BolgeXeber.Com » Siyasət » Hakimiyyətin baş qatmaq siyasəti

Hakimiyyətin baş qatmaq siyasəti

5-12-2012, 13:15
Oxunub: 5 761 “Köhnə qvardiya”nın revanşının pərdəarxası

“Vurulmuş” məmurların yenidən “başqatan” vəzifələrə təyin olunması onları nəzarətdə saxlamağa hesablanıb

Hələ bir neçə ay öncə ilin sonunda Azərbaycan hakimiyyətinin müxtəlif kadr və struktur dəyişiklikləri edəcəyinə dair anons verilmişdi. Əlbəttə, ilkin informasiya yayılanda da qeyd edilmişdi ki, bu dəyişikliklər demokratik islahat anlamına gəlməyə də bilər, amma iqtidarın komanda daxilində müəyyən manevrlər edəcəyi proqnozlaşdırılırdı. Artıq icra strukturlarında bu prosesin ilkin mərhələsi başlayıb. İlkin olaraq Prezident Administrasiyasında ən müxtəlif prizmalardan şərh olunan kadr dəyişikliyi, daha dəqiq desək əvvəldən orada çalışan 4 şəxsin - Zeynal Nağdəliyev, Əli Əsədov, Novruz Məmmədov və Vahid Əliyevin PA rəhbəri Ramiz Mehdiyevə müavin təyin olunması qərarı verildi.

Buna qədər isə Ə.Əsədov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Z.Nağdəliyev Prezident Administrasiyasında ərazi idarəetmə orqanları ilə iş üzrə şöbənin rəhbəri, N.Məmmədov administrasiyanın xarici əlaqələr şöbəsinin rəhbəri, Vahid Əliyev isə prezidentin müdafiə məsələləri üzrə köməkçisi idilər. Onlar əvvəlki vəzifələrində də qalacaqlar, eyni zamanda PA rəhbərinin müavini səlahiyyətlərinə malik olublar. Fakt isə bundan ibarətdir ki, baş verən hadisənin mahiyyəti heç də islahat deyil, sadəcə hakimiyyət PA-da “mühafizə qala”sını möhkəmləndirərək, 2013-cü il seçkilərinə hazırlıqlar görür. Ekspertlərə görə, proseslərə məhz bu prizmadan yanaşmaq lazımdır. Bu versiyanın dəqiqliyini digər vəzifə təyinatları da təsdiqlədi. Belə ki, PA-da baş verən dəyişiklikdən sonra bir neçə sabiq məmura vəzifə verilməsi xəbəri gəldi.

Bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general, nə zamandır “vurulduğu” bildirilən Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

Sonra isə daha bir sabiq məmur - polis polkovniki, Suraxanı Rayon Polis İdarəsinin sabiq rəisi "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin olundu.

Həmçinin, ilk dəfə olaraq bu xəbər də dövriyyəyə buraxıldı ki, polis general-mayoru Məmməd Əsgərov (o, “Dədə Mamed” kimi tanınır-red.) da artıq 4 ilə yaxındır "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışır.

