BolgeXeber.Com » Siyasət » 2013-cü il Prezident seçkiləri ilə bağlı memorandum

2013-cü il Prezident seçkiləri ilə bağlı memorandum

6-09-2012, 17:30
Oxunub: 3 907
[justify]Son dövrdə 2013 - cü il prezident seçkilərində İctimai Palatanın iştirakı məsələləri KİV- də və sosial şəbəkələrdə intensiv müzakirə olunur. İP məqsəd və fəaliyyətində rəhbər tutduğu demokratik dəyər və prinsiplərə uyğun olaraq cəmiyyət həyatı üçün mühüm sayılan məsələlərin ictimai müzakirəsini faydalı hesab edir, öz siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində bu müzakirələrdə ifadə edilən rəyləri nəzərə alır.
Eyni zamanda xeyli dərəcədə İP- in 2013 - cü il prezident seçkiləri ilə bağlı siyasəti haqqında məlumatsızlığın nəticəsi olaraq müzakirələrdə yanlış fikir və mülahizələrin yer aldığı da müşahidə olunur. Bu da öz növbəsində həm İP daxili, İP ətrafı çevrələrdə təbii olan sualların, qeyri – müəyyənliklərin yaranmasına səbəb olur. Bir sıra hallarda isə İP-in və demokratik düşərgənin opponentləri və əleyhdarları bu cür qeyri müəyyənliklərdən istifadə etməyə, onu süni surətdə dərinləşdirməyə və şişirtməyə çalışırlar.
Yuxarıda göstərilən məsələ ətrafında ictimai marağı nəzərə alaraq İP Koordinasiya Şurası mövzu ilə bağlı aşağıdakıları açıqlamağı məqsədəuyğun sayır:

1. İP- in 2013- cü il prezident seçkilərində iştirakı məsələsinə böyük ictimai maraq Azərbaycanda gedən ictimai - siyasi proseslərdə İP- təsiri və rolunun mühümlüyünün nümayişi və göstəricisidir, habelə İP - in avtoritarizmə qarşı müqavimətin əsas qütbü olması, demokratik düşərgənin əsas mütəşəkkil güc mərkəzi, mövcud hakimiyyətə münasibətdə əsas siyasi alternativ kimi qəbul edilməsinin təsdiqidir. Yaxın dövrdə heç bir mühüm məsələnin, o cümlədən 2013- cü il prezident seçkiləri ilə bağlı məsələlərin İP- in mövqeyi və iştirakı nəzərə alınmadan həll edilməsi mümkün deyildir.

2. Nəzərə alınmalıdır ki, İP bu və ya digər seçki kompaniyasına hesablanmış seçki ittifaqı, seçki koalisiyası deyil. İP müasir şəraitdə Azərbaycan demokratik qüvvələrinin (siyasi müxaliət, müstəqil media, vətəndaş cəmiyyəti xadimlərinin, mütərəqqi ziyalıların, gənclik hərəkatı liderlərinin,) demokratiya uğrunda birlik və təşkilatlanma modeli olub , köklü demokratik dəyişikliklərə, rejim dəyişikliyinə nail olmaq məqsədi daşıyan vətəndaş hərəkatıdır. Odur ki, İP- in mövcudluğunu 2013- cü il prezident seçkilərində iştirakın taktiki məsələləri ilə, o cümlədən həmin seçkilərdə hansı namizəd və ya namizədlərin iştirakı və onların müdafiəsi ilə əlaqələndirilməsi yanlış və əsassızdır. İP üzvləri, üzvləri İP – də təmsil olunan təşkilatların mütləq əksəriyyəti, o cümlədən azərbaycan siyasi müxalifətinin aparıcı siyasi partiyaları olan AXCP və Müsavat ölkədə köklü demokratik dəyişikliklərə və rejim dəyişikliyinə nail olana qədər İP - in mövcudluğunun saxlanılmasının zəruriliyi və İP daxili əməkdaşlığın prioritetliyi mövqeyində durduqlarını ifadə edirlər.

