BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovanın vasitəçisi hələ də YAP-çıdir

Gülər Əhmədovanın vasitəçisi hələ də YAP-çıdir

17-12-2012, 15:40
Oxunub: 5 571 Hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov sabiq deputat Gülər Əhmədova ilə fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev arasındakı video qalmaqalında adı çəkilən kitabxana direktoru Sevinc Babayevanın hazırda YAP-da üzv kimi qalıb-qalmaması məsələsinə aydınlıq gətirib.

F.İsmayılov AzNews.az-a açıqlamasında bildirib ki, hazırda S.Babayeva YAP Yasamal rayon təşkilatının üzvü deyil: “Sevinc Babayeva əvvəllər YAP Yasamal rayon təşkilatının üzvü olub, lakin 2008-ci ildə ərizə yazaraq bizdə qeydiyyatdan çıxıb və Səbail rayonuna gedib. Çünki həmin vaxtı S.Babayeva Nazirlər Kabinetindən çıxaraq Prezident yanında İdarəçilik Akademiyasına işə düzəlib”.

G.Əhmədovanın YAP-dan çıxarılması ilə bağlı məsələyə də toxunan F.İsmayılov sabiq deputatın YAP-dan çıxarılıb-çıxarılmaması barədə ətraflı məlumata malik olmadığını söyləyib: “İlk təşkilatın nə qərar qəbul etməsindən hələlik xəbərim yoxdur. Mən də bu barədə mətbuatda gedən məlumatları bilirəm. Əgər Gülər Əhmədova partiyadan çıxarılıbsa belə, o zaman biz onun səbəblərini müzakirə edib obyektiv qərar qəbul edəcəyik. Hələ ki biz bu məsələ barədə müzakirə aparmamışıq, 31 nəfər nə qərar qəbul etsə, o da olacaq”.