BolgeXeber.Com » Siyasət » “Milyarderlər İttifaqı”ndakılar bizim müxalifləri heç adam yerinə qoymurlar

“Milyarderlər İttifaqı”ndakılar bizim müxalifləri heç adam yerinə qoymurlar

13-02-2013, 17:20
Oxunub: 3 481 Politoloq Zərdüşt Əlizadə Publika.Az-a açıqlamasında bildirib ki, “Millyarderlər İttifaqı” ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər formalaşıb: “Mənim bu məsələyə baxışım tamamilə fərqlidir. Azərbaycan KİV-lərini izləyirəm, bu məsələdə mənimlə həmfikir yoxdur. Şərti olaraq, “Milyarderlər İttifaqı” adlanan bu klubda cəmi üç nəfərin varidatı milyarda yaxındır. Qalanları ola bilsin ki, çox varlı adamlardır. Amma qrupda xeyli adam var ki, heç milyoner də deyil. Bu qurumun məqsədi odur ki, Rusiyada yaşayan azərbaycanlılara əlindən gələn yardımı etsinlər, problemlərini həll etməyə çalışsınlar. Eyni zamanda, bu qurum Ümumrusiya Azərbaycan Konqresi ilə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti “AzərRos” arasında əlaqələndirici rolunu oynayacaqdı. Hələ qeydiyyat üçün müraciət etməyən “Milyarderlər İttifaqı” ancaq azərbaycanlılarla bağlı mövcud problemləri həll etmək üçün birləşdiklərini bəyan ediblər. Çünki orada azərbaycanlılarla qurulan iş səmərəsizdir, həmvətənlərimizi incidirlər. Onların öz qarşılarına qoyduqları məsələlərin müstəqil Azərbaycan Respublikasına aidiyyatı və ya təhlükəsi varmı? Bundan narahat olan bəzi insanlar bildirirlər ki, bu təşkilat vasitəsi ilə Azərbaycanda hakimiyyət çevrilişi ola bilər. Sual olunur, Rusiyada yaranan diaspor təşkilatı vasitəsi ilə Azərbaycanda konkret olaraq, necə çevriliş etmək olar? Axı, bu qurumun və üzvlərinin Azərbaycana heç bir təsir vasitəsi yoxdur. Onlar Rusiya vətəndaşlarıdır. Azərbaycanın sərhədləri möhkəm qorunur, sağ olsun, general Quliyev... Sərhəd Xidmətlərimiz yaxşı işləyir. Gömrük Xidmətimiz, ordumuz da həmçinin... Müxalifətimiz tamamilə nəzarət altındadır. Bunlar çevrilişi hansı vasitə ilə edəcəklər?”

Z.Əlizadə qeyd edib ki, “Milyarderlər İttifaqı” ilə Azərbaycan müxalifəti arasında əməkdaşlıq mümkün deyil: “Onlar müxalifətdəkiləri heç adam yerinə qoymurlar. İndi fikirləşin, Vahid Ələkbərov hara, Azərbaycaının zəlil, başıqapazlı, gözükölgəli müxalifəti hara..? Və yaxud da Rusiya milyarderi Telman İsmayılov hara, İsa Qəmbər və Əli Kərimli hara..? Belə bir əməkdaşılığı ancaq Azərbaycan mətbuatı uydura bilər”.

Politoloq Z.Əlizadə, Söyün Sadıqovun Azərbaycan hakimiyyəti haqqında səsləndirdiyi fikirlərin isə özünümüdafiə olduğunu deyib: “Söyün Sadıqovun tənqidlərinin səbəbi isə onun ünvanına səsləndirilən xoşagələməz fikirlərlə bağlıdır. O, əslən gürcüstanlıdır. Heç Azərbaycanı yaxşı tanımır”.