Ziya Məmmədovun suçu nə...?
3-10-2015, 10:26
Oxunub: 7 196
Natiq Miri: “Ortada siyasi faktor da var”
Qadir İbrahimli: “Onu Fərhad Əliyevin taleyi gözləyir”
Son aylarda nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesi sürətlənib. Nazirin səlahiyyətləri bir-bir əlindən çıxır. Hətta vaxtı ilə onun əleyhinə bir cümlə olsun belə yazmayan, iqtidarın nəzarətində olan mətbuat orqanları da artıq nəqliyyat nazirini hədəfə alıblar.
Z.Məmmədovun YAP-dan deputat olan qardaşı Elton Məmmədovun hakim partiya tərəfindən noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olaraq irəli sürülməməsi də bir çox mətləblərdən xəbər verdi. Bu açıq şəkildə Məmmədovlara bir mesaj idi.
Belə şayiələr gəzir ki, nəqliyyat nazirinin sonunu gətirən hadisə Avropa Oyunları öncəsi baş verib. Yarışa bir gün qalmış, “Atletlər kəndi”ndə baş vermiş məlum qəza və idmançıların xəsarət almasını Z.Məmmədovun sonu hesab edənlər çoxluq təşkil edir. Amma bir səhvlə nəqliyyat nazirinin “vurulması” heç kəsə inandırıcı gəlmir. O zaman bir sual da yaranır: Ziya Məmmədovun suçu nədir?
Politoloq Natiq Miri hesab edir ki, Nəqliyyat Nazirliyi ilə bağlı cəmiyyət arasında ciddi narazılıq var: “Hakimiyyətin öz kadrlarına qarşı yürütdüyü siyasətdə görünən və görünməyən tərəflər var. Təbii ki, bunu hakimiyyətdaxili yüksək dairələrdə təmsil olunanlar daha yaxşı bilirlər. Biz cəmiyyətlə məsələnin görünən tərəfindən çıxış edərək deyə bilərik ki, Ziya Məmmədovun rəhbərlik etdiyi strukturla bağlı cəmiyyətdə böyük narazılıq var. Nəqliyyat sahəsində milyardlarla vəsaitin xərclənməsinə rəğmən, hələ də nəqliyyat sistemi acınacaqlı durumdadır. Nəqliyyat işçiləri intizamsız, kobud davranışlarla nazirliyi cəmiyyətə tanıdırlar. Nəqliyyat müfəttişlərinin küçənin ortasında sürücülərlə kobud davranışları böyük narazılıqlarla qarşılanır. Proses səngimək əvəzinə, getdikcə daha pis şəkil almağa başlayır. Hakimiyyətin yüksək dairələri bundan xəbərsiz deyillər. Bununla bağlı müəyyən narahatlıqlar da var”.
Politoloq Z.Məmmədovun Rusiyaya bağlı bir şəxs olduğu qənaətindədir: “Hakimiyyət iqtisadi yöndə müəyyən səhvləri bağışlaya bilir. Amma siyasi yöndə hər hansı bir xəyanət olanda, bunu özü üçün təhlükə sandığına görə, qətiyyən bağışlamır. Ziya Məmmədov Rusiyaya bağlı şəxsdir. Rusiya hakim dairələri ilə əlaqələrinin olması da təkzibedilməzdir. 2013-cü il “Milyarderlər İttifaqı”nın yaradılması, onun təşəbbüskarı olan insanlarla Ziya Məmmədovun münasibətlərinin olması barəsində də konkret informasiyalar var. Ola bilsin ki, o zamandan hakimiyyətin ona qarşı münasibəti dəyişib. Düşünmürəm ki, iqtisadi yöndə baş verən məsələlər Məmmədovun bitirilməsinə səbəb olub. Çünki iqtisadi yöndə problemlər, səhvlər hakimiyyətin bütün strukturlarında var. Hətta Nəqliyyat Nazirliyindən də artıq problemləri olan strukturlar var. Səbəb iqtisadi faktorlar ola bilməz. Bu məsələnin arxasında müəyyən siyasi faktorlar dayanır. Onu da nəzərə almaq lazımdır ki, Ziya Məmmədovun oğlu ABŞ-Azərbaycan diaspor məsələləri ilə bağlı bir quruma rəhbərlik edir. Bu yöndə böyük vəsaitlər də xərclənə bilər. Son vəziyyətə baxaraq deyə bilərik ki, Azərbaycan-ABŞ münasibətləri hazırda gərgin müstəviyə keçib. Bu proses daha da gərginləşir. Göründüyü kimi, yüz milyonlarla vəsaitin havaya sovrulması, hər iki ölkə arasındakı münasibətlərin düzəlməsinə təsiri olmayıb. Bütün bunlar Azərbaycan rəhbərliyini narazı salacaq məsələlərdir. Hər şeyi gələcəkdə daha düzgün analiz edə biləcəyik. Sadəcə məsələlərin görünən tərəfləri bundan ibarətdir. Ola bilsin ki, başqa ciddi faktorlar var”.
