BolgeXeber.Com » Siyasət » Əhəd Abıyevə qarşı mətbuat konfransı

Əhəd Abıyevə qarşı mətbuat konfransı

21-11-2012, 13:35
Oxunub: 3 718 Eleonora Cəbrayılova mətbuat konfransı keçirib.

Çərşənbə günü Bakı sakini Eleonora Cəbrayılova Daşkəsən rayon icra başçısı Əhəd Abıyevdən sövdələşmə əsasında razılaşdıqları pulu ala bilmədiyinə görə RATİ-də mətbuat konfransı keçirib.

E.Cəbrayılova ibtidai sinif müəlliməsidir, 4 saylı Balaxanı qəsəbə məktəbində çalışır. 2011-ci ilin oktyabrında maddi durumunun çətinliyilə bağlı böyrəyini satmaq barədə elan verir. 2011-ci il noyabrın əvvəllərində bununla bağlı telefon zəngi alır. “Neftçilər” xəstəxanasının önündə Daşkəsən rayon icra başçısı Əhəd Abıyevlə görüşür. Ə.Abıyev böyrəyin qardaşı Səməd Abıyevə lazım olduğunu bildirir. Daha sonra qiymət barədə şifahi sövdələşmə əsasında E.Cəbrayılova böyrəyinin 50 min manata satılmasına razılaşır. E.Cəbrayılova həkim müayinəsindən keçərək böyrəyinin sağlam olması haqda həkim rəyi alır.

Daha sonra Ə.Abıyev E.Cəbrayılovanı bir dəfə də görüşə çağırır, qardaşı üçün böyrək köçürmək əməliyyatının İranda aparılacağını deyir. Həm də xatırladır ki, Iranda qohum olmayan şəxslər üçün transplantasiya əməliyyatı aparılmır. Ona görə E.Cəbrayılova Səbayel rayonundakı 41 saylı notariat kontorda böyrəyini verəcəyi S.Abıyevlə qohum olduğu, böyrəyini könüllü verdiyi haqda saxta sənədə imza atır.

S.Abıyevin əməliiyatı 2011-ci il noyabrın 21-də Tehrandakı “Nikan” xəstəxanasında aparılır, 5 gün xəstəxanada yatandan sonra qadın Bakıya dönür.

Ə.Abıyev E.Cəbrayılovanı aerportda qarşlayır, evinə yola salır, qadına çatası pulu 2012-ci ilin martında verəcəyini vəd edir. Amma sonra pulu verməkdən boyun qaçırır. E.Cəbrayılovanın sözlərinə görə, Ə.Abıyevlə son dəfə bu ilin mayında danışıblar. İcra başçısı qadına 41 saylı notariat kontorda böyrəyini könüllü verməsi haqda imzaladığı sənədi xatırladıb və pulu verməyəcəyini söyləyib, hətta qadına hara istəyirsə şikayət etməsini “məsləhət” edib.

E.Cəbrayılova bundan sonra bütün dövlət instansiyalarına müraciət etsə də cavab almayıb, ölkə prokurorluğunda isə müstəntiq xanıma Ə.Abıyevi istintaq gətirmək gücündə olmadığını bildirib.

Beləliklə, qadın böyrəyini vermək vədinə əməl etsə də, YAP-a bahalı maşın bağışlayan Ə.Abıyev qadına verdiyi vədi yerinə yetirməkdən imtina edir.