BolgeXeber.Com » Siyasət » Milli Məclisdə Milli Şura rəhbərliyinə kəskin ittihamlar

Milli Məclisdə Milli Şura rəhbərliyinə kəskin ittihamlar

23-10-2019, 10:35
Oxunub: 5 126 Milli Məclisdə Milli Şura rəhbərliyinə kəskin ittihamlarZiyafət Əsgərov: “Mən soruşuram: Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz?”

Oktyabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament sədri xaricdə səfərdə olduğu üçün iclasa Birinci vitse-spiker Ziyafət Əsgərov sədrlik edirdi.

Cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov dedi ki, 19 oktyabrda Bakı şəhərində keçirilən qeyri-qanuni aksiyaya münasibət bildirməliyik: “Bir qrup Azərbaycan əleyhinə olan, erməni lobbisi tərəfindən müdafiə edilən qüvvələr paytaxtda qarışıqlıq yaratmağa cəhd göstərdilər. Onlar həyata keçirilən islahatların üzərinə kölgə salmaqdan ötrü ayrılmış yerdə deyil, şəhərin mərkəzində xalqla polis arasında gərginlik yaratmağa cəhd göstərdilər. Bununla da Azərbaycan Konstitusiyasının 10-dək maddəsi kobud şəkildə pozulub. Bu insanlar barədə hüquq-mühafizə orqanları ciddi araşdırmalar aparılmalıdır. Hər birimiz buna münasibət bildriməliyik! İndi 90-cı illər deyil. Zaman, dövr və şəxsiyyət də eyni deyil. Qibləsini tanımayan adamlar təqvalı insanlardan alət kimi istifadə edirlər. Mən dindarlara müraciət edirəm, bəs sizin onlarla apardığı işiniz nədən ibarətdir? Azərbaycan prezidenti məscidlər, mədrəsələlər tikib xalqın istifadəsinə verir. Bunlar nə edir? Hər şeyi dağıdırlar!”

S.Novruzov bildirdi ki, hər kəs bunların hərəkətinə reaksiya verməli, mövqeyini ortaya qoymalıdır: “Yaradıcı təşkilatlar, ayrı-ayrı tanınmış insanlar ortaya çıxıb münasibətini bildirməlidir. Təkcə millət vəkilləri bunlara cavab verməli deyil, digər təşkilatlar da münasibətini bildirməlidir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova da mitinqlə bağlı fikirlərini bölüşdü: “Azərbaycan dövləti özünü təsdiq edib. Bunu şübhə altına alan hər bir müzakirədən kənar durmalıyıq. Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arxasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur”. Sədr müavini bu mövzuda danışan həmkarlarının narahatlığını başa düşdüyünü bildirdi: “Azərbaycan dövlətinin gücü və onların qarşısında davamlılığı məsələsi müzakirə mövzusu deyil. Bunu şübhə altına alan hər bir müzakirədən kənar durmalıyıq”. B.Muradova qeyd etdi ki, onlar qanundankənar, qanunazidd fəaliyyət həyata keçirmək istədilər: “Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq idi”.

“Özlərinə müxalifət deyən insanların xəyanət xronologiyasına baxanda adamı dəhşət bürüyür. Doğrudanmı bu insanlar 1990-cı ildən bəri heç dəyişməyib? A kişi, Azərbaycan kosmik dövlətdir e”. Bu fikirləri isə Birinci vitse-spiker Ziyafət Əsgərov söylədi. Z.Əsgərov dedi ki, Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib: “Noyabr ayında növbəti beynəlxalq tədbir keçiriləcək. 25-26 oktyabrda Qoşulmama Hərəkatının zirvə görüşü Bakıda keçiriləcək. Vacib idimi belə bir vəziyyətdə siz ”28 May" metrosu qarşısında aksiya keçirəsiniz? Azərbaycana asi olmaq haradan gəlir belə? Başa düşürəm, sizin sifarişçiləriniz var, sizə pul verirlər. Amma siz də azərbaycanlısınız axı".

Birinci vitse-spiker ardınca dedi: “Azərbaycan bundan sonra da çox güclü inkişaf edəcək və bu islahatlar ona gətirəcək ki, Azərbaycan dünyanın ən sayılan ölkələrindən olacaq! Konstitusiyanın 49-cu maddəsinə istinad edirlər ki, bizim sərbəst toplaşmaq azadlığımız var. Mən də razıyam, hər bir azərbaycanlı konstitusiya hüquqlarından istifadə edə bilər. Amma şərtlər də var axı. Mən soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Əminəm ki, bilirsiniz. Deməli, bulanıq suda balıq tutmaq istəyirsiniz. 1992-ci ildə mülki və siyasi hüquqlar aktını Əbülfəz Elçibəy Helsinkidə imzalayıb. Əli Kərimli, bu sənəd sizin ”sevgi" bəslədiyiniz - sevgini dırnaq arasında deyirəm, çünki siz Azərbaycan xalqına xəyanət etdiyiniz kimi, ona da xəyanət etmisiniz - prezident imzalayıb. Sizin niyyətiniz təmizdirsə, metronun qarşısında niyə aksiya keçirmək istəyirsiniz? Ə, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən? Kimsən sən? Sənin toplaşmaq azadlığın var, mənim də istirahət etmək hüququm! Sən onsuz da hər şeyi itirmisən, Əli Kərimli, sənin heç olmasa gənclərə yazığın gəlsin!"


Z.Əsgərov Avropadan Bakıya ünvanlı bəyanatlara da cavab verdi: “Əvvəla, bizimlə diktə ilə danışmayın, hələ siz gedin İspaniyada etdiyiniz biabırçılıqları araşdırın, sonra bizdən araşdırmalar tələb edərsiniz! Digər tərəfdən, biz Azərbaycan dövlətini, dövlətçiliyini, İlham Əliyevi biz göz bəbəyi kimi qoruyacağıq!”

“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov belə dedi.

S.Novruzov televiziyalarda yayımlanan serialları da tənqid edərək bildirdi ki, bəzi verilişlərdə zorakılıq təbliğ olunur: “Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər... Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişib serialdakı kimi danışmağa. Televiziyalarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynindən sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”.

Milli Məclis “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə etdi.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, layihədə proqnozlaşdırılan inflyasiyanın nəzərə alınması ilə icmal büdcənin yuxarı həddinin artırılması əksini tapıb.

Deputat Qüdrət Həsənquliyev söz alaraq məsələyə fərqli prizmadan yanaşdı: “Bu yaxınlarda cənab prezident keçirilən müşavirədə bildirdi ki, büdcədə bəzi sahələr üzrə xərclər məqsədyönlü şəkildə şişirdilir. Gərək biz Milli Məclis olaraq xərclərin şişirdilməsinin qarşısını alaq. Bəzən Nazirlər Kabinetindən parlamentə göndərilən sənədlər tam göndərilmir. Ona görə də Milli Məclisdən tələb və xahiş edirəm ki, Nazirlər Kabineti qarşısında parlamentə göndərilən sənədlərin hamılıqla təqdim olunması tələbi qoyulmalıdır. Həmçinin Hesablama Palatası dəqiq göstərsin ki, tikiləcək obyektlər neçəyə başa gələcək, o, göstərilməlidir. Hər kəs bu işdə prezidentə kömək etməlidir. Həmçinin Milli Məclis bu işdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirilməlidir”.

Sədrlik edən Ziyafət Əsgərov isə həmkarına xitabən, “Qüdrət müəllim, siz Milli Məclisdən tələb etdiniz, Milli Məclis sizin xahişinizi yerinə yetirmədi, onda hansı hüquqi hərəkəti edəcəksiniz? Ona görə çalışın, xahiş edin!”, deyə, səslənən fikirlərə reaksiya verdi.

Milli Məclisin plenar iclasında “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdam müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirə edildi.

Deputat Asim Mollazadə çıxışında qanun layihəsinə böyük önəm verdiyini bildirdi. Dedi ki, uşaqların təhsildən yayındırılması, erkən ərə verilməsi kimi problemlər də ciddi narahatlıq doğurur. A.Mollazadə qadınlara qarşı zorakılıqların əleyhinə olan İstanbul sazişinin təsdiqlənməsini də zəruri saydı. Digər deputatlar, Aytən Mustafayeva, Aqiyə Naxçıvanlı, Qənirə Paşayeva, Sona Vəliyeva da çıxış edərək layihənin qəbulunu zəruri saydılar, mövcud prioblemlərdən danışdılar.


“Uşaq hüquqları haqqında” qanun layihəsi barədə danışarkən Q.Paşayeva ailələrin adından, onları narahat edən məsələlərə diqqət çəkdi. Dedi ki, uşaqların qumar oyunlarına marağı artıb: “Həmçinin deyirlər ki, qanunla qadağan edibsiniz, amma uşaqlarımıza siqaret, alkoqol, enerji içkiləri hər yerdə satılır. Xüsusilə də qumar oyunları məsələsini diqqətdə saxlamalıyıq!”

Deputat Qüdrət Həsənquliyev də bu məsələ ilə bağlı narahatlığını çatdırdı: “Məktəblərin yaxınlarındakı qəzet köşklərində şüşə arxasına siqaretlər düzülür və xüsusi işıqlandırma ilə diqqət ora yönəldilir”.

Q.Həsənquliyev daha sonra Ziyafət Əsgərovun ona ünvanladığı iradına cavab verdi: “Əgər vəzifəli şəxs qanuni vəzifələrini yerinə yetirmirsə, deməli, həmin vəzifəyə layiq deyil!”

Komitə sədri Siyavuş Novruzovun sözlərinə görə, əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib: “Sonra məlum olurdu ki, həmin insanın maddi ehtiyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.

Plenar iclasda “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Bildirildi ki, qanuna edilən əlavə ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir. Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında çıxış edərək bildirib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir: “Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir”.

Komitə sədri Əli Hüseynli qeyd etdi ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb: “Milli Məclisin sabiq deputatı Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətə başladığı dövrdən diaspor sahəsi ilə bağlı keyfiyyətcə yeni işlər görülməyə başlayıb. Dünyada baş verən çağırışlar və Azərbaycan diasporunun fəaliyyətinin artan nüfuzu bu sahədəki qanunvericiliyin də təkmilləşdirilməsi zərurəti yaradıb”.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olundu.

Elşad PAŞASOY