BolgeXeber.Com » Siyasət » ATƏT missiyasinin rəhbəri: “Kimin seçilməsi bizi o qədər də maraqlandirmir”

ATƏT missiyasinin rəhbəri: “Kimin seçilməsi bizi o qədər də maraqlandirmir”

10-11-2010, 11:00
Oxunub: 5 741 Odri Qlover : Seçki prosesi ümumilikdə hələ bitməyib

ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyasına rəhbərlik edən səfir Odri Qlover “Azadlıq” radiosuna müsahibəsində 7 noyabr parlament seçkisini dəyərləndirib. O deyib: “Seçki məzmun baxımından demokratik tələblərə cavab vermədi. Namizədlərə kifayət qədər bərabər imkanlar yaradılmamışdı. Seçki günündə də pozuntular var idi”.
Səfir müşahidə missiyaları (ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti) arasındakı fikir ayrılıqlarına da münasibət bildirib: “Təbii ki, 4 qrup olanda vahid bir nəticəyə gəlmək çətindir. Amma məncə, hər birimiz öz fikrimizi ifadə edə, müəyyən məqamlarla bağlı birgə qərara gəldik. Fərq ilk növbədə vaxtla bağlı idi. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun missiyası uzun müddətdir ki, Azərbaycandadır. Digər missiyalar burada qısa müddətə olublar”.

Qlover deyib ki, seçki prosesi ümumilikdə hələ bitməyib: “Hələ də məlumatlar daxil olur və onlar təhlil olunur. Növbəti hesabatda bu məlumatlar özünə yer tapacaq. Bu seçkidə ötən seçkilərə nisbətən qutulara artıq bülletenlərin atılması barədə məlumatlar çoxluq təşkil edir. Aldığımız məlumatlara görə, bir çox dairələrdə hətta səslərin sayılması prosesində də qanun pozuntuları olub”.

Qlover deyib ki, onları seçkinin nəticələri deyil, necə keçirilməsi maraqlandırır: “Seçki olub. İnsanlar müxtəlif namizədlərə səs veriblər. Yəni seçki keçirilib. Biz bundan artıq bir söz deyə bilmərik. Bizim əsas məqsədimiz bu seçkinin fundamental tələblərə cavab verməsini nəzərdən keçirməkdir. Kimin seçilməsi bizi o qədər də maraqlandırmır. Bizi əsas maraqlandıran odur ki, bütün namizədlərə eyni imkanlar yaradıldımı və onlar öz platformalarını bərabər şəkildə çatdıra bildilərmi”.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 7-də səsvermə başa çatandan sonra bəyan edib ki, seçki demokratik, azad və ədalətli keçirilib. O deyib ki, səsvermə günü MSK-ya hansısa qeyri-adi, seçkinin nəticəsinə ciddi şəkildə təsir edə biləcək nöqsanlar barədə məlumat daxil olmayıb.