BolgeXeber.Com » Siyasət » Milli Qəhrəmandan Rəsul Quliyevə ittiham

Milli Qəhrəmandan Rəsul Quliyevə ittiham

27-03-2012, 16:05
Oxunub: 4 634 “Kəlbəcərdə 3000 əsgəri məhv etdirdin”

İsveçdə yaşayan Şahin Tağıyev eks-spikerə yazdığı açıq məktubda onu bir sıra məslələrdə günahlandırıb

İsveçdə yaşayan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şahin Tağıyev parlamentin keçmiş sədri Rəsul Quliyevə açıq məktub yazıb. Milli Qəhrəman bu müraciətin mətnini Modern.az-ın redaksiyasına da göndərib.

Modern.az Ş.Tağıyevin R.Quliyevə ünvanladığı açıq məktubu olduğu kimi təqdim edir.

- Hörmətli Rəsul bəy, Sizin Almaniyadakı çıxışınızı oxudum və çox məyus oldum. Siz çıxışınızda İctimai Palatannın üzvlərini “uşaq-muşaq” adlandırmısınız. Məncə bu heç bir etikaya sığmayan və bu insanların ünvanına ən böyük təhqirdir. Məgər İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Vidadi Mirkamal, Ərəstun Orucov və sairələri “uşaq-muşaq”dırlarmı? Sizin “uşaq-muşaq” adlandırdığınız o şəxslər müstəqil Azərbaycan dövlətinin qurulmasında böyük xidmətləri olub.
Rəsul bəy, uzun müddət Sizin sükutunuzdan sonra təhqiredici sözlərlə mübarizəyə qoşulmanız məncə heç Sizə yaraşan hərəkət deyil. Mənim fikrimcə, Sizin yaratdığınız “Müqavimət hərəkatı”na heç bir ehtiyac yox idi. Çünki mərhum Əbülfəz Elçibəy tərəfindən neçə il əvvəl yaradılmış belə bir hərəkat var. Sədri isə Mehriban Vəzirdir. Siz təşəbbüs göstərib bu hərəkatı yenidən bərpa etsəydiniz, daha təqdirəlayiq olardı.

Rəsul bəy çox xahiş edirəm ki, onsuz da tarix boyu parçalanmalara məruz qalan milləti, bir daha parçalamayasınız. Çıxışınızda xalqı “qorxaq və bədbaxt” adlandırmaqla çox böyük səhvə yol verdiniz. Azərbaycan xalqı nə qorxaqdır nə də bədbəxt. 1988-ci ili, 1990-cı ilin “20 yanvar” hadisəsini və çox şeyləri xatırlada bilərəm. Bu xalq çox təzyiqlərə məruz qalıb. Rəsul bəy, bunun da günahı yalnız və yalnız özümüzdədir. Bütün bunlardan sonra xalqa müraciət edirsiniz ki, adambaşı 5 manat yığsınlar. İnanın bunu eşidəndə çox heyrətə gəldim. Məgər özünü lider kimi qələmə verən şəxs belə gülünc müraciət edərmi?
Mətbuatdan oxudum ki, Azərbaycana gəlməyiniz baş tutmasa, prezident seçkilərində öz yerinizə Eldar Namazovun namizədliyini irəli sürməsini dəstəkləyirsiniz. Mənim Eldar bəyin savadına və ağlına heç bir şübhəm yoxdur və ona böyük hörmətim var, amma anlamadığım bir məqam var. Məhz niyə Eldar Namazov? İsa Qəmbər yox, Əli Kərimli yox və ya başqaları yox məhz Eldar Namazov?
Bu münasibət sizin Qərbi Azərbaycan klanının yaranmasına aparan bir başa yoldur. Buna sübut olaraq Əli İnsanovun yanına həbsxanaya seçkilərdə qərbi azərbaycanlılardan dəstək almaq üçün danışıqlara adam göndərməyinizdir. Rəsul bəy, məgər Heydər Əliyevi yenidən hakimiyyətə gətirənlərdən ən fəalı siz olmamısınızmı? Bunu da sübut edə bilərəm ki, hələ 1992-ci il aprelin 26-da Ali Sovetin yanında Siz başda olmaqla Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Babək Hüseynov və b. Heydər Əliyəvi yenidən hakimiyyətə gətirmək üçün mitinq təşkil edirdiniz. Bundan əlavə, 1995-ci ildə OMON hadisələrində başçılıq edənlərdən ən fəalı Siz olmusunuz. Rəsul bəy, mən hələ Kəlbəcərdə keçirilmiiş qış əməliyyatından danışmıram, Siz öz doğum gününüzdə Heydər Əliyevə hədiyyə etmək üçün Əli Ömərova Kəlbəcərin alınması barədə göstəriş vermişdiniz. Bunun nəticəsində 3000-dən artıq Azərbaycan əsgərini məhv etdirdiniz. Rəsul bəy, çox yazardım, amma düşünürəm ki, hələlik bu qədər kifayət edər.

Rəsul bəy, ümid edirəm mənim səmimiyyətlə yazdığım bu məktubumda, sizə qarşı qərəzli olmadığımı anladınız. Bu məktubu yazmaqda məqsədim, haqqı nahaqdan ayırmaq idi. Ümid edirəm, yazdıqlarımı soyuqqanlıqla oxuyub və nə demək istədiyimi başa düşərsiniz.

Hörmətlə
Azərbaycanın Millli Qəhrəmanı Şahin Tağıyev