Əlbəttə, bu proseslər hakimiyyətin 2013-cü ilə hesablanmış planının bir elementidir. Həmçinin, bir neçə il öncə “vurulan” tanınmış isimlərin yenidən müxtəlif, daha dəqiqi “başqatan” vəzifələrə təyin olunması səbəbsiz deyil. Bu, rejimin içindən çıxıb, amma vurulduqdan sona hakimiyyətdən ciddi narazı olan şəxslərin neytrallaşdırlması, 2013-cü ildə onların müxalifətə qoşulmaq ehtimallarının önlənməsi üçündür. Yəni hakimiyyət bu şəxsləri əvvəlki vəzifələri ilə müqayisədə indi hansısa ciddi önəmi olmayan, xırda vəzifələrə gətirməklə, öz nəzarətində saxlamaq məqsədini güdür. Bununla bağlı hakimiyyətə yaxın olan bir mənbə “Yeni Müsavat”ın əməkdaşı ilə qeyri-rəsmi söhbətində maraqlı detallara toxunub. O bildirib ki, hələ mərhum Heydər Əliyevin vaxtından yüksək vəzifələrdə təmsil olunan, son bir neçə ildə isə hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsində tutduqları postlardan kənarlaşdırılan, “zərərsizləşdirilən” şəxslər ən müxtəlif məclislərdə hakimiyyət rəhbərliyindən giley və narazılıqlarını ifadə ediblər: “Vəzifə şirinliyini görmüş, zaman-zaman hakimiyyətin qorunması üçün hətta qanunsuzluqlara gedən bu şəxslər öz çevrələri, yaxınları ilə söhbətlərdə ”biz bu iqtidar üçün canımızı fəda etdik, sonda qurbanlıq olduq" kimi fikirlər söyləyərək, müxalif mövqe sərgiləyiblər. Onların bir neçə müddət hətta telefon danışıqları, “juçok” vasitəsi ilə özəl söhbətləri belə dinlənilib. Bu şəxslər də dinlənildiklərini başa düşdükləri üçün daim öz narazılıqlarını, mesajlarını ünvanlayıblar. Nəhayət, hakimiyyət 2013-cü illə bağlı strategiyasını müəyyən edərkən ilk növbədə bəzi təhlükəli sabiqlərin neytrallaşdırılması məsələsi gündəmə gəlib. Onların “göz önündə” saxlanılması variantı daha məqsəduyğun hesab edilib və qərarın icrasına başlanılıb".

Qaynaq qeyd edib ki, Məhərrəm Əliyev, Etibar Qazıbəyov, “Dədə Mamed” kimi adamlar kifayət qədər ciddi maddi imkanlara və kompromatlara malikdirlər: “Onların ”könlü alınmayacağı", nəzarətə götürülməyəcəkləri təqdirdə 2013-cü il seçkiləri ərəfəsində hansısa pərdəarxası oyunlar oynayacaqları şübhəsiz idi. Ona görə də hakimiyyət bu “minanı” zərərsizləşdirir".

Mənbə bildirib ki, kifayət qədər maliyyə imkanlarına sahib olan, vaxtı ilə vəzifələr tutmuş digər şəxslərin də yaxın vaxtlarda “başlarını qatmaq üçün” kiçik vəzifələrə gətiriləcəyi gözləniləndir: “Tamamilə mümkündür ki, Namiq Abbasov, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev, keçmiş maliyyə naziri Əvəz Ələkbərov, Binəqədinin şantaj yolu ilə işdən çıxarılan sabiq rəisi Nazim Nağıyev və digər bir neçə şəxs də icra strukturlarında müxtəlif postlara gətirilsinlər. Hakimiyyətə yaxşı bəllidir ki, bir qayda olaraq inqilab ssenarilərinə hakimiyyətin içərisində olmuş şəxslər cəlb edilir. Həm buna, həm də son bir neçə ildə hakimiyyətdaxili mübarizənin fonunda zəiflədilmiş, incik salınmış Naxçıvan, Qərbi Azərbaycan qruplaşmalarına jest edilməsi baxımından bəlli addımlar atılır. Amma heç şübhəsiz ki, ”köhnə qvardiya" bu təyinatlarla, həmçinin PA-da onların dəstəkçilərinin mövqelərinin güclənməsinin fonunda daha ciddi revanş götürməyi də planlaşdıra bilərlər. Bu isə hakimiyyət idarəçiliyində önə çıxmaq istəyən digər qüvvələrdə, xüsusi ilə Paşayevlər klanında avtomatik qıcıq yaradacaq və onlar ciddi mübarizəyə başlayacaqlar".

Mənbə onu da vurğulayıb ki, gedən proseslərin fonunda və hansısa şərtlər daxilində, qərbi azərbaycanlılara daha bir jest edilməsi proqnozlaşdırılır; mümkündür ki, sabiq səhiyyə naziri Əli İnsanov yaxın vaxtlarda azadlığa buraxılsın.

Bütün bu qeyd edilənlərdən belə nəticə hasil olur ki, hakimiyyət ona yönəlik təhlükələri bir-bir sıradan çıxarmağı planlaşdırıb. Qarşıda isə daha ciddi “sürprizlər” ola bilər. (yeni müsavat)