BolgeXeber.Com » Siyasət » Oliqarxlarımız bir-birinin ardından tövbədə...

Oliqarxlarımız bir-birinin ardından tövbədə...

12-12-2012, 10:00
Oxunub: 3 901 Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, əslində Azərbaycan hakimiyyətinə qarşı yaradıldığı şübhə doğurmayan Rusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini dayandıra bilər. Məlumatımızda o da qeyd olunurdu ki, bu, sözügedən prosesdən RATİ-nin sədri kimi təqdim olunan Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun çıxma niyyətiylə bağlıdır. Onu da bildirmişdik ki, Abbas Abbasov imtina qərarını Kremlin də diqqətinə çatdırıb.

DİA.AZ-a sözügedən istiqamətdəki son gəlişmələrlə bağlı məlumat verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, əslində RATİ-də ilkin təsisçi kimi adları çəkilənlərin heç biri xüsusi fəallıq nümayiş etdirmirlər: «Nə Araz Ağalarovun, nə İsgəndər Xəlilovun, nə Abbas Abbasovun və nə də digər nüfuzlu tanınmışların bu prosesdə xüsusi fəallıqları yoxdur. Sadəcə olaraq, həmin şəxslərə qabaqcadan məlumat verilib ki, adları siyahıya daxil edilir. Eyni qaydada Abbas Abbasov da sədr kimi təqdim olunub. Amma bütün işləri «Azərros»un prezidenti Söyün Sadıqov həyata keçirir».

Söyün Sadıqovun şəxsiyyətinə gəlincə isə, onun bir rus nökəri olduğunu bildirən mənbəmizin vurğulayır ki, bu vaxta qədər RATİ adından bütün çirkin əməllərin baş icraçısı da məhz «Azərros» prezidentidir: «Təbii ki, adları Söyün Sadıqovun çirkin əməllərinin fonunda çəkilənlərin bu prosesə etiraz imkanları mövcud deyil. Onların hər biri Kremldən birbaşa və yaxud da dolayı yollarla asılıdırlar. Amma onların bu prosesdə fəal maraqlı tərəf missiyasını daşıdıqlarını söyləmək qeyri-mümkündür».

Konkret İsgəndər Xəlilovla bağlı danışan mənbəmiz bildirdi ki, bu iş adamı bir neçə gün əvvəl Bakıda olarkən prezident İlham Əliyevlə görüşmək istəyib: «Ona rədd cavabı verilsə də, onunla görüş olub. Prezidentin nümayəndəsi ilə görüşündə İsgəndər Xəlilov mövqeyini Bakının diqqətinə çatdırıb və bildirib ki, o, bu prosesdə könüllü deyil və Kremlin basqıları altında bu işə qol qoyub. İsgəndər Xəlilov həmçinin onu bildirib ki, heç bir halda nə Azərbaycan hakimiyyətinin, nə də Azərbaycan dövlətinin əleyhinə olan bir addımın altına öz imzasını qoymayacaq».

Mənbəmiz eyni qaydada RATİ-də adları təsisçi kimi təqdim olunan daha bir neçə nüfuzlu iş adamının da rəsmi Bakıya oxşar vədlər ünvanladığını da söyləyib: «Onlardan bəzilərinin mövqeyini İsgəndər Xəlilov çatdırsa da, bəziləri də birbaşa olaraq mövqelərini elan ediblər».

Hər halda, Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı düşündüyü «RATİ» adlı təzyiq alətinin bu şəkildə iflasa uğrayacağı gözlənilən idi. Çünki RATİ ciddi işlər üçün yox, məhz alçaldıcı xəyanətkar missiya üçün seçilib. Belə bir işə isə zərrə qədərində vicdanı olan hər hansı kəsin boyun olması inandırıcı deyil.