BolgeXeber.Com » Siyasət » Əli Həsənovun qəzətində Misir Mərdanov necə vuruldu?

Əli Həsənovun qəzətində Misir Mərdanov necə vuruldu?

13-12-2012, 10:00
Oxunub: 4 788 Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun media şəbəkəsinə aid olan "Kaspi" qəzetində son zamanlar bir sıra dövlət məmurlarının açıq tənqidinə rast gəlinir ki, bunu da haqlı olaraq iqtidariçi gərginliyin təzahürü kimi qəbul edirlər. Bildirək ki, sözügedən mətbu orqanda davamlı olaraq Nəqliyyat Naziri Ziya Məmmədov hədəfə alınır. DİA.AZ bildirir ki, indi isə "Kaspi" də Misir Mərdanovun yürütdüyü siyasət tənqid olunub ki, hətta bu yazısında qəzet müxalifyönlü ekspertə belə istinad etməkdən çəkinməyib.

Hər halda həmin məqalənin sizlər üçün də maraqlı ola biləcəyini təxmin etdiyimizdən diqqətinizə çatdırırıq:

"Azərbaycanda bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün kreditlərin miqdarı artırılıb. Bu barədə Nazirlər Kabinetindən mediaya verilən məlumata görə, hökumətin “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na etdiyi yeni dəyişikliklərə əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, tələbələr bakalavriat səviyyəsində 240-300 kredit toplamalıdırlar.

Bu vaxta qədər isə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalı idi. Bununla yanaşı, yeni dəyişikliklərdə bakalavriat səviyyəsi üzrə səhiyyə ixtisasları üçün kreditlərin sayı da ayrıca müəyyənləşdirilib. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar. Sənədin gələn il təsdiqlənməsi və yeni tədris ilindən isə tətbiqi gözlənilir.

Qeyd olunan yenilik barədə müxtəlif fikirlər var. Məsələn, ekspertlər hesab edirlər ki, bunun tətbiqi zamanı bir çox amillər nəzərə alınmalıdır, eyni zamanda Boloniya sisteminin tələblərinə tam riayət edilməlidir. nazirliyin nümayəndəsi isə tam əksini söyləyir.

“21-ci əsr Təhsil Mərkəzi”nin sədri Etibar Əliyevlə söhbətimizdə qeyd olunan yeniliyin tətbiqində zəruri olan amillərdən danışdıq. O bildirdi ki, əslində, Boloniya şərtlərinə və dünya standartına görə, təhsilin başa çatması 240 kreditdir. Yəni tələbələr 240 kredit toplamaqla bakalavr pilləsini başa vura bilər: “Amma Boloniya prosesində çox mühüm bir amil var, təəssüflər olsun ki, bunu bizdə təqdim etmirlər. Orada nəzərdə tutulur ki, bakalavr pilləsi 3-4 il ola bilər, bizdə isə 4 il nəzərdə tutulur. Magistraturada isə 2 il nəzərdə tutduğumuz halda, orada 1-2 il göstərilib. Yəni tələbə magistraturanı 1 ilə də bitirə bilər, 2 ilə də. Bizdə isə bunlar nəzərə alınmır”.

Ekpertin sözlərinə görə, kreditin birdən-birə artırılması isə şübhəsiz ki, proqramların unifikasiyası ilə bağlıdır. Yəni Boloniya prosesi vahid Avropa təhsil məkanının yaradılmasına xidmət göstərir: “Burada mühüm şərtlərdən biri ondan ibarətdir ki, diplomlar tanınmalıdır. Diplomlar tanınmalıdırsa proqramların unifikasiyası aparılmalıdır, eyniləşdirmə olmalıdır. Bu da şübhəsiz ki, müəyyən dərəcədə çətinlik yaradır. Buraya müəllim hazırlığı daxil edilməlidir, tibb sahəsində çox ciddi hazırlıq həyata keçirilməlidir, laboratoriyalar buna şərait yaratmalıdır. İKT təminatı çox güclü olmalıdır ki, bu çətinliklər aradan qalxa bilsin. Yəni tələbə də təhsil aldığı müddət dövründə həmin 240 krediti toplaya bilsin. Ola bilsin ki, tələbə bunu 3 ilə də toplasın, amma bizdə üç ildən söhbət getmir. Yəni bakalavr deyəndə yalnız 4 illik təhsil nəzərdə tutulur. Bəzən, bunu deyəndə çox təəccüblənirlər, deyirlər belə şey ola bilməz. Necə olmaz, axı biz 2005-ci ildən bu sistemə qoşulmuşuq!”.

