BolgeXeber.Com » Siyasət » Əli Əhmədovun qardaşı dələduzluqda suçlanır

Əli Əhmədovun qardaşı dələduzluqda suçlanır

25-02-2013, 02:10
Oxunub: 5 274 YAP icra katibinin adından istifadə edərək 6 nəfərə külli miqdarda pul atan İliç Əliyevi polis həbs edə bilmir
YAP icra katibi Əli Əhmədovun qardaşı İliç Əliyev bir neçə vətəndaşı aldadaraq onların pullarını mənimsəyib. Bu barədə ötən gün redaksiyamıza gələn zərərçəkənlər məlumat verdilər. Redaksiyamızda olan Əmircan qəsəbəsi sakini İntiqam Nəzərli bildirdi ki, İliç Əliyevlə bağlı artıq ölkə başçısına şikayət məktubu ünvanlayıb. Məktubda şikayətçi bildirir ki, 5 ay əvvəl Əli Əhmədovun qardaşı, çoxdan tanıdığı Əliyev İliç Cavad oğluna “Neftçilər” metrostansiyası yaxınlığında torpaq sahəsi ayrılmasına kömək etməsi üçün 15 min manat pul verib.
İ.Nəzərli deyir ki, həmin vəsaiti İ.Əliyevə verdikdən sonra hər ikisi YAP-ın mərkəzi qərargahına gediblər. Binanın birinci mərtəbəsində olarkən İ.Əliyev İ.Nəzərliyə aşağıda gözləməyi tapşıraraq özü yuxarı qalxıb: “Bir qədər sonra qayıdanda mənə dedi ki, pulu Əli Əhmədova verib və bir həftədən sonra torpaq ayrılması məsələsi həllini tapacaq”.

Lakin şikayətçi iki həftə sonra torpaq sahəsindən xəbər çıxmadığını görüb İ.Əliyevi axtarmağa başlayıb. İliç Əliyev isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edib. Ondan əlini üzən İntiqam Nəzərli Əli Əhmədovun qəbuluna gedib: “Artıq başa düşdüm ki, İliç Əliyev qardaşının adından istifadə edərək məni aldadıb. Buna görə də YAP-ın qərargahına getdim, məsələ ilə bağlı aidiyyəti adamlara məlumat verdim. Qərargahda özünü Əli Əhmədovun köməkçisi kimi təqdim edən Mahir adlı bir şəxs mənə kömək edəcəyinə söz verdi. Ancaq bir müddət sonra onun da mənə kömək edə bilməyəcəyinə əmin oldum”.

İntiqam Nəzərli ilə birlikdə redaksiyamıza təşrif buyuran digər zərərçəkən - Əfqanıstan müharibəsi veteranı, əlil Əli Babayev isə Badamdarda torpaq sahəsi almaq üçün İliç Əiyevə 10 min manat verdiyini dedi: “Amma 3 ildir nə torpaq ala bilirəm, nə də pulumu qaytarırlar. Dəfələrlə evinə getmişik. Hər dəfə deyib ki, sizin pulunuzu verəcəyik. Mən Zəyəmdəki evimi satıb pulunu verdim ona görə ki, mənə Badamdarda torpaq almağı söz vermişdi. Amma bu günə qədər bu pulu geri ala bilmirəm”.

Şikayətçilərin bildirdiyinə görə, pullarını geri ala bilməyən 6 zərərçəkən - Babayev Sudyabəy Ağaşirin oğlu (6 min), Şıxmirov Şərafəddin Şıxhəmzə oğlu (1000 manat), Əlizadə Tahir Mustafa oğlu (3 min), Nadirxanova Şəmsiyyə (4 min), Əli Babayev (10 min), İntiqam Nəzərli (15 min) Nizami Rayon Polis İdarəsinə şikayət veriblər. Ancaq polis İ.Əliyevi “tapa” bilmir.

İ.Nəzərli onu da dedi ki, polis ona İliç Əliyevi gətirməyi təklif edib: “Hazırda iş Nizami polisində, Ceyhun adlı müstəntiq tərəfindən araşdırılır. Ancaq öyrənmirik ki, onu yuxarıdan sıxışdırılar ki, işi bağlasınlar. İliç Əliyev Nizami Polisi tərəfindən axtarışa verilib. Ancaq polis qardaşına görə ona heç nə edə bilmir. Mənə deyirlər, sən tap gətir”.

Yazıda qarşı tərəf qismində adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

musavat.com