BolgeXeber.Com » Siyasət » Abutalıbov iş adamına məhkəmədə qalib gəldi

Abutalıbov iş adamına məhkəmədə qalib gəldi

7-09-2012, 11:20
Oxunub: 4 186
[justify]1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə ötən gün iş adamı Maqsud Mahmudovun Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbova qarşı iddiasına baxış keçirildi.
Prosesdə artıq qətnamə elan olunub. Məhkəmə başlayandan sonra hakim iddiaçı tərəfin vəkilinin məhkəməyə müraciət edərək prosesin təxirə salınmasını xahiş etdiyini dedi. Iddiaçı M.Mahmudov buna etiraz etdi: “Vəkilə nə ehtiyac var? O burada gəlib nə deyəcəkdisə, bunları özüm deyəcəyəm. Bilirəm ki, bu işin ədalətli həlli sizin gücünüzdə deyil”.
- Maqsud müəllim, bura bazar deyil!
- Mən burada, bu məhkəmədə sizdən əvvəl bazar görmüşəm. Siz mənim vəkilimin burada olmasını istəyirsiz, ancaq onun proses zamanı verdiyi 5-6 vəsatətə baxmadız. Indi o, burada nə gəlib danışsa, guya dediklərinə baxacaqsız?
Hakim:
- Belə başa düşdüm ki, sizin çıxışınız yoxdur.
M.Mahmudov:
- Var, özüm çıxış edəcəyəm.
- Çıxış odur ki, siz məhkəmə boyu təqdim etdiyiniz sübut-dəlillərə bir də ümumiləşdirmə verməyinizdir. Artıq sözlərə ehtiyac yoxdur.
- Siz çox gözəl bilirsiniz ki, bu işin hökmü burada yox, başqa yerlərdə verilib. Mən özüm ticarət adamıyam. Amma valideynlərim tanınmış adamlar olublar, rəhmətlik anam sovet dövründə 2 dəfə deputat olub. Mən burada sizlərə həmin ofisdə təmiri apardığımı təsdiqləyən fotolar təqdim etdim, usta və fəhlələr gəlib ifadələrini verib dediklərimi təsdiqlədilər. Axı mən orada təmir apardığımı sizə başqa yolla necə sübut edə bilərəm? Sizdən aslılığım, çəkinəcəyim bir şey də yoxdur. Burada, bu məhkəmədə mən çox alverçi hakimlər gördüm. Sağ olun ki, heç olmasa siz burada 5-6 proses keçirdiniz. Mən bu məhkəmənin sədri ilə də üz-üzə söhbət etmişəm. Bircə siz ədab-ərkanla prosesə gəlib hakimlik etdiniz. Mən belə olacağını gözləmirdim. Onu da bilirəm ki, siz cavansız, yuxarıda əyləşən akulalarla üz-üzə gələ bilməzsiz. Çünki mən sizin sədrlə söhbət edəndə mənim düzgün olduğumun üstündən xətt çəkildiyini, ortaya bazar tariflərinin gəldiyini gördüm. Mən kiminlə vuruşduğumun fərqindəyəm. Mən bu işdə sona kimi gedib sübut edəcəyəm ki, adamların vəzifələri də olmasa, balaca adamlar da qalib gələ bilirlər. Sizdən əvvəl hakim Şərafət xanım özünü bazar adamı kimi...
- Başqa hakimin adını çəkməyin bu işə nə aidiyyəti var? Təqdim etdiyiniz sübutlardan danışın.
- Mən bura ustaları çağırdım, mal-materiala nə qədər pul xərclədiyimi, özlərinin nə qədər əl haqqı aldıqlarını dedilər. Ona baxdınız? Niyə gedib ofisə baxış keçirmədiz? Siz buna göz yumacaqdınızsa, bu konsert, bu teatr nəyə lazım idi? Elə əvvəlcədən verilən hökmü oxuyaydız, mən də apelyasiya şikayətimi verərdim. Ələsgər də, siz də bilirsiniz ki, mən düz deyirəm. Mən hüquqi məsələləri bilmirəm, ancaq ora xərc çəkmişəm. Mən gərək o vaxt yazardım ki, kimə nə qədər pul vermişəm. Kimsə məndən pul alırsa, iş görürsə, mən onu notariusa aparmalıydım? Başa düşürəm ki, hər biriniz ürəyinizdə mənim düz olduğumu bilirsiz. Bilirəm ki, Museyib müəllim qarşınıza qoyub ki, bu məsələ belə olmalıdır. Sizdən incimirəm, çünki bu məhkəmədə alverçi olmayan hakim kimi sizi gördüm. Çünki siz yeganə hakimsiz ki, məni dəvət edib bazar açmadız. O biriləri isə hər biri çağırıb qiymət oxuyublar, mən də qiymətdə onlarla razılaşmamışam.
Iddiaçının nitqi boyu hakim başını qaldırıb onun üzünə baxmadı. Elə həmin vəziyyətdə də sözü qarşı tərəfin vəkili Ələsgər Məmmədova verdi. O, ofisdə təmir aparılması haqda sənədlərin olmadığını, smeta sənədlərinin məhkəməyə təqdim edilmədiyini söylədi. Iddianın təmin olunmamasını istədi. M.Mahmudov isə vəkili özünü yormamağa çağırdı: “Bu məsələ əvvəldən Hacıbala Abutalıbovun kabinetində həll olunub. Hökmlərini oxusunlar, nə sizi, nə də bizi yorsunlar. Haqqımı sona kimi tələb edəcəyəm”.
Bundan sonra hakim müşavirə otağını yollandı. Geri dönəndən sonra isə iddianın təmin olunmadığını elan etdi. M.Mahmudov isə məhkəmə zalını tərk edən hakimə “gördünüz ki, mən düz deyirdim, bura bazardır. Siz verilən sifarişdən kənar çıxa bilməzdiniz”. Hakim M.Mahmudovun bu sözlərini susqunluqla qarşılayıb zaldan çıxdı.
Prosesdən sonra M.Mahmudov çıxarılan qətnamə ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini söylədi.
[/justify]