BolgeXeber.Com » Siyasət » Elşad Abdullayev 5 milyon dollarlıq video yayacaq

Elşad Abdullayev 5 milyon dollarlıq video yayacaq

10-03-2013, 17:55
Oxunub: 3 957 Xəbər verdiyimiz kimi, martın 7-də Baş Prokurorluq ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə bağlı yeni məlumat yayıb. Məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, E.Abdullayevin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, hər hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən tanıdığı və yaxın ünsiyyətdə olduğu baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pulu ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib E.Abdullayevi inandıraraq ondan 2009-cu ilin avqust-oktyabrında 1 milyon dollar nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.
İstintaq müəyyən edib ki, E.Abdullayev 1 milyon dolları V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib, sonuncu onu dələduzluq yolu ilə ələ keçirdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib. Bunlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaiti korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərərçəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilərək ABU-da yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.
Bu fakt isə E.Abdullayevə qarşı hakimiyyətin yeni hücum taktikasına başladığını göstərir. Ekspertlərin fikrincə, bu, sabiq rektorun may ayından bəri yeni plan üzrə hərəkət edəcəyi ilə bağlı verdiyi anonsa cavabdır. Xatırladaq ki, daha öncə qəzetimizə verdiyi açıqlamada E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidli may ayından müdafiəni yeni və daha qüvvətli xətt üzrə aparacaqlarını demişdi. İlkin müşahidələr onu göstərir ki, E.Abdullayevə qarşı yeni cinayət işi açmaqda məqsəd onu bu məsələdə haqsız duruma düşürməkdən ibarətdir. Yəni qardaşı Mahir Abdullayevin tapılması ilə bağlı hakimiyyətlə mübarizə aparan, bu işlə bağlı yüksək vəzifəli şəxslərin videolarını yayan sabiq ABU rektoru məhz bu vasitə ilə cəzalandırılıb.
Elnur Məcidli: “Videodakı şəxs xəritəni göstərib deyir ki...”
E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu, yeni məsələ deyil. Onun sözlərinə görə, bundan öncə də E.Abdullayevə qarşı cinayət işi açılıb: “Bu, bir şantajdır. Məqsəd zərərçəkəni susdurmaqdır. Biz ortaya qoyuruq ki, Vaqif Hüseyn pulu alıb və bunu (dövlət rəhbərlərindən birinin adını çəkir- Red.) ... adından alıb. İndi Vaqif Hüseyni tutublar. Halbuki Elşad Abdullayevin ondan heç bir şikayəti yoxdur. Çünki o, pulu geri verib. Vaqif Hüseynin o pulu almasının səbəbi isə odur ki, vasitəçilərdən biridir. Vaqif Hüseyn baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisidir. Elçin Əfəndiyevlə Ramiz Mehdiyev isə qohumdur. Onların birbaşa əlaqələri var. Vaqif Hüseyn o pulu öz cibindən qaytarıb Elşad müəllimə”.
E.Məcidli iddia edir ki, indiki mərhələdə həmin dövlət adamının (cənab Məcidli ad çəkir, lakin biz son zaman intensivləşən məhkəmə proseslərini nəzərə alaraq, onu yazmırıq - Red. ) E.Abdullayevə 3 milyon dollar borcu var. Onun fikrincə, cinayət işi məhz bu istiqamət üzrə açılmalıdır. E.Məcidlinin fikrincə, hazırda bu iddianın ortaya atılması istintaqı başqa istiqamətə yönəltmək cəhdidir: “Onlar öz gedişlərini edir, istintaqı yayındırmaq istəyirlər. Bizim bu günə qədər dediklərimizin sübutu var. Videogörüntülərin hamısı buna sübutdur”.
E.Məcidli dedi ki, daha öncə də “həmin şəxsin” (bu ifadə bizə məxsusdur - Red.) ABU-nu ələ keçirməyə cəhd göstərdiyini deyiblər. Onun sözlərinə görə, məhz bu səbəbdən universiteti qapatmağa çalışıblar: “Məsələn, bizdə bir nəfərin videosu var. O videodakı adam Elşad Abdullayevdən universitetə görə 5 milyon dollar istəyir. Həmin video Elşad Abdullayevin evində çəkilib. ABU-nun bağlanma səbəblərindən biri kimi guya oradan metro xəttinin keçəcəyi göstərilirdi. Amma həmin videodakı adam xəritəni göstərib deyir ki, metro universitetdən 65 metr qıraqdan keçir”.