3. Xatırladılır ki, İP yarandığı dövrdə öz qarşısına əsas konkret siyasi hədəf kimi prezident seçkilərinə qədər növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağı qoymuşdu və bu mövqe indi də öz qüvvəsində qalır. İP dünyada gedən geosiyasi proseslərin dinamikasını və daxili sosial – siyasi münasibətlər vəziyyətinə diqqət cəlb edərək 2013- cü il prezident seçkilərinə qədərki dövrdə ölkədə əhəmiyyətli dəyişikliklərin baş verməsi ehtimalını və mümkünlüyünü kifayət qədər real sayır, öz fəaliyyətini, o cümlədən 2013- cü il il prezident seçkilərinə münasibətdə bu reallıqdan çıxış edərək müəyyənləşdirir. 2013- cü il prezident seçkilərinə münasibətdə bugünkü mövqelərin situativ olması, seçkiyə qədərki bütün mərhələlərdə bu mövqeyə korrektə və dəyişikliklər edilməsi, son mövqeyin yalnız seçki ərəfəsində qəti şəkildə formalaşdırılması məqsədəuyğun sayılır.

4. İP 2013 - cü il prezident seçkilərini və içində olduğumuz siyasi prosesin ən mühüm hadisələrindən biri hesab edir və fəaliyyətini qurarkən bu hadisəni əsas hədəflərdən biri kimi nəzərdə tutur. İP hesab edir ki, 2013- cü il prezident seçkiləri ölkənin avtoritarizmdən demokratiyaya keçid məsələsində azərbaycan cəmiyyəti üçün ən əlverişli şanslardan biridir və bu şansdan demokratikləşmə üçün maksimum istifadə olunmalıdır. Prezident seçkiləri ilə bağlı demokratik seçki mühitinin yaradılması, bunun üçün zəruri olan və İP-in Demokratiyaya Keçidin Yol Xəritəsində irəli sürdüyü siyasi, hüquqi və sosial islahatların reallaşması demokratiyaya keçid üçün həlledici rol oynaya bilər.

5. İP diqqətə çatdırır ki, 2013- cü il seçkiləri ilə bağlı olaraq bu memoranduma qədərki dövrdə artıq bir dəfə rəsmi açıqlama ilə çıxış etmişdi. Cəmiyyətdə İctimai Palatanın 2013- cü il seçkilərində vahid namizədi mövzusunda gedən diskussiyalara aydınlıq gətirilərək bildirilmişdi ki, hazırda İP - də 2013- cü il prezident seçkilərində İP- in vahid namizədi məsələsi gündəmdə deyildir, müzakirə olunmur. Eyni zamanda qeyd olunmuşdu ki, İP 2013 – cü il prezident seçkilərində geniş demokratik çevrənin birgə iştirakı faydalı və arzuediləndir.
Bu mövqe bir daha təsdiq olunaraq göstərilir ki, hazırda İP daxili rəydə və ictimai rəydə demokratik çevrənin namizədləri kimi Müsavat partiyası başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin adlarının önə çıxması reallığı vardır. Lakin eyni zamanda üçüncü namizəd ideyasını görməzlikdən gəlinə bilməz.

6.İP hazırkı mərhələdə seçkilərdə namizəd kimi iştirak barədə bəyanları və qərarları təbii hesab edir və bu cür hərəkətləri İP- in mövqelərinə zidd saymır. Bu tipli bəyan və qərarlara hörmətlə yanaşaraq İP indiki mərhələdə bunları “namizədliyə namizədlik” haqqında bəyan və qərarlar kimi qəbul olunmasını məqbul sayır. İP seçkiyə qədərki ağlabatan ən son müddətə qədər bu məsələləri digər demokratik qüvvələr və ilk növbədə Ziyalılar Forumu ilə birlikdə dəyərləndirməkdə davam edəcəkdir.

Yuxarıdakıları qeyd edərək İctimai Palata hazırkı dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi , demokratik seçki mühitinin formalaşdırılması və bu məqsədə nail olmaq üçün ölkənin demokratik qüvvələrinin ən geniş çevrəsinin birliyinə nail olmağı özünün ən mühüm prioriteti olduğunu, İP-nın seçki straregiyası və seçki platforması üzərində aparılan işin başa çatdırılmasını zəruri saydığını bəyan edir.
İP ictimaiyyəti 2013- cü il prezident seçkiləri bağlı mövqe və qərarları barədə müntəzəm olaraq məlumatlandırmaqda davam edəcəkdir.
[/justify]