsində qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülüb, misli görünməmiş qəddarlıqla diri-diri yandırılıb, başlarının dərisini soyulub, gözləri çıxarılıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb”.

DAK Ağsaqqallar Şurasının sədri Babaxan Muradov bəyan edib ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Həmin qətliam Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməlidir: “Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir”.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. "XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirib. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu dəhşətli faciəyə hüquqi qiymətin verəcək və cinayətkarlar layiqli cəzalarına çatacaqlar. Azərbaycan xalqı Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmayacaq və orada şəhid olmuş soydaşlarımızı daim yad edəcək”.