BolgeXeber.Com » Siyasət » Bəzi deputatlara xəbərdarlıq olunub

Bəzi deputatlara xəbərdarlıq olunub

3-12-2012, 12:15
Oxunub: 6 278 Beş millət vəkilinin adı hakimiyyətin “qara siyahısı”nda

Prezident seçkilərindən bizi bir ilə yaxın zaman kəsiyi ayrısa da, artıq seçkilərə qeyri-rəsmi hazırlığa start verilib. Hakimiyyət dairələri yerlərdə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq məqsədilə ənənəvi qeyri-rəsmi ictimai monitorinqlərini davam etdirib və araşdırmaların nəticəsi bir çox deputatlar üçün arzuolunan olmayıb.Bununla bağlı informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub.
İnformasiyada qeyd olunur ki, aparılan araşdırmalar zamanı seçicilərin əsas narazılığı onları təmsil edən deputatların fəaliyyəti ilə bağlı olub. Seçicilər seçkiöncəsi deputatların onlardan səs almaq üçün qapı-qapı gəzdiklərini, “səxavət kisəsi”nin ağzını açdığını söyləsələr də, seçkilərdən sonra onların üzünü belə görmədiklərini hakimiyyət təmsilçilərinin diqqətinə çatdırıblar. Deputat-seçici münasibətlərinin qaydasında olmadığını, həmin deputatların da əsasən hakim partiyanı təmsil etməsini nəzərə alan və onların fəaliyyətsizliyinin hakimiyyət haqqında etimadsızlıq mühiti yarandığını deyən iqtidar rəsmiləri artıq bununla bağlı həmin deputatlara xəbərdarlıq da ediblər. Onlardan deputat kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, seçicilərə diqqət ayırması tələb olunub. Əks halda həmin deputatlarla bağlı ciddi ölçü götürüləcəyi də adı keçən millət vəkillərinin diqqətinə çatdırılıb.
Editor.az iqtidar dairələrinin keçirdiyi qeyri-rəsmi ictimai monitorinq zamanı adı keçən və xəbərdarlıq alan deputatların siyahısını da əldə edib.
Ağalar Vəliyev – 11 saylı Qaradağ Seçki Dairəsindən deputat
Xanlar Fətiyev – 39 saylı Kəpəz I (Gəncə) Seçki Dairəsini təmsil edən deputat
Fərhad Qəribov – 57 saylı Kürdəmir Seçki Dairəsini təmsil edən deputat
Malik Həsənov – 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputat
Əsabil Qasımov – 79 saylı İmişli Seçki Dairəsindən deputat
Xatırladaq ki, araşdırmalar davam yekunlaşmadığına görə, siyahının artacağı da istisna edilmir.