BolgeXeber.Com » Siyasət » İsa Qəmbərdən yeni qanuna sərt təpki

İsa Qəmbərdən yeni qanuna sərt təpki

16-11-2012, 14:05
Oxunub: 5 829 İsa Qəmbər “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərdən danışdı

Siyasi liderlər “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərdə məcburi üzvlüyə cəlbetmə və üzvlükdə məcburi saxlamağa görə yüksək cərimə cəzalarının və hətta iki ilə qədər həbs cəzasının nəzərdə tutulması ilə bağlı Turan-a şərhlər veriblər.
Müsavat Partiyasının başqanı İsa Qəmbər iqtidarın son vaxtlar insan azadlıqlarını məhdudlaşdırma istiqamətlərində atdığı addımlara diqqət çəkib. Amma bu addımların məntiqinin aydın olmadığını söyləyib. Müsavat lideri kiminsə hansı partiyaya zorla üzv edilməsi və ya zor gücünə partiyada saxlanması haqda şikayət eşitmədiyini deyib.

Yeni Azərbaycan Partiyasına məcburi üzv yazdırma hallarının olduğunu deyən İ.Qəmbər hətta bununla da bağlı bir şikayətin olmadığını qeyd edib. “Bu addımın zəruruliyi aydın deyil, ölkədə demokratik dəyişiklikllər baş versə, partiyalar arasında ancaq YAP belə problem yaşayacaq”, - Müsavat başqanı gözlənilən dəyişikliyə münasibətini ifadə edib. Bununla belə, İ.Qəmbər bu müddəanın hansı mahiyyət daşıyacağının aydın olmadığını bir daha nəzərə çatdırıb.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələyə orijinal yanaşma sərgiləyib. ADP sədri neft gəlirlərinin azaldığını, büdcədə kəsirin yarandığını deyərək tək bu sahədə yox, bir çox istiqamətlərdə iqtidarın cərimələri artırmaqla büdcəni vətəndaşların hesabına doldurmaq istəyi kimi dəyərləndirib. Digər tərəfdən ADP sədri iqtidarın bu addımını siyasi azadlıqları məhdudlaşdırmaq, vətəndaşda siyasi fəallığa daxili senzura yaratmaq cəhdi kimi dəyərləndirib.

“Amma bu, bizlərə sərf edir, qanun işlədiyi halda YAP ölkənin ən az üzvə malik partiyaları sırasında duracaq”, - o, iqtidara hakim partiyanın taleyi haqda xəbərdarlıq edib.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər qanuna nəzərdə tutulan dəyişikliyi iqtidarın cəmiyyətə siyasi basqılarının davamı kimi dəyərləndirib. O, bundan sonra iqtidarın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təsiri altında olan şəxsləri partiyalara üzv olmağa göndərəcəyini bildirib. Bir müddət sonra isə bu şəxslərin hüquq-mühafizə orqanlarına partiyaya zorla üzv edildikləri haqda ərizələrinin üzə çıxacağını söyləyib. Daha sonra hüquq və məhkəmə sisteminin nəzərdə tutulan siyasi quruma təzyiqlərinin başlayacağını nəzərə çatdırıb. “Mən bilmirəm, bu təcrübə dünyada var ya yox, ya bu da analoqu olmayan Azərbaycan reallığıdır?”, - S.Əkbər vurğulayıb.