BolgeXeber.Com » Siyasət » "Nida"çıların həbsi ilə bağlı rəsmi məlumat

"Nida"çıların həbsi ilə bağlı rəsmi məlumat

9-03-2013, 09:00
Oxunub: 4 723 Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq mətbuat xidmətləri vasitəsilə "Nida" Vətəndaş Hərəkatının üzvlərinin həbsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd «Molotov kokteyli», 94.0 min manat məbləğində pul vəsaiti, 252,27 qram həşiş qətranı və 1992-ci il təvəllüdlü Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində «təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülmüşdür.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar.
İlkin istintaqla müəyyən edilmişdir ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə «Nida» Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş «Molotov kokteyli» adlanan tez alışan maye onlar tərəfindən hazırlanmışdır.
Bundan başqa, 26 yanvar 2013-cü ildə keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən istifadə edilməsinin lazım olduğunu bildirmiş, aksiyanın digər iştirakçısı B.Quliyev “Facebook” sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün “Molotov kokteyli”, səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə etmiş və sonuncu artıq 10 ədəd “Molotov kokteyli” hazırlamışdır.
Ş.Novruzlu 23 fevral 2013-cü il tarixdə “Facebook”un öz profilində “Molotov kokteyli”, səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirmişdir.
Martın 10-da saat 16.00-da paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu “Facebook”da martın 1-də yaratdığı səhifədə “Molotov kokteyli”nin istifadə edilməsinin lazım olduğunu bildirmiş və həmin gün çoxlu sayda “Ven Detta” maskası alaraq sonradan digər şəxslərlə paylaşmışdır. Bundan başqa Ş.Novruzlu “Facebook”da naməlum şəxslə yazış¬ma¬la¬rın¬da tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparmışdır.
Hazırda aşkar edilmiş “Molotov kokteyl”lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94.0 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması istintaq yolu ilə araşdırılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bolgexeber.com