BolgeXeber.Com » Siyasət » Əli Kərimli Almaniya rəsmisi ilə görüşdü

Əli Kərimli Almaniya rəsmisi ilə görüşdü

1-05-2012, 19:25
Oxunub: 4 266 AXCP sədri Əli Kərimli Almaniyanın koalisiya hökumətində təmsil olunan Azad Demokratlar Partiyasının sədr müavini, Bundestaqın üzvü xanım Bircit Homburgerlə görüşüb.

AXCP mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Almaniya münasibətləri, ölkəmizin Avropaya inteqrasiyası, ölkəmizdəki son ictimai-siyasi durum, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, azad mətbuata qarşı təzyiqlər, siyasi partiyaların fəaliyyəti, bir neçə gün öncə parlamentdə qəbul olunan siyasi partiyalar haqqında qanunun yaratdığı maneələr müzakirə olunub. Görüşdə Azərbaycan-Avropa Birliyi, Azərbaycan-Avropa Şurası arasındakı əlaqələr də müzakirə predmeti olub.

AXCP mətbuat xidməti Əli Kərimli ilə Bircit Homburgerin görüşündə Azərbaycan hakimiyyətinə yaxın mətbu orqanlarda Almaniya əleyhinə kampaniyanın da müzakirə olunduğunu bildirib. Tərəflər hakimiyyətin bu kampaniyasının Almaniya və Azərbaycan xalqları arasında problemlər yaratmayacağına əminliklərini vurğulayıblar.

AXCP sədri qonağın diqqətinə çatdırıb ki, Azərbaycan xalqı almaniyalı siyasilərin və medianın ölkəmizdə insan haqları və demokratiyanın inkişafına yaradılan maneələri diqqətdə saxlamasını, eləcə də ümumbəşəri dəyərlərə dəstəyini alqışlayır.

Bircit Homburger də bu kampaniyanın almaniyalı siyasilərin və azad mətbuatın Azərbaycanda demokratiyanın inkişafı üçün səylərinə əngəl ola bilməyəcəyini deyib.

Əlavə edək ki, Azad Demokratlar Partiyasının sədri Quido Vestervelle hazırda Almaniyanın xarici işlər naziridir.