Nazir oğlunun kobud səhvi
22-04-2013, 08:55
Oxunub: 5 667
İsmət Abbasovun oğlunun kobud siyasi səhvi
Kənd təsərrüfatı naziri İsmət Abbasov özünü və ətrafını qorumaq üçün hərəkətə keçdi; onun Londonda yaşayan biznesmen övladı hakimiyyətdəki dəstəbazlığa və daxili çəkişmələrə eyham vurub atasının rəqiblərinə “əlcək atdı”...
Hakim komanda daxilindəki qruplaşmalar və bu dəstələr arasında gedən amansız rəqabət təzə mövzu deyil. Hakimiyyətin monolitliyi barədəki təbliğata rəğmən bu mübarizə o qədər açıq-aşkar gedir ki, artıq nəinki nazirlər və iri məmurlar özləri, onların hətta xaricə yerləşmiş övladları da bu nüfuz və özünüqoruma savaşına qoşulublar.
Kənd təsərrüfatı naziri İsmət Abbasovun Londonda yaşayan biznesmen (hər halda özünü belə təqdim edir-müəl.) oğlu Yunis Abbasovun Azərbaycan mətbuatına açıq siyasi ittiham və eyhamlarla dolu müsahibəsi bu mübarizənin artıq açıq xarakter almağa başladığını göstərir.
Öncə bir məqamı qeyd edək: digər iri nazirlərin xaricdə yaşayan övladları yerli mətbuatla təmaslara o qədər də meylli deyