BolgeXeber.Com » Siyasət » Qalmaqallı filmdən kim nə qazandı?

Qalmaqallı filmdən kim nə qazandı?

20-09-2012, 17:00
Oxunub: 4 364 Vəfa Quluzadə: “Prosesdə uduşlu görünən Rusiya, Çin və İrandır”

ABŞ-da lentə alınan və bütün dünyada müsəlmanların qəzəbinə səbəb olan “Müsəlmanların günahsızlığı” filmi ilə bağlı qalmaqal davam edir. Müsəlman ölkələrindən sonra filmə etirazlar Avropaya da yayılıb.

Qalmaqallı filmə görə Liviyada, Livanda, Misirdə, Əfqanıstanda, Yəməndə baş verən aksiyalarda insanlar öldürülüb, Liviyada isə 4 amerikalı diplomat qətlə yetirilib. Bir sıra müşahidəçilər qalmaqalı filmin yalnız indi ortaya çıxmasını və böyük etirazlara səbəb olmasını təxribat hesab edir. Bəzi iddialara görə, maraqlı qüvvələr ABŞ-ın müsəlman dünyasındakı mövqelərini zəiflətmək, Obamaya seçkilərdə problem yaratmaq, eləcə də mədəniyyətlərarası düşmənçiliyi daha da dərinləşdirmək məqsədi güdür. Belə olan halda ortaya sual çıxır: bu qarışıqlıq kimə sərf edir?
Sabiq dövlət müşaviri, şərqşünas Vəfa Quluzadə qalmaqalı filmin ortaya çıxması ilə başlayan proseslərin Amerika dövlətinin ziyanına olduğunu, eyni zamanda İran, Rusiya və Çin kimi ölkələrin maraqlarına cavab verdiyini düşünür. Politoloq İslam əleyhinə filmin sifarişçisinin İsrail olması ilə bağlı iddiaları ciddi qəbul etmir: “Bu prosesdə uduşlu görünən Rusiya, Çin və İrandır. Doğrudur, Çin bir qayda olaraq bu kimi kampaniyalara qatılmır. Amma Rusiya bu cür vəziyyətlərdə ciddi təbliğat aparır. İndi bir çox Rusiya KİV-lərində bu hadisəni İsrailin əməli, "Mossad"ın təşkil etdiyi təxribat kimi qiymətləndirirlər. Obama İrana zərbə endirmir, eləcə də ərəblərlə normal münasibətlər qurur və sair. Əksinə, İsrailə münasibətlər soyuyur. Bu, Rusiya mediasının və təhlilçilərinin fikridir, mən bu barədə öz rəyimi söyləyə bilmərəm".

Sabiq dövlət müşaviri filmlə başlayan qalmaqalın ABŞ-da qarşıdan gələn seçkilərdə hazırkı prezidentin mövqelərini zəiflətdiyini düşünür. Ümumilikdə ekspert bu prosesi bütövlükdə yaxşı qurulmuş təxribat hesab edir: “Mən açığı filmin kimin sifarişi ilə çəkildiyi barədə dəqiq bir fikir söyləyə bilmərəm, çünki proseslərin içində deyiləm. Amma bir şey aydındır ki, bu gün dünyanın ən əhəmiyyətli hadisəsi Amerikada qarşıdan gələn prezident seçkiləridir. Hazırda ABŞ-da gərgin seçki mübarizəsi gedir: Romni, yoxsa Obama? Həqiqətən də bu gün İsrail Obamadan narazıdır, eləcə də bütün ərəb aləmində olan əməliyyatlar Obamanın nüfuzunu ciddi surətdə aşağı saldı. Seçkilərdə necə olacağını deyə bilmərəm, amma bu hadisələrə qədər Obama reytinqdə öndə idi. Bu, Amerikada seçkilərə hesablanmış təxribat ola bilər. Film çoxdan çəkilib, ancaq bu günlərdə ərəb dilinə tərcümə olunaraq, montaj zamanı ona anti-İslam və Peyğəmbəri təhqir edən elementlər artırılır. Bundan sonra da ərəbdilli şəbəkələrdə yayılıb. Bütün bunlar bu işin planlaşdırıldığını göstərir. Ərəb inqilablarını gözdən salmağa hesablanması ilə bağlı deyilənlərdə də müəyyən həqiqət yükü var".