BolgeXeber.Com » Siyasət » İcra başçıları üçün təlaşlı gün gəlir

İcra başçıları üçün təlaşlı gün gəlir

6-07-2012, 14:55
Oxunub: 4 682 Gələn həftə prezident administrasiyasinda məxfi toplanti var

2013-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərilə bağlı YAP iqtidarının indidən hərəkətə keçməsi anlaşılandır. Çünki bir sıra əcnəbi ekspertlər də növbəti seçki ilində hakimiyyətin çox böyük sınaq mərhələsini adlamaq zorunda qaldığını söyləyirlər. Təbii ki, burada Qərbin artan təzyiqləri və eləcə də, rəsmi Bakının yaxın qonşuları olan Rusiya və İranla yaşadhığı problemlər ələlxüsus olaraq nəzərə alınıb.

Dia.az saytına hökumət içindəki mötəbər mənbələrdən ötürülən informasiyalardan da aydın olur ki, hakim partiya bu dəfə də seçki prosesini uğurla başa vura bilməsi üçün genişmiqyaslı və uzun müddətli tədbirlər planı hazırlayıb. Mənbənin söylədikləri: «Hər dəfə YAP seçkilərə bir il erkəndən hazırlaşır, hakimiyyətin opponenti hesab olunan müxalifət qüvvələri isə seçkilərə start verəndən sonra əl-ayağa düşürlər ki, bu da yekun nəticədə özünü təbii qaydada təzahür etdirir».

Mənbəmiz bildirir ki, yenə də böyük planlar cızılıb və hətta bu planların mahiyyətinə uyğun olaraq bir sıra rayonların rəhbərlərinə ciddi iapşırıqların verilməsi də nəzərdə tutulub: «Gələn həftə məhz 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar Prezident Administrasiyasında bütün rayonların icra başçılarının iştirakı ilə məxfi toplantı planlaşdırılır. Toplantının cəmiyyətdən gizlin saxlanılmasının əsas səbəbi alınacaq qərarların mahiyyətiylə birbaşa bağlıdır».

Məlumatlara görə, həmin toplantı zamanı hətta bir sıra rayonların icra başçılarının bu günə kimi göstərdiyi fəaliyyətləri də müzakirə oluna bilər: «Hətta ola bilsin ki, elə toplantı zamanı kimlərinsə əmri oxunsun. Çünki konkret olaraq iki rayonun icra başçısının məsələsinin ciddi şəkildə müzakirəsi gözlənilir və bunu digər icra başçılarının yanında ona görə etmək istəyirlər ki, digərləri «gözü çıxan qardaşlarından» həm də dərs almış olsunlar».