BolgeXeber.Com » Siyasət » Azərbaycanın konsulu azərbaycanlıları şərləyir

Azərbaycanın konsulu azərbaycanlıları şərləyir

15-03-2012, 17:40
Oxunub: 5 265 Bu haqda məlumatların ardı-arası səngimir

Ölkə mətbuatdan bəlli olduğu kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası Konsulluğunun rəhbəri Qüdsi Osmanov bir sıra qanunsuz əməllərlə məşğuldur. Mühüm dövlət vəzifəsi tutmasına baxmayaraq, bu şəxs dövlət maraqlarını bir tərəfə qoyub, əsas fəaliyyətini şəxsi biznesə və ən pisi isə bu şəhərdə fəaliyyət göstərən nüfuzlu azərbaycanlı və Azərbaycan mənşəli iş adamlarının ləkələnməsinə, şərlənməsinə yönəldib. Daha rüsvayçı hal isə odur ki, bu rəsmi şəxs çirkin məqsədlərini reallaşdırmaq üçün donosçuluq etməkdən də çəkinmir.
Fikrimizi bir az da konkretləşdirək. Qüdsi Osmanov bir sıra məkrli niyyətlərini reallaşdırmaq yolunda oradakı nüfuzlu, məşhur azərbaycanlıları özünə mane hesab edir. Onun özünə bu şəhərdə mane saydığı məşhur iş adamlarından biri də Məşkur Qasımovdur. Məşkur Qasımov kimdir? M. Qasımov Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub .Uzun müddətdir ki, Sankt-Peterburq şəhərində yaşayır və müxtəlif istehsal sahələrini özündə birləşdirən Holdinqin rəhbəridir. Bundan əlavə Məşkur Qasımov Rusiya Güləş Federasiyasının prezidenti, bu ölkənin Əməkdar Məşqçisi, Sankt-Peterburq şəhərindəki 400 minə yaxın həmyerlimizi birləşdirən Azərbaycan Milli-Mədəni Muxtariyyatının sədr müavini, bu şəhərdə Azərbaycan diasporunu yaradanlardan, Heydər Əliyevə dəstək aksiyalarını təşkil edənlərdən, (o, həm də H. Əliyevin xatirəsinə Qoroxov küçəsində büst qoydurub), Nizami Gəncəvinin abidəsini maliyyələşdirənlərdən, “20 yanvar” faciəsi və Qarabağla bağlı xarici səfirliklər qarşısında etiraz aksiyaları təşkil edənlərdən öncülü, Piskaryov qəbiristanlığında Naməlum Əsgərin şərəfinə ucaldılan abidənin sponsoru, bu qədim diyarda keçirilən onlarla mədəni-kütləvi, eləcə də xeyriyyə tədbirlərinin təşkilatçısı və yardımçısıdır. Hansı ki, bu tədbirlərdə Azərbaycan dövlətinin maraqları, Qarabağ problemini yüksək səviyyədə qabardılır, respublikamız üçün mühüm əhəmiyyətli məsələlər geniş təbliğ olunur. Məhz Məşkur Qasımovun səyi və nüfuzu nəticəsində bu şəhərdə yüzlərlə azərbaycanlı işlə təmin edilib, ən çətin məqamlarda oradakı azərbaycanlıların hüquqları müdafiə olunub.
Qısası, Məşkur Qasımovun yaddaqalan və xeyirxah əməlləri o qədər çoxdur ki, onları sadalasaq, böyük siyahı alınar.
İndi, Qüdsi Osmanov kimi şəxs, belə dəyərli azərbaycanlıları qorumaq, onlara dayaq olmaq əvəzinə, onun haqqında donoslar təşkil edir. Mötəbər mənbədən redaksiyaya daxil olan məlumata görə, Qüdsi Osmanov Məşkur Qasımov haqqında Masallı İcra hakimiyyətinə böhtan dolu, həqiqətə uyğun olmayan məktub yazıb. Onu gözdən salmağa heç bir “detal” tapmayan konsul fikrini əsaslandırmaq üçün məktubda yazıb ki, guya Məşkur Qasımov vəhhabidir və vəhhabiləri maliyyələşdirir, onlara dəstək verir.
Atası, anası, qardaşları, əksər yaxın qohumları, necə dəyərlər, təpədən-dırnağa qədər şiə müsəlmanı olan, dəfələrlə Həcc, Kərbəla ziyarətlərinə gedən, vaxtaşırı kənd məscidinin tikintisinə yardımlar edən, kənddə şəhidlərin xatirəsinə park saldıran, hər il doğma rayonunda Beynəlxalq turnirlərə sponsorluq edən şəxs necə vəhhabi ola bilər?
Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Masallı rayonunun Digah kəndindən olan, hazırda Sankt-Peterburq şəhərində yaşayan İlham Əliyev adlı bu olayla bağlı sorğulanmaq üçün hüququ-mühafizə orqanlarına dəvət edilib, bu mövzuda həmin şəxslə bəzi məsələləri dəqiqləşdirmək istəyiblər. Və məluma olub ki, konsulun iddiaları tamamilə əsassız və böhtan xarakterlidir.
Bu məlumat Məşkur Qasımovun boya-başa çatdığı Ərkivan qəsəbə sakinləri tərəfindən hədsiz qəzəblə qarşılanıb.
Xatırladaq ki, Məşkur Qasımovun boya-başa çatdığı Ərkivan qəsəbəsi nəinki Masallının, eləcə də ölkənin ən məşhur din xadimləri - şeyxləri, axundları ilə məşhurdur. Olduqca dindar, din-iman əhli olan bir ailədə böyüyən Məşkur Qasımovun vəhhabilərlə bağlanması ağlasığmaz bir böhtandır. Dövlət rəsmisi sayılan Qüdsi Osmanovun belə addımlarla heç cür başa düşülmür və yerli sakinlərin dini hislərini təhqir edir. Hazırda bununla bağlı Ərkivan qəsəbə sakinlərinin - ziyalıların, din xadimlərinin, digər fəalların iştirakı ilə imza toplanır, eləcə də yerli sakinlər digər etiraz aksiyalarına başlamaq istəyirlər.

“Cenubxeberleri. com”