BolgeXeber.Com » Siyasət » Gülər Əhmədova 1 milyona azadlıqda qalmaq istəyib

Gülər Əhmədova 1 milyona azadlıqda qalmaq istəyib

7-04-2013, 10:05
Oxunub: 5 296 Redaksiyamıza sabiq YAP-çı deputat Gülər Əhmədova barədə ilginc məlumat daxil olub. Məlumata görə, sabiq deputat barədə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi Səbayel Rayon Məhkəməsində heyrətamiz olaylar yaşanıb.

Mətbuat üçün qapalı keçirilən məhkəmə prosesinin təfərrüatlatı ictimaiyyətə bəlli olmasa da prosesdə iştirakçı olmuş məlumatlı şəxslər (onların prosesdə hansı statusda iştirak etdiyini yazıb zərbə altında qoymaq istəmirik-red.) müxbirimizə ordakı bəzi detallar barədə bilgi verdilər.

Məlumata görə, fevralın 13-də keçirilən proses zamanı G.Əhmədova azadlıqda qalmaq üçün öz son şansından da istifadə etmək istəyib. O, prosesə sədrlik edən hakim Elnur Həsənova deyib ki, Elşad Abdullayevdən 1 milyon dollar alıb və onu qaytaracaq. Sabiq deputat bu etirafdan sonra məhkəmədən onun barəsində həbs tədbiri seçməməyi xahiş edib. Amma hakim onun bu etirafına məhəl qoymayıb. Çünki həmin tarixdə Bakı Şəhər Prokurorluğu Əhmədova barədə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə təqdimat veribmiş.

Məlumatda o da bildirilir ki, sabiq deputat həbs olunmazdan əvvəl prokurorluqda və istintaqda da E.Abdullayevdən 1 milyon dollar aldığını etiraf edib. Amma G.Əhmədova hər dəfə bu pulu qaytaracağı ilə bağlı vəd verib. İlk vaxtlar onun bu strategiyası işə yarasa da sonda hakimiyyətin həbslə bağlı qərarı qəti olub. Buna səbəb isə sabiq deputatın hakimiyyəti hədəfə alan bəzi üstüörtülü açıqlama və eyhamları idi.

Sabiq deputatın məhkəmədə belə çıxış etməsi isə təsadüfi sayılmır. Təqsirləndirilən şəxsin ziyanın ödənilməsi ilə bağlı təşəbbüsü cəzanın yüngülləşdirilməsinə müsbət təsir göstərir. Amma bu, G.Əhmədova nümunəsində effektli olmayıb.

Digər maraqlı məlumat odur ki, G.Əhmədovanın bu etirafları istintaq orqanında və məhkəmə qeydlərində də yer alıb. Hazırda isə eks-deputat tam fərqli bir müdafiə strategiyası qurub. Bu strategiya əsasında Əhmədova ümumiyyətlə E.Abdullayevdən pul almadığını, əksinə, sabiq rektorla Sevinc Babayevanın xahişi ilə ABU tələbələrindən alınan pulların qaytarılması üçün söhbətə getdiyini deyir.

Mütəxəssislər isə düşünür ki, G.Əhmədova indi də istintaqa o vaxt affekt vəziyyətdə olduğu üçün belə açıqlama verdiyini söyləyə bilər və bu, problem sayılmaz.

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsi fevralın 13-də G.Əhmədova barədə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Həbs günü məhkəmədə Əhmədovanın hüquqlarını vəkil Eldar Qədimi və Zülfiyyə Bayramova müdafiə edib.musavat.com