Tibb ixtisasına gəldikdə isə ekspert burada bir spesifikliyin və digər ixtisaslarla müqayisədə il fərqinin olduğunu dedi: “Çünki tibb ixtisasında təhsil 6 ildən 8 ilə qədər nəzərdə tutula bilir. Buna uyğun olaraq da burada kreditlərin sayının çox olması təbii qəbul olunmalıdır. Yəni tələbə təhsil aldığı 6-7 il ərzində təxminən 360 kreditə gəlib çata bilər. Amma bu 360 kredit çox keyfiyyətli olmalıdır. O səviyyədə keyfiyyətli olmalıdır ki, həkim yetişdirmək mümkün olsun. Burada söhbət Avropa ölkələrinin məşhur universitetlərindəki kreditlərin sayının az-çox olmasından getmir. Söhbət onun keyfiyyətli olmasından ibarətdir”.

Ümumiyyətlə, Boloniya prosesinə keçiddə Avropa kreditlərinə transfer sisteminə keçidin vahid olduğunu vurğulayan E.Əliyev əlavə etdi ki, ola bilsin, Avropanın hansısa universitetində fəlsəfənin təqdimatları çoxdur: “Amma çox maraqlıdır ki, bizim bəzi universitetlərdə humanitar fənləri yığışdırırlar və deyirlər ki, bu, Boloniya prosesinin tələbidir. Əslində, heç də belə deyil. Avropa kreditlərinə transfer sistemi özündə nəyi ehtiva eləyirsə, tutaq ki, verilən kredit dərslərə davamiyyəti, həmçinin tələbənin gündəlik məşğələlərə verdiyi cavabı və s. əhatə eləyir, bunlar krediti tamamlayır. Təəssüflər olsun ki, bu məsələdə də bizdə müəyyən nöqsanlar var. Çünki, o sistemə keçid çətindir, bunun üçün bizdə bir sıra fənlərin ləğvi aparılıb. Bu düzgün deyil. Bu kimi məsələlər, şübhəsiz ki, monitorinq nəticəsində həll olunmalıdır. Hesab edirəm ki, bütün hallarda Boloniya sisteminin şərtlərinə əməl olunmalıdır”.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov isə bizimlə söhbətində dedi ki, kredit 240-300 arası deyil: “Bizdə bir neçə ixtisas var, təkcə bir ixtisasda kredit həcmi 270 olub. Qalan bütün ixtisaslarda 240-dır. Yeganə olaraq, uçuş mühəndisliyi ixtisasında 270-dir. Bir də Rəssamlıq akademiyası istəyir ki, rəssamlıq ixtisaslarında krediti 300 eləsinlər, yəni təhsil müddəti 5 il olsun. Ümumilikdə isə heç bir ixtisasda kredit qalxmayıb, hamısında 240-dır. Aviasiya ixtisaslarında ona görə fərqlidir ki, onlar fərqli ölkələrə uçurlar, orada isə bunların sertifikatı üçün 240 kreditini tanımırlar. Uçuş sertifikatlarının Avropada tanınması üçün 270 kredit lazımdır”.

Daha sonra Natiq müəllimlə Nazirlər Kabinetinin məlumatını xatırlatdıq: “Nazirlər kabinetinin məlumatını mən də oxumuşam, orda yazılıb ki, kredit 240-300 müəyyən olunur. Bizdə əvvəlki qaydalarda belə idi ki, 200-240 kredit müəyyən olunurdu. Sonra Avropa Təhsil Komissiyası və ekspertləri tərəfindən bizə irad tutuldu ki, bütün Avropada ilə 60 kredit müəyyən olunub. Bizdə də 4 illik təhsil olduğu üçün 240 kredit hamı üçün müəyyənləşib. Yalnız yuxarıda dediyim iki ixtisas üçün gələcəkdə fikirlər var ki, kreditlər artırılsın. Əgər onlar bu istiqamətdə proqramlar hazırlasa və təhsil müddəti 5 illik müəyyənləşsə kreditin artırılmasına imkan yarana bilər. Amma bu, hələlik heç nəyin qalxdığı demək deyil. Bizdə standartlar təsdiq olunub, təkcə uçuş mühəndisliyindən başqa bütün ixtisaslarda təhsil müddəti 4 ildir və kredit 240-dır. Tibb təhsilində isə biz 360 kredit yazmışıq».

Xatırladaq ki, Azərbaycan 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulub və bununla da təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılıb. Boloniya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı diploma ümumi Avropa əlavəsi vermək, bütün Akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır".