BolgeXeber.Com » Siyasət » AŞPA-daki qalmaqalla bağli söz dueli səngimir

AŞPA-daki qalmaqalla bağli söz dueli səngimir

25-03-2013, 09:45
Oxunub: 4 031 Andres Herkel: “O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində qaldım”
Elxan Süleymanov: “Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiası həqiqətdən uzaqdır”
AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş prezident seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı qalmaqal səngimir. Mətbuatın məlumatına görə, insident Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib. Monitorinq Komitəsinin sədri Andres Herkel deputatın çıxışını bir neçə dəfə kəsib və azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.
Herkel isə “Turan” agentliyinə bildirib ki, o, E.Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib: “Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqəyə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində qaldım. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi”.
“Cənab Andres Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiası həqiqətdən uzaqdır”. Bunu isə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, habelə Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanov Monitorinq Komitəsinin sədri Andres Herkelin onu təkzib etməsinə münasibət bildirərkən söyləyib. E.Süleymanovun sözlərinə görə, onun nitqi Monitorinq Komitəsinin sədri A.Herkel tərəfindən birinci dəfə “Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-ci ildə mülki əhaliyə qarşı soyqırımı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib” cümləsindən sonra yarımçıq dayandırılıb: “Bu zaman Herkelə müraciət edərək bildirdim ki, siz mənim ölkəm üzrə həmməruzəçi olmusunuz, demokratiya və insan hüquqlarının müdafiəsində sizin də göstərdiyiniz səylər nəticəsində Azərbaycanda xeyli iş görülüb, xahiş edirəm, mənə söz azadlığımdan istifadə edərək çıxışımı davam etdirməyə imkan yaradın. Bundan sonra cənab Herkel çıxışımı davam etdirməyə şərait yaratdı”.
E.Süleymanovun sözlərinə görə, çıxışını davam etdirməyə başlayaraq, Tomas de Vaalın kitabında Sarkisyanın Xocalıda törədilmiş qanlı faciənin müəlliflərindən biri və iştirakçısı olması barədə etirafını Komitə üzvlərinin diqqətinə çatdırarkən, A.Herkel qəzəblə yenidən onun nitqini yarımçıq kəsib, məhz bundan sonra o, etiraz əlaməti olaraq iclası tərk edib: “Cənab Herkelin mənim 4 dəqiqə çıxış etdiyim və onun 2 dəqiqəyə çıxışımı yekunlaşdırmaq barədə xahiş etməsi də həqiqətdən tam uzaqdır. Belə ki, cənab Herkel ilk dəfə çıxışımı dayandıranda mən cəmi 1 dəqiqə 40 saniyə idi ki, çıxış etməyə başlamışdım, ikinci dəfə çıxışım dayandırılanda isə cəmi 2 dəqiqə keçmişdi”. Deputat qeyd edib ki, onun Monitorinq Komitəsi iclasındakı çıxışının mətni KİV-də bir neçə gün əvvəl yayımlanıb: “Odur ki, hər bir oxucu özü üçün çıxışın yarımçıq dayandırıldığı vaxtın xronometrajını asanlıqla müəyyən edə bilər”.
E.Süleymanov komitə iclasında müzakirə olunan məsələlərə ayrılmış vaxt məsələsinin də narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, iclasda Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı hər çıxışçıya cəmi 4 dəqiqə ayrıldığı halda, Türkiyə və Rumıniya ilə bağlı məsələlər ətrafında çıxışçılara uzun-uzadı vaxt verilib, onların arasında hətta 40 dəqiqəyədək çıxış edənlər olub: “Çox maraqlı məqamdır ki, cənab Herkel həmin iclasda ”Azərbaycanda son vəziyyət" barədə müzakirədə mənə 15 dəqiqə danışmağa məhdudiyyət qoymadı. Buna görə mən ona minnətdarlığımı bildirirəm. Bəs o, Ermənistanla bağlı çıxışımda nə üçün reqlamenti bəhanə gətirir? Biz demokratiya, azadlıq və vəhdət evində səmimi olmalı, ictimaiyyətə yanlış məlumat ötürməməliyik". E.Süleymanov sonda komitə iclasında baş verənlərin təsadüfi olmadığı, Ermənistanın təcavüzkar və cinayətkar dövlət olmasını, yenidən bu ölkənin prezidenti seçilmiş Serj Sərkisyanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini, nəhayət, seçkilərin demokratiyaya və hüququn aliliyi prinsiplərinə zidd olmasını ört-basdır etmək məqsədi daşıdığını bildirib.
musavat.com