BolgeXeber.Com » Siyasət » Deputatlar arasında mübahisə

Deputatlar arasında mübahisə

21-12-2012, 14:15
Oxunub: 5 377 Gövhər Baxşəliyeva və Siyavuş Novruzov elmi məsələdə anlaşa bilmədilər

“Bu gün YAP-ın yaradılmasına əziyyət çəkənlərdən Abel Məhərrəmovun əsərləri Nobel mükafatına təqdim olunub. Bu gün kimsə hansısa institutda ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq". Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın ona sərt reaksiyasına münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, Atropatena, Albaniya ilə bağlı internetdə yazılar mövcuddur: "Kimsə Firdovsi barədə yazır, bunu təqdim edir. Mən istənilən adamı dəvət edirəm, öz sahəsində nə yazıb, ortaya qoysun. Heç kim fikirləşməməlidir ki, bu institut ona tapşırılıb. Sabah başqası ola bilər. Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən 3 ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır. Kimsə çıxış edirsə, öz fikrini desin”.
Qeyd edək ki, "Mədəniyyət haqqında" qanunun müzakirəsi zamanı millət vəkilləri Gövhər Baxşəliyeva və Siyavuş Novruzov arasında mübahisə yaranıb. S.Novruzov xatırladıb ki, Azərbaycan 20 ildir müstəqildir, bir formasiyadan başqa bir formasiyaya keçib, amma yaradıcı təşkilatlar 60-cı illərdə olduğu kimidir, bəlkə də 30-cu illərə doğru gedir: “Neçə ildir kinematoqrafiyaya vəsait ayrılır, amma Dağlıq Qarabağla bağlı bir film çəkə bilmirlər. Sıxışdıran kimi səsləri Moskvadan gəlir. Biri bibisindən, biri atasından yazır. Düşünməlidirlər ki, dövlət bunlara pulu pensiya kimi vermir. Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar da atmalıdırlar. Bu formada nə ədəbiyyatı, nə incəsənətimizi inkişaf etdirə bilməyəcəyik. Yeni nəsil üçün də stimullaşdırıcı addımlar atılmalıdır”.
G.Baxşəliyeva isə S.Novruzovun səsləndirdiyi fikirlərə etiraz edib. O, S.Novruzovu müəyyən fikirlər səsləndirərkən əsaslandırmağa çağırıb: “AMEA-da aparılan tədqiqat işlərinin əhəmiyyəti böyükdür. Partiya funksioneri kimi bu məsələlər barədə danışmaq olmaz. Xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər AMEA-nın institutlarının səyi nəticəsində əldə olunub. Belə naşı fikirlər səsləndirilməsin".