BolgeXeber.Com » Siyasət » Elşad Abdullayevə qarşı sui-qəsdin detalları

Elşad Abdullayevə qarşı sui-qəsdin detalları

14-02-2013, 09:10
Oxunub: 3 829 Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayev “Azadlıq” radiosuna müsahibə verib. Müsahibəsində sabiq rektor ona olan təzyiqlərdən, habelə bu günə qədər açıqlanmayan bəzi detallardan danışıb.

“Məni içirdirdilər ki, müqavimət hissimi itirim”

E.Abdullayev öncə deyib ki, əlində bir çox adamın videosu var. Onun dediyinə görə, ortada ciddi məsələlər var və onları demək üçün əllərində əsasları olmalıdır. “Mən hüquqşünasam, bunlarla başqa cür mümkün deyil” - deyən sabiq rektor qardaşının oğurlanması ilə bağlı məsələyə də toxunub. Deyib ki, vaxtilə qardaşını “qanuni oğrular”ın arasında axtarırmış: “Amma bunların hamısı dövlət orqanlarında işləyən vəzifəli adamlardır”.

Sabiq rektor mərhum Sevinc Babayevanın zəhərlənməsi ilə bağlı ssenarinin daha öncə öz başına gəldiyini dedi: “Sevinc Babayevanın həyatını mən Strasburqda yaşamışam. Bakıdan 2010-cu il, sentyabrın 21-də çıxmışam. Gördüm ki, izlənirəm, arxamdan gələn adamları duyurdum. Burda məni qarşıladılar - Almaniyada, Ştutqartda. Məni 14 gün başqa adamın adı ilə saxlayandan sonra artıq hazır idim. Böyük bir yeyib-içmək təşkil olunmuşdu. Mənə də spirtli içkilər içirdirdilər ki, müqavimət hissim itsin. Amma özləri içmirdilər. Özləri əsəbiləşirdilər, siqaret çəkirdilər. Birdən evin sahibi olan xanım dirəndi ki, olmaz, bu, professor adamdır, tanınmış adamdır, söz-söhbət olacaq, qalacağıq altında. Bunu mənim qulağım aldı, özümdə də xüsusi telefon vardı, taksilərin nömrəsini özümdə saxlayıram, zəng elədim. Dedim, müsyö, sirvuple. Ayaqyalın, ayaqqabılarımı da əlimə alıb oturdum maşına. Və qayıtdım məni saxladıqları hotelə. Yenə də bunlar mənim arxamca gəldilər. Gələndə dedim ki, mən professor adamam. Bura polis çağırın, bunlar cinayətkar adamlardır. Bunlara da dedim ki, buranı tərk edin. Bunlar qaçdılar. Gördüm ki, onlar lap üç maşın oldular. Köhnə tanışlarımın əli ilə bir tərcüməçi dəvət etdim, bunları verdim polisə. Gecə saat 5-də bunları tapdılar və bu günə qədər də oranın istintaq idarəsindədirlər”.

“Heydər Əliyevə dedim ki, Cəlal Əliyevdən qorxuram”

E.Abdullayev həyatının Fransada da təhlükə altında olduğunu söyləyib. Sabiq rektor daha öncə Fransada hüquq müdafiəçiləri ilə görüşlərinin detallarına toxunub: “Bakıda mətbuatda bəyanat verirlər ki, Strasburqda sizinlə görüşək. Adlarını da qoyublar hüquq müdafiəçiləri. Gəlirlər, böyürlərində də özləri ilə bir neçə adamlar. Bizi aradan götürməyə çalışırlar. Bu, Ramiz Mehdiyevin özü. Xəstəlik adı ilə gəlir Almaniyaya. Gəlib oturur Parisdə, bizim ekstradisiyamız üçün siyasi icazə almağa çalışır”.

Bakıdakı qohum-əqrəbasının bank hesablarının dondurulduğunu deyən sabiq rektorun sözlərinə görə, heç onların hesabında da böyük pullar yoxdur: “Hərəsinin hesabında 10, 12, 15 min manat vardı. Halbuki həmin bu adamların xarici banklarda milyardları var. Onlara ”Stop" qoyan yoxdur. Mənim qohumlarım müəllim, akademik, professor adamlardır".
Rəhbərlik etdiyi universitetlə bağlı yaşanmış problemləri yada salan E.Abdullayev mərhum dövlət başçısı Heydər Əliyevə müraciət etdiyini deyib: “O da dedi, Cəlal Əliyevin yanına get. Dedim, mən ondan qorxuram. Dedi, onda Aqilin yanına get. Mən də getdim Aqil Əliyevin yanına. Dedi ki, məni ora kafedra müdiri qoy, əlimdən gələni edərəm”.

E.Abdullayev A.Əliyevlə əməkdaşlıqlarının detallarına da toxunub. Deyib ki, əvvəl A.Əliyevin ad günündə ona hədiyyə alıb verirmiş: “Amma sonra sistem dəyişdi. Hər şeyi pula çevirdilər. Məslək deyilən şey qalmamışdı”.
Sui-qəsd faktı ilə Fransadakı vəkillər məşğul olur
E.Abdullayevin haqqında danışdığı sui-qəsdlə bağlı onun vəkili Adil İsmayılovla danışdıq. Vəkil bildirdi ki, sözügedən sui-qəsd hadisəsi Fransada baş verib. Onun sözlərinə görə, bu, hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq: “Bu işlə Elşad Abdullayevin Fransadakı vəkilləri məşğul olur. Sözügedən hadisədə cinayət xarakterli bir şey olsa, Azərbaycanla əlaqəsi varsa, araşdırılacaq”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə sözügedən sui-qəsd cəhdi ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını, hadisənin ölkə xaricində baş verdiyi üçün buna münasibət bildirməyəcəklərini dedi.

Gülər Əhmədovanın qardaşına təhdid

Qafqaz Müsəlmanları İdarəsində keçirilən dəyirmi masada ANS televiziyasının “Günəbaxan” verilişində səslənən fikirlərlə bağlı ciddi narazılıq bildirilib. APA-nın məlumatına görə, QMİ-də Əkrəm Əylislinin “Daş yuxular” əsərinin müzakirəsi zamanı Bakının Nardaran qəsəbəsinin camaatı adından çıxış edən Hacı Hacıağa Nuriyev əsərdə İslama və Azərbaycan xalqına qarşı olan məqamlara etiraz etdikdən sonra kənd camaatı adından ANS-in əməkdaşı İlqar Mikayıloğlunu da tənqid edib.

O deyib ki, aparıcı canlı efirdə mütəmadi olaraq Azərbaycan xalqının, müsəlmanların, xüsusilə də nardaranlıların heysiyyəti ilə oynayır: “Məsələn, o, efirdən deyir ki, qız uşaqlarına hicab geyindirmək torbaya salmaq deməkdir və sair. Bu nə deməkdir?! O, bizim dinimizi, heysiyyətimizi təhqir edir! Biz cənab Şeyxdən və ölkə rəhbərliyindən xahiş edirik ki, televiziyalarda dinimizi təhqir edənlərə ciddi cavab verilsin”.

Allahşükür Paşazadə isə cavab olaraq bildirib ki, bir gün QMİ-də toplaşaraq bu məsələləri müzakirə etmək lazımdır: “Bir dəfə sizin camaatın, ümumiyyətlə, dindarların və televiziya nümayəndələrinin iştirakı ilə bunu birdəfəlik müzakirə edib qərar verərik”.

Sevinc TELMANQIZI