İqtisadçı-ekspert Qadir İbrahimli nəqliyyat nazirinin taleyinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə bənzədiyini bildirdi: “Eyni proseslər vaxtı ilə Fərhad Əliyevlə bağlı baş vermişdi. 2005-ci ilin fevralında onun sənaye ilə bağlı səlahiyyətləri əlindən alınaraq, Energetika Nazirliyinə verildi. Sənaye və Energetika Nazirliyi yaradıldı. Onun ən böyük səlahiyyəti olan Özəlləşdirmə Departamenti İqtisadi-İnkişaf Nazirliyinin tabeliyindən çıxarıldı, müstəqil quruma çevrildi. Ardınca Fərhad Əliyev həbs olundu və şirkəti əlindən alındı. İndi eyni situasiya ilə Ziya Məmmədov üzləşib. Avtovağzal və dəmiryolu onun nəzarətindən çıxarıldı, bir sıra səlahiyyətləri ASAN Xidmətə verildi. Sürətlə bu şəxs səlahiyyətlərini itirir. Hesab edirəm ki, burada iqtisadi səbəblərdən çox, siyasi səbəblər var. O vaxt Fərhad Əliyev də həbs olunanda, dövlət çevrilişi etmək cəhdində ittiham olundu. Sonradan korrupsiya ittihamı üzrə cəza aldı. Fərhad Əliyevin şəxsi ambisiyaları var idi. Baş nazir olmaq iddiasında idi. Amma Ziya Məmmədovla bağlı bunları demək çətindir. Hansı səhvə yol verdiyini bilmirik. Mütləq səhvi var. Çünki başqa nazirlər də var. Amma heç biri bu situasiya ilə üzləşmir. Son on ildə ikinci dəfədir ki, bir şəxs vəzifədədir, amma səlahiyyətləri sürətlə əlindən çıxır. Faktiki olaraq, hazırda Ziya Məmmədov formal bir nazirə çevrilib. Sənaye və Energetika Nazirliyi kimi, məhdud səlahiyyətli bir quruma rəhbərlik edir. Hesab edirəm ki, onun bu qədər hədəfə tuş gəlməsinə səbəb hansısa bir bağışlanılmaz səhvinin olmasıdır. Bir azdan konkret detallar ortaya çıxacaq. Səbəbsiz deyil”.(musavat.com)
Çox Oxunanlar
- 12-10-2024, 17:50 : Məşhur bazarda güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 8-10-2024, 16:47 : "Sihirli annem"in aktrisası bu üsulla 41 kiloqram arıqlayıb
Şou-Biznes
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 7-10-2024, 17:58 : Əliyev və Putin arasında görüşlər keçiriləcək
Siyasət / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 9-10-2024, 17:27 : Damlanın yeni görünüşü tənqid edildi
Şou-Biznes
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər