BolgeXeber.Com » Siyasət » “Ermənistan rəhbərliyi xalqını aldatmaqla məşğuldur

“Ermənistan rəhbərliyi xalqını aldatmaqla məşğuldur

19-11-2012, 12:55
Oxunub: 3 936 Elman Abdullayev: “Vasitəçi dövlətlər rəsmi İrəvanı tənbeh etməlidir”

“İşğal olunmuş Azərbaycan ərazilərinə Ermənistan prezidentinin səfəri və təcavüzdə saxladıqları ərazilərimizdə keçirilən hərbi təlimlərin bir hissəsi olması bir daha onu göstərir ki, Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı işğalı nəinki davam etdirir, hətta beynəlxalq qanunvericiliyi kobud şəkildə pozmaqda da davam edirlər”.

Bunu AzNews.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan silahlı qüvvələrinin dövlət başçısının müşayiətilə Azərbaycan ərazilərində keçirdikləri hərbi təlimlərlə bağlı sualı cavablandırarkən deyib. XXI əsrdə zor gücü ilə sərhədləri dəyişməyin mümkün olmadığını deyən XİN rəsmisi bildirib ki, erməni prezident xalqını aldadır: “Rəsmi İrəvan özü də çox yaxşı bilir ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal olunmuş ərazilərimizdə suveren hüquqlarına nail olacaq, qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıdacaq.

Ermənistan rəhbərliyi özünü və xalqını aldatmaqla məşğuldur. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək, hansısa şəxslərin səfərini təşkil etmək, orada hərbi təlimlər keçirmək rəsmi Ermənistanın beynəlxalq hüququn tapdanması siyasətini davam etdirilməsi deməkdir. Bu beynəlxalq qanunvericiliyə bir hayqırıdır, həqarətdir”.
E.Abdullayev qeyd edib ki, həmsədr ölkələr buna konkret şəkildə reaksiya verməlidirlər.

Onun sözlərinə görə həmsədr ölkələr tərəfindən buna reaksiya verilməməsi onların fəaliyyətinin nəticəyə hesablanmadığını göstərir: “Onlar bu reaksiyanı verməkdə tərəddüd etməməlidirlər. Vasitəçi dövlətlər bu cür məsələlərdə rəsmi İrəvanı tənbeh etməli, təpki göstərməlidirlər. Çünki bu cür təxribat xarakterli səfərlər, addımlar reaksiyasız qala bilməz. Azərbaycana gəlincə, rəsmi Bakı həmişə buna qarşı sərt mövqe ortaya qoyur və bundan sonra da atılan hər bir addım eyni cür qarşılanacaq”.