BolgeXeber.Com » Siyasət » “Hər həftə polis idarəsində qeydiyyatdan keçirəm”

“Hər həftə polis idarəsində qeydiyyatdan keçirəm”

29-11-2012, 12:35
Oxunub: 4 280 “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin cinayət işində nə yenilik var? “Media forum” saytı bununla maraqlanıb.

Oqtay Gülalıyev deyib ki, azadlığa çıxmasından 4 ay keçməsinə baxmayaraq cinayət işi hələ də üzərindən götürülməyib: “Bu qanunsuzluqdur. Heç bir istintaq aparılmır. Mən yalnız polis nəzarətində addım ata bilirəm. Hər həftə Xətai Rayon Polis İdarəsində qeydiyyatdan keçirəm. Ev dustaqlığımın davam etməyi fəaliyyətimi çox məhdudlaşdırır”.

Oqtay Gülalıyev aprel ayında Sabirabadda, çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. Aprelin 19-da Sabirabad Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunan Oqtay Gülalıyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 13-də Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyev barəsində seçdiyi həbs qətimkan tədbirini ləğv edib.

Oqtay Gülalıyev cinayət işinin hələ də bağlanmamasını fəaliyyətini məhdudlaşdıran təzyiq hesab edir: “Noyabrın 28-də Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri ilə görüşdə də üzərimdəki cinayət işi ilə bağlı məlumat verdim. Onlara dedim ki, mənə və “Kür” fəalı, məhbus İlham Əmiraslanova işgəncə verən şəxslər hələ də hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə çalışır”.

“Media forum ”saytı Oqtay Gülalıyevin işinin istintaqını aparan Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Qurbanəli Quliyevlə əlaqə saxlayıb. Müstəntiq istintaq haqqında məlumat verməkdən imtina edib.