BolgeXeber.Com » Siyasət » Milli Məclisin “itkin” deputatları

Milli Məclisin “itkin” deputatları

30-04-2012, 12:50
Oxunub: 4 969 IV çağırış parlamentin işə başlamasında 2 ilə yaxın zaman ötsə də, bəzi millət vəkillərindən hələ də xəbər yoxdur

2010-cu ildə seçilmiş IV çağırış Azərbaycan Milli Məclisin fəaliyyətə başlamasından 2 ilə yaxın zaman ötür. Bu müddət ərzində Azərbaycanda və dünyada ali qanunverici orqanın təmsilçilərinin, xalqın etimad göstərib özünə vəkil seçdiyi deputatların münasibət bildirməli olduğu mühüm hadisələr cərəyan edib. Etiraf etmək lazımdır ki, hakimiyyətin mühüm qollarından biri kimi həm Milli Məclis, həm də onun əksər deputatları bu proseslərə aktiv şəkildə mövqe açıqlayıb, millət vəkili kimi gərəkli münasibəti ortaya qoyublar.
Ancaq bu iki il müddətində ölkədə və dünyada heç nə baş vermirmiş kimi davranan, nə Milli Məclisin iclaslarında, nə də mətbuatda hər hansı məsələyə münasibəti bəlli olmayan deputatlar da olmamış deyil. Bu millət vəkilləri nəinki cəmiyyəti narahat edən məsələlərə münasibət bildirirlər, hətta lazımi məqamlarda Milli Məclisdə təmsil etdikləri hakim Yeni Azərbaycan Partiyası və ümumilikdə iqtidarı dəstəkləyən bəyanatlar, açıqlamalar belə vermirlər.
Qaynar.info şərti olaraq “itkin” deputatlar adı verdiyi bu parlament üzvlərini hissə-hissə oxuculara təqdim edəcək…

ARİF ƏŞRƏFOV

55 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisdə mandat qazanan Arif Əşrəfov ona bəslənən ümidləri doğrultmadı. Əslində, A.Əşrəfovun uzun müddət dövlət qulluğunda çalışması, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri kimi mühüm bir post tutması onun parlamentdə aktiv və nüfuzlu deputatlardan biri olacağına işarə vururdu. Ancaq demək olar ki, indi Arif Əşrəfov adlı millət vəkilinin varlığından onun yaxın ətrafından başqa kimsə xəbərdar deyil.
Əslində Arif Əşrəfovun deputat seçilməsi də çox ciddi qalmaqalla yadda qalmışdı. Ondan əvvəl 55 saylı Xaçmaz şəhər seçki dairəsini Milli Məclisdə təmsil etmiş Lalə Abbasova mətbuata açıqlamasında seçkidə Arif Əşrəfovun seçiləcəyinə inanmadığını qeyd etmişdi: “Xalq da məni istəyirdi. Ancaq Arif Əşrəfovun adamları Xaçmazda açıq-aydın danışırdılar ki, Arif Əşrəfov deputat keçəcək. Arif Əşrəfovun məndən çox səs toplaması mümkün deyil. Bundan başqa o şəxs əvvəllər Fərhad Əliyevin komandasında olub. Bu gün ona “stafka” edilməsini, doğrusu, anlaya bilmədim. Görünür, o gündən bu yana müəyyən vaxt keçib və bu insan da dəyişib. Dəyişdiyi üçün də ona “stafka” olunub”.
Qeyd edək ki, A.Əşrəfovun 2 illik deputatlıq fəaliyyəti ilə bağlı “Google” axtarış şəbəkəsində yuxarıda diqqətinizə təqdim etdiyimiz informasiyadan başqa demək olar ki, heç bir ciddi xəbər gözə çarpmır…

MALİK HƏSƏNOV

Milli Məclisdə artıq 2 ilə yaxındır ki, 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edən Malik Həsənovu hələki çox az adam deputat kimi tanıyır. Malik müəllim, Azərbaycan ictimaiyyətinə daha çox Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı və “Azinkoholdinq” Tikinti Şirkətinin sahibi kimi tanışdır.
Mandat daşıdığı bu müddətdə M.Həsənov da nə Milli Məclisdə, nə də mətbuatda hər hansı məsələyə münasibət bildirmək, deputat kimi ortaya mövqe qoymağa ehtiyac görməyib. Amma bununla belə mətbuat Malik Həsənova münasibətdə laqeyd qalmayıb. Deputatla bağlı dünyanın ən böyük axtarış şəbəkələrindən olan “Google”də verdiyimiz axtarış aşağıdakı nəticələri verdi:
“Malik Həsənov 65 ailəni necə aldatdı?”; “Malik Həsənovun sionistlərə növbəti xidməti”; “Malik Həsənov Cəlilabada ordu ilə gəlir”; “Kərəm Həsənovun qardaşı özbaşınalıq edir”…
//QayNar