BolgeXeber.Com » Siyasət » Füzuli Ələkbərovun taleyi prezidentin masasının üstündə...

Füzuli Ələkbərovun taleyi prezidentin masasının üstündə...

17-02-2013, 16:50
Oxunub: 4 271 Yaxın zamanlarda daha bir siyasi sürgünün, yaxud da nazir həbsinin şahidi ola bilərik; lakin hələlik nazir Ələkbərovun biznes imperiyasının inventarlaşdırılması və transferi prosesi başa çatmayıb...
Prezidentin 12 fevral müşavirəsindən cəmi 2 gün sonra İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşı Nizami Ələkbərovun işdən çıxarıldı (Onunla eyni gündə sabiq deputat, 1 milyon dollarlıq dələduzluqda günahlandırılan Gülər Əhmədova həbs edildi, iki vergi işçisi rüşvət aldığına görə yaxalandı -red.). Arxasınca, 15 fevral tarixində daha bir neçə məmurun, icra başçısının işdən çıxarılması barədə xəbərlər dolaşmaqdaydı. Bu məqalə yazılanda onlardan yalnız biri - Şamaxının icra başçısının dəyişdirilməsi təsdiqlənmişdi. Bütün bunlar göstərir ki, prezident müşavirədə etdiyi xəbərdarlıqdan sonra əməli fəaliyyətə keçib.
Yada salaq ki, prezident müşavirədəki çıxışında Binə və İsmayıllı olaylarının günahkarları da hədəf seçilmişdi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Məlum İsmayıllı hadisələrinin baiskarının Ələkbərovlar ailəsinin olması hamıya bəllidir; rayon camaatını söyən Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu, icra başçısının isə qardaşı oğlu Vüqar Ələkbərov olub. Məhz o, İsmayıllı sakinlərini təhqir etdiyinə görə, prezidentin ifadəsi ilə desək, nadanlıq etdiyinə görə, İsmayıllı qiyamı baş vermişdi. N.Ələkbərovun rayona 6 illik rəhbərliyi dövründə sosial problemlər nəinki həll edilib, hətta yeni problemlər yaranıb. İsmayıllı sakinlərinin nifrət obyektinə çevrilən “Çıraq” otelini də qardaşı oğlu onun rəhbərliyi və xeyr-duası ilə tikdirib. Son nəticədə siyasi hakimiyyətə yönələn bu xalq üsyanının baiskarı olan Ələkbərovlar ailəsinin bir üzvü işdən çıxarılması sözsüz ki, təqdirəlayiqdir. Ancaq məsələni bitmiş hesab etmək olmaz. İndi nazirini işdən çıxarılacağı, oğlunun isə məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlar dolaşır. Hətta MM-in 15 fevral tarixli sessiyasında deputat Zahid Oruc naziri istefa mədəniyyəti göstərərək, postundan könüllü getməyə səsləyib.

Məlum olduğu kimi, N.Ələkbərov qardaşı F.Ələkbərovun təqdimatı ilə icra başçısı postuna təyin edilib. Hakimiyyətin indiki oyun qaydalarına əsasən, icra başçısının bütün hərəkətlərinə görə onu təqdim edən şəxs cəzalandırılmalıdır. Çünki başçının bütün əməllərinə görə, himayədar məsuliyyət daşıyır. Bu baxımdan da nazirin cəzasız qalacağı mümkünsüzdür.

Nəhayət, F.Ələkbərov ən çox kriminallaşmış bir struktura rəhbərlik edir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət elə bu qurumdan daxil olur. Bu məlumatı sözügedən idarə rəsmi açıqlamasında bildirib. Ünvanlı sosial yardımların və əlillik dərəcələrinin verilməsində rüşvət istənilməsinə görə nazirliyin yerli şöbələrinin 10-dan çox vəzifəli şəxsini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Böyük biznesdən nazir postuna adlayan cənab Ələkbərov siyasi elitada elə bir yüksək nüfuz sahibi deyil ki, siyasi hakimiyyət onunla güc sahibi kimi razılaşmağa məcbur olsun. F.Ələkbərov o kateqoriyaya daxildir ki, onun nəinki özünü, hətta bütün yaxınlarını da işdən çıxartsan, elliklə çıxıb hakimiyyəti müdafiə edəcəklər. Çünki bizneslərini qorumaq üçün başqa yolları da yoxdur. Bu halda təbii sual yaranır - niyə F.Ələkbərov dərhal işdən çıxarılmadı? Böyük ehtimalla ona məxsus biznes strukturlarının sonrakı taleyi ilə bağlı qərarlar qəbul edilmədiyindən siyasi hakimiyyət gözləmə mövqeyi tutub. O da mümkündür ki, F. Ələkbərovun biznes layihələrində bəzi siyasi çevrələr maraqlı olduğundan, onun kənarlaşdırılması ləngiyir. Onun biznes layihələri isə çox rəngarəngdir.

Sabiq komsomol işçisi Füzuli Ələkbərov 1991-ci ildə “İmprotex” şirkətini yaradıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Az sonra isə şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib.

Bəzi məlumatlara görə, F.Ələkbərova toxunulmazlıq statusu verən onun Almaniyanın dünyaca məşhur BMW şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olmasıdır. Holdinqə daxil olan “İmproteks Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə olan “İmprotex” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. Şirkətin nizamnaməsinə görə, onun rəsmi nümayəndəsini yalnız baş ofisin razılığı və ilə dəyişmək olar. Yəni hakimiyyət bu hüququ istədiyi vaxt başqa şirkətə ötürə bilməz. Hakimiyyət çevrələrinin isə BMW ilə əməkdaşlıqda xüsusi marağı var. İqtidar mənsublarının böyük kəsimi bu şirkətin avtomobillərindən istifadə edir; hətta ortaqlıqla bağlı iddialar da var. Ona görə BMW avtomobillərinin idxal hüququnun qayda-qanunla başqa şirkətə ötürülməsi üçün vaxt lazımdır. Ehtimalla F.Ələkbərovun vurulmasının ləngiməsinə bu amil də təsir edir.

Bəzi məlumatlara görə isə, nazir həm də bu iqtidarda ərəb ölkələri üzrə biznes-konsultant hesab olunur. Dubayda şirkət açan, BƏƏ ilə ciddi biznes əlaqələri quran ilk azərbaycanlı kimi o, vəzifəli məmurların yatırımlarının yönünə məsləhət verir. Onun təşkilatçılığı və vasitəçiliyi ilə əksər iqtidar mənsubları Dubayda tərpənməz əmlak alıb, bu sahəyə 100 milyonlarla yatırım qoyublar. Ola bilsin ki, bu baxımdan hələlik Ə.Ələkbərov əvəzsiz kadr sayılır və bütün neqativ hərəkətlərinə baxmayaraq hələ də onunla bağlı siyasi qərar yoxdur. Ancaq bunlar təxmini ehtimallardır. Çünki yaxın keçmişin təcrübəsi göstərir ki, hakimiyyət üçün əvəzə olunmaz kadr anlayışı yoxdur. Vaxtilə Eldar Həsənov, Namiq Abbasov, Fərhad Əliyev, Əli İnsanovun işdən çıxarılacağı, bəzilərinin “sürgün”, bəzilərinin isə həbs ediləcəyini söyləmək qeyri-ciddi səslənə bilərdi. Ancaq fakt budur ki, Ə.İnsanov və F.Əliyev 8 ildir həbsxana həyatı yaşayır, qalanları isə “mədəni sürgün” - səfir həyatı yaşayır.
Əli İBRAHİMLİ