Müsahibimiz dedi ki, növbəti video həmin faktla bağlı ola bilər: “Hazırda 5 milyon dollar istəyən şəxsin videosu üzərində işləyirik. Müstəqil İstintaq Komissiyasından da rəy öyrənəndən sonra konkret addım atacağıq. Sadəcə bildirmək istəyirik ki, belə addımlar bizi çəkindirmir. Elşad Abdullayevin ilk gündən məqsədi qardaşının tapılması olub və addımlarını da buna müvafiq atır. Onun qarşısına bu cür sədlər qoyan adamlar başa düşməlidir ki, o, mübarizəsində axıra qədər gedəcək. May ayından etibarən tamamən yeni xətt üzrə mübarizəyə başlayacağıq. İndidən o xətti açıqlayıb qarşı tərəfin hazırlaşmasına şərait yaratmaq istəmirik”.
Vəkil: “Gülər Əhmədova ilə 3 saat müzakirə apardıq”
Hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədovanı isə bayram günündə vəkilləri ziyarət etməyib. Bu barədə “Yeni Müsavat”a açıqlamasından onun vəkillərindən biri olan Raqif Mustafayev məlumat verdi. Vəkil dedi ki, müvəkkili ilə 7 martda görüşüb. Çünki 8 mart bayram günü olduğundan görüşə icazə verilmir.
Vəkil G.Əhmədova ilə 3 saat boyunca müzakirə apardıqlarını dedi: “Müzakirə etdiyimiz məsələlər çoxdur. Amma bu barədə ictimaiyyətə açıqlama vermək istəməzdim. Onu deyə bilərəm ki, hər şey yaxşı olacaq”.
R.Mustafayev dedi ki, G.Əhmədovanın səhhətində problemlər var. Onun sözlərinə görə, sabiq deputat ürək ağrılarından və zobdan şikayətçidir. Amma vəkil onun öz kamerasında saxlandığını dedi: “Müalicə müəssisəsində olması ilə bağlı deyilənlər yalandır. Hazırda kamerasındadır və həkimlər ona kamerasında iynə vururlar. Saxlandığı şəraitdən və ona göstərilən münasibətdən razıdır”.
Vəkili onun kamera yoldaşının kimliyi barədə məlumatı olmadığını dedi. Onun sözlərinə görə, müzakirə zamanı daha önəmli məsələlər, habelə müdafiə taktikası müzakirə olunur. R.Mustafayev 7 martda E.Abdullayevə qarşı açılan cinayət işindən xəbərdar olduğunu dedi: “Amma Gülər Əhmədova ilə görüşəndə bundan xəbərsiz idim deyə ona bu barədə məlumat verə bilmədim. Yəqin ki, növbəti görüşdə bunu da müzakirə edəcəyik”.
R.Mustafayev bildirdi ki, E.Abdullayevin istintaqa təqdim etdiyi videomateriallar sübut sayıla bilməz. Vəkilin sözlərinə görə, G.Əhmədova da bu videomateriallarda bir çox yerlərin kəsildiyini, təhrif olunduğunu və saxtalaşdırıldığını deyib: “Bu videonu sübut kimi qəbul etmirik. Sübutlar müəyyən bir formada - prosessual formada qəbul olunmalıdır. Qanunda yazılır ki, səs yazmaları yalnız məhkəmə qərarı əsasında əldə olunur. Əks halda bu, zərərli bir tendensiya yarada bilər. Yəni belə getsə, hamı bir-birini şantaj edər. Bir-birinə təxribat xarakterli suallar verib, onu çəkib, sonra da yayacaqlar. Bu isə düzgün deyil”.
Vəkil ailə üzvlərinin G.Əhmədova ilə hələ ki, görüşmədiyini dedi. Onun sözlərinə görə, istintaq orqanı icazə versə, ailə üzvləri onunla görüşəcəklər: “Biz bununla bağlı müraciət etmişik, cavabını gözləyirik. Bu gün (martın 8-də-red.) 8 mart bayramı ilə əlaqədar qəbul günü deyil. Ona görə də yanına heç kim getməyəcək”.
R.Mustafayev hələ ki, G.Əhmədovanın cəmiyyətə hər hansı mesajının olmadığını dedi: “Belə şey olsa, onu ilk növbədə biz vəkilləri çatdıracağıq”.
musavat.com