BolgeXeber.Com » Siyasət » Deputatlığa namizəd həbs oluna bilər

Deputatlığa namizəd həbs oluna bilər

23-11-2010, 00:40
Oxunub: 6 129
Qorxmaz İbrahimlinin həbsi istənilir

Nəsimi rayon məhkəməsində Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovun Qarabağ Seçki Blokunun 10 saylı Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini, Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Q. İbrahimlinin seçki qərargahından “Bolgexeber”-ə daxil olan məlumatda bildirilir ki, məhkəmə xüsusi araşdırma aparmadan şikayəti haqlı sayıb və baxılması üçün Yasamal rayon məhkəməsinə göndərib.

Bələdiyyə sədrinin şikayətinə səbəb “Bizim yol” qəzetinin 4 noyabr 2010-cu il tarixli sayında dərc edilmiş “Daşlaşmış “feodallar” tarixin arxivinə gedəcək” adlı məqalədəki aşağıdakı abzasdır: “Bələdiyyə və icra strukturları dövlətin vəsaitini bu insanın təblığatına yönəldərək harasa yol çəkir, hardasa su borusu təmir etdirir, kiminsə evinin üstünü qırladır, kimlərəsə pul, paltar və ərzaq paylayır. Hektarlarla torpaq satışından harınlamış Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bu gün insan “alqı-satqı”sı ilə məşğul olur. Səlahiyyət həddini aşaraq, yığdığı sərvət ilə dövlət qurumlarındakı insanları satın və hazırkı deputatın muzdlu əsgərinə çevrilir. Biz bu özbaşınalıqlara son qoyacaq, habelə dövlət vəsaiti hesabına kimlərinsə “insanpərvər” görüntü yaratma tendensiyalarını aradan qaldıracağıq. İnsanların suyu, qazı kəsilib, pulla satılmayacaq, işıqları kiminsə kefi istəyəndə kəsilməyəcək, evləri başlarına yıxılmayacaq, dövlətin ayırdığı maliyyə vəsaiti o “quldurların” cibinə deyil, vətəndaşlarımıza çatacaq, yol-iz çəkmək adı altında kosmetik dəyişikliklərlə seçicilərimiz aldanılmayacaq”. Bələdiyyə sədri iddia edir ki, bu məqalə deputatlığa namizəd Qorxmaz İbrahimlidən alınıb. Guya yazıda bələdiyyə sədrinə böhtan atılıb.

Seçki qərargahı bəyan edib ki, bu yazı jurnalistin məhsuludur və Qorxmaz İbrahimlidən alınmayıb: “Görünür bu adamlar yazını özləri yazıb müxbirlərə o qədər satıblar ki, hamının belə etdiyini düşünürlər. Yazıdakı fikirlərə gəldikdə isə, bu sözlər seçicilərə görüşlərdə, mətbuata müsahibələrdə dəfələrlə səsləndirilib. Yəni istənilən jurnalist bu fikirləri yaymaqda azaddır. Deyəsən mətbuat azadlığı bəzi çevrələrdə hələ də dərk edilmir. Bu tezislər konkret faktlara söykənir və havadan götürülməyib. Məhkəmə qərarında göstərilir ki, seçki təbil]atı başlanan andan – yəni oktyabrın 15-dən yazı dərc olunan günə qədər, yəni 4 oktyabra qədər İ.Xəlilov Fransada xidməti ezamiyyətdə olub. Qorxmaz İbrahimli Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edənə qədər deputatlığa namizəd kimi toxunulmazlıq statusuna sahibdir və o heç bir halda həbs edilə bilməz”.