BolgeXeber.Com » Siyasət » Milli Demokratiya İnstitutunun Azərbaycan ofisi bağlanır

Milli Demokratiya İnstitutunun Azərbaycan ofisi bağlanır

3-04-2013, 09:35
Oxunub: 4 058 Qurumun qeydiyyat müddəti başa çatmaq üzrə ikən ABŞ Dövlət Departamentindən məsələyə reaksiya gəldi...

2013-cü ilin iyulunda ABŞ Milli Demokratiya İnstitutunun (azərbaycanca MDİ, ingiliscə NDI) Azərbaycandakı ofisi bağlana bilər. Səbəb qurumun Azərbaycanda qeydiyyat müddətinin başa çatmasıdır. Bu haqda “Azadlıq” radiosunun Bakı bürosu xəbər yayıb. NDİ-yə yaxın qaynaqlardan alınan xəbərdə deyilir ki, böyük ehtimalla qurumun Bakı ofisi bağlanacaq.
Yada salaq ki, az öncə NDİ-nin Bakı ofisinin Azərbaycanda seçki dönəmində facebook inqilabı hazırladığı haqqında xəbərlər yayılmışdı. İqtidaryönlü xəbər saytları iddia edirdi ki, NDİ-nin Bakı ofisinin rəhbəri Aleks Qriqorievsin hesabından yaxın zamanlarda 2 milyon dollar vəsait çıxarılaraq seçkiöncəsi kütləvi aksiyaların təşkili üçün müxalifətçi gənclər birliklərinə verilib. Həm nümayəndəlik, həm ABŞ və ABŞ səfirliyi bu xəbərləri təkzib etsə də baş prokuror Zakir Qaralov ötən həftə ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin bir sıra qanunları pozduğunu bildirib.

Azərbaycanda 1995-ci ildə işə başlayan qurum 2011-ci ilin iyulundan Ədliyyə Nazirliyindən 1 illik fəaliyyət üçün qeydiyyat şəhadətnaməsi alıb. Ekspertlər NDİ-nin Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının yaranmasına ciddi dəstək verdiyini bildirir. O, Azərbaycanda fəaliyyət göstərən bir neçə beynəlxalq qurumla bərabər Azərbaycanın demokratik inkişafında nəfəslik rolu oynayıb. Proses 2005-ci ilin parlament seçkilərinə qədər belə davam edib.

Azərbaycan hakimiyyəti ilə NDİ-nin ilk ciddi toqquşması da elə 2005-ci il parlament seçkilərində olub. İnstitutun direktoru, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Azərbaycan səfərindən sonra hakimiyyət özü üçün ciddi bir beynəlxalq qalmaqalın əsasını qoyaraq NDİ-ni Azərbaycana dövlət çevrilişi cəhdinə dəstək verməkdə ittiham etdi, iki nazir - Fərhad Əliyev, Əli İnsanov bu suçlama ilə həbs edildi. Qurumla rəsmi Bakı arasında gərginlik bir neçə il davam etdi.

Aradan keçən illərdə iqtidar siyasi düşərgəni təmsil edən qurumların beynəlxalq donorlarla işbirliyini məhdudlaşdırmaq üçün qanunvericilik bazasına ciddi dəyişikliklər etdi. Sonuncu belə bir dəyişiklik 2011-ci ildə oldu və NDİ Bakı ofisini bağladı. Sonradan rəsmi Vaşinqtonla Bakı arasında centlmen anlaşmasına görə, 2012-ci ilin yayında ofis açıldı. Ancaq indi bəlli olur ki, Bakı qurumun qeydiyyatını yalnız 1 illiyə təzələyib.

Moderator.az-a saytının yaydığı xəbərə görə, Prezident Administrasiyası rəhbərliyi ilə səfir Morninqstarın görüşü zamanı bu məsələ 2 saatadək müzakirə edilib. Onu da vurğulayaq ki, son aylar Azərbaycan hakimiyyətinin davranışlarında ölkəni beynəlxalq aləmdən təcrid meylləri açıq sezilir. Bir müddət öncə ATƏT-in Bakı ofisinin mandatının kiçildilməsi təklif edilmişdi. Buna qədər isə rəsmi Bakı Norveç İnsan Haqları Evinin, Respublikaçılar İnstitutunun, İFES-in Bakı ofislərinin bağlanmasına nail olub. İndi Azərbaycanda üç beynəlxalq təşkilat fəaliyyət göstərir - ATƏT, Avropa Birliyi və Avropa Şurası. “Friedrich Naumann” Fondu, “German Marshal” Fondu Azərbaycanda yalnız koordinator səviyyəsində təmsil olunur. “Freedom House”, “Amnesty İnternational” kimi nüfuzlu beynəlxalq hüquq-müdafiə qurumları Azərbaycandakı durumu davamlı olaraq diqqətdə saxlasa da, iqtidar onların Bakıda ofisi açmalarına imkan vermir.

Dünən ABŞ Dövlət Departamenti rəsmi Bakının MDİ-nin Azərbaycandakı nümayəndəliyinə qarşı ittihamlarına cavab verib. Musavat.com-un Dövlət Departamentinin internet saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Viktoriya Nuland bununla bağlı suala cavabında deyib ki, bu barədə rəsmi məlumata malik deyil: “Son günlər baş verənləri bilmirəm. Biz onları yoxlayacağıq. Lakin məlumdur ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar”