BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovaya yüngül çəza verdilər

Gülər Əhmədovaya yüngül çəza verdilər

9-01-2013, 09:30
Oxunub: 4 272 Həmin şəxs yalnız yaşadığı şəhər üzrə evini dəyişmədən hərəkət edə bilər

“Deputat olmaq üçün bir milyon” qalmaqalında adı hallanan sabiq deputat Gülər Əhmədova barəsində "polisin nəzarətinə verilmə" maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. O, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı görüntülərlə bağlı açılan cinayət işində ittiham edilən şəxs kimi “nəzarətdə”dir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləsə də, şərh verməyib.

Gülər Əhmədovanın nəzarətə alınmasını izah edən hüquqşünas Fariz Namazlı, bunun təqsirləndirilən maddə üzrə “ən yüngül” cəza olduğunu deyir.

“Əslində Gülər Əhmədova üçün bu qətimkan tədbiri seçilməli deyildi, çünki onun ittiham olunduğu maddə üzrə ağır cəza nəzərdə tutulur. Dələduzluq cinayətləri üzrə adətən həbs qətimkan tədbiri seçilir”, - Fariz Namazlı BBC Azərbaycancaya bildirib. O, Əhmədova barəsində məhz bu qəti imkan tədbirinin seçilməsini "istintaq orqanının ayrı-seçkilik qoyması" kimi qiymətləndirir: “Bu, ölkə təcrübəsində çox nadir hallarda rast gəlinən məsələdir”.

Polis nəzarətində olma maddəsinə görə, təqsirləndirilən şəxs istintaq orqanının icazə olmadan başqa yerə gedə, həmçinin yaşadığı yeri dəyişə bilməz. Belə qətimkan tədbiri seçildikdə, istintaq orqanı təqsirləndirilən şəxsin yaşadığı yer üzrə polis orqanına bu barədə məlumat göndərir və artıq polis qurumu təqsirləndirilən şəxsi qeydiyyata alır və onun müəyyən etdiyi vaxtlarda təqsirləndirilən şəxs bölməyə gələrək gəlişini qeyd edir, bütün hərəkətləri barədə məlumat verir.

Həmin şəxs yalnız yaşadığı şəhər üzrə evini dəyişmədən hərəkət edə bilər.

Videolarla bağlı istintaq Cinayət Məcəlləsinin “inamdan istifadə etmək yolu ilə başqasının iri məbləğdə əmlakını mənimsəməklə dələduzluq törətmək” (178.3.2) maddəsi ilə aparılır.