BolgeXeber.Com » Siyasət » AŞPA-da qalmaqal

AŞPA-da qalmaqal

21-03-2013, 09:50
Oxunub: 3 872 Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Parisdə iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu iclasda mübahisə baş verib.
İclasda iştirak edən millət vəkili Elxan Süleymanov apa-ya bildirib ki, o, Monitorinq Komitəsində Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri və beynəlxalq birliyin bu seçkiyə münasibəti ilə bağlı çıxış edərkən, sədr Andres Herkel ona imkan vermək istəməyib. O, buna səbəb olaraq, reqlamentin pozulmasını göstərib.
E. Süleymanov isə qeyd edib ki, onun çıxışı əslində iclasda iştirak edən Ermənistan deputatlarını və onları dəstəkləyənləri qane etməyib.
Onlar dəfələrlə E. Süleymanovun çıxışını kəsməyə çalışıblar, yerlərindən replikalar atıb, çıxışın dayandırılmasını istəyiblər. Elxan Süleymanov isə komitədəki reqlament pozuntusuna etiraz edərək, çıxışının sonuna yaxın sözünü yarımçıq kəsərək, toplantı zalını tərk edib.
Millət vəkili bildirib ki, o çıxışında bu ilin fevral ayında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinin təccüblü olduğunu vurğulayıb və daha sonra qeyd edib: “Mən burada seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və onun odlu silahdan atəş nəticəsində yaralanması və ya ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsi tərəfindən seçkilərin nəticələrinin tanınmaması haqqında danışmaq istəmirəm. Diqqəti daha ciddi və daha ağır nəticələri olan cinayət faktlarına yönəltmək istəyirəm: Ermənistan 25 ildir ki, Azərbaycana qarşı silahlı təcavüz edib və indiyədək 20% Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirərək bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib. Ağırlaşdırıcı məqam həm də odur ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törədən erməni silahlı birləşmələrinin komandiri olmuş Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İngilis jurnalisti Tomas de Vaal “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə, o, sərt cavab verdi və bildirdi ki, “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”. Göründüyü kimi, Serj Sarkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu etiraf edir.
Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bu ərazilərdə mülki əhalinin etnik mənsubiyyətinə görə hüquqlarını kütləvi və kobud şəkildə pozan Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi öz-özlüyündə qeyri-normal haldır və demokratik dəyərlər sisteminin korroziyaya məruz qalmasından xəbər verir.
Bununla bərabər, mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə Avropa Şurasında demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi demokratiya prinsiplərinə ziddir.
Mən işğalçı dövlətdə keçirilmiş seçkilərin demokratiklik baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayətlər törətmiş şəxsin prezident seçilməsinin demokratik birlik tərəfindən təqdir edilməsinə və legitim sayılmasına qarşı etirazımı bildirirəm və bu məsələnin AŞPA-nın yaz plenar iclasında müzakirə edilməsini tələb edirəm”.
E. Süleymanov daha sonra qeyd edib ki, belə “anti-demokratik qiymətləndirmə üzv ölkələr arasında olan mübahisəli məsələlərin müharibəyə çevrilməsinə təkan verir və dünya xalqlarının demokratiyaya olan inamını puç edir”.
Bolgexeber.com