BolgeXeber.Com » Siyasət » Bu il istehsalatda 31 bədbəxt hadisə olub - 10 nəfər ölüb, 24 nəfər xəsarət alıb

Bu il istehsalatda 31 bədbəxt hadisə olub - 10 nəfər ölüb, 24 nəfər xəsarət alıb

27-04-2017, 12:08
Oxunub: 3 541 Bu il istehsalatda 31 bədbəxt hadisə olub - 10 nəfər ölüb, 24 nəfər xəsarət alıb8 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib

Modern.az xəbər verir ki, tədbirdə nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, BƏT-in statistikasına əsasən, hər il dünyada istehsalat qəzalarının təxminən 2,34 milyon nəfər insanın həlak olmasına, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına, digər tərəfdən, bu qəzaların dünya üzrə ÜDM-in 4%-nin, yaxud 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olduğunu nəzərə aldıqda, əməyin təhlükəsizliyi məsələsinin vacibliyi bir daha aydın olur.


Azərbaycanın Əmək Məcəlləsinin 207-239-cu maddələrinin əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə aid olduğunu diqqətə çatdıran F.Əlizadə qeyd edib ki, Məcəllənin bu maddələrinə uyğun olaraq, texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxsaylı qanunvericilik aktları da qəbul edilib.

O bildirib ki, cari ilin ilk rübündə də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb ki, həmin bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.

“Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin idarə olunması məsələsinə xüsusi diqqət yetirməlidir”.

Əməyin mühafizəsi sahəsində işəgötürənlərin, habelə işçilərin vəzifələri barədə məlumat verən F.Əlizadə bildirib ki, qabaqcıl dünya təcrübəsinə əsasən, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bərabər, əməyin səmərəliliyinin artırılmasında, keyfiyyətli məhsul istehsalında da vacib şərtlərdən biri kimi qəbul olunub: “Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələrinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi təmin olunmalıdır. MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idaretmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir”.

Xidmət rəisi işəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə bağlı görülməsi zəruri olan digər tədbirləri də diqqətə çatdırıb: “İşəgötürənlər zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin qadağan olunması, bütün peşə və vəzifələr üzrə vəzifə və texniki təhülıkəsizlik qaydaları barədə təlimatların hazırlanması və işçilərin tanış edilməsi, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət şəraitinin yaradılması tədbirlərinin görülməsini təmin etməlidirlər. Onlar eyni zamanda yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlanmazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən nəzarət-buraxılış verilməsi və onun icrasına daimi nəzarət edilməsi, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, mütəmadi olaraq işçilərin bununla bağlı biliklərinin yoxlanması, istehsalatda bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçilməsi, işçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsindən icbari sığorta edilməsi, iş yerlərinin texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi nişanları ilə təchiz olunması, işçilərin xüsusi iş geyimləri və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına xüsusi nəzarət edilməsi və s. kimi zəruri tədbirləri görməlidirlər”.

Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində həmkarlar təşkilatları tərəfindən görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.