BolgeXeber.Com » Siyasət » Müxalifət İctimai Palata yaratdı

Müxalifət İctimai Palata yaratdı

28-12-2010, 22:55
Oxunub: 5 603

Hakimiyyətə qarşı mübarizənin yeni mərhələsi başladı

Bu gün Müsavat Partiyasının qərargahında 7 noyabr seçkilərində saxtakarlığa məruz qalmış namizədlərin 3-cü toplantısı keçirilib. Bolgexeber-in məlumatına görə, yığıncaqda AXCP-Müsavat blokundan olan namizədlərlə yanaşı müstəqil namizədlər, hüquqşünaslar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Əməkdaşımızın verdiyi xəbərə görə, toplantıya Müsavat başqanı İsa Qəmbər sədrlik edib. AXCP sədri Əli Kərimli və başqa liderlər çıxış edərək seçkidə saxtakarlığa məruz qalaraq deputat mandatı almaqdan məhrum edilmiş şəxslərdən ibarət İctimai Palatanın yaradılmasının vacibliyini qeyd ediblər.

İctimai Palatanın yaradılması haqqında bəyannaməni dəstəkləyən müxalifət partiyaları vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirak haqqında Konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına nail olmağı bəyan edib. İctimai Palatanın yaradılması barədə bəyannaməni Müsavat, Milli İstiqlal, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Xalq və digər partiyalar imzalayıblar.

Partiyaların rəhbərləri tədbirdə bildiriblər ki, İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirməyi zəruri saydığı məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədi ilə demokratiya uğrunda vətəndaş hərəkatının təminidir.

İctimai Palatanın yaradılması haqqında 1 saylı protokolda qeyd olunub ki, İctimai Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metodları məqbuldur. İctimai Palatanın yaradılması hakimiyyətlərin səlahiyyətlərinin həyata keçirilməsi və mənimsənilməsi kimi başa düşülə bilməz.

Koordinasiya Şurasına 9 nəfər üzv seçilib. Koordinasiya Şurasının üzvlərinin bir qismi partiya nümayəndələrindən, bir qismi isə QHT nümayəndələrindən seçilib. Şuraya İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn, Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal və Hacı İlqar İbrahimoğlu daxil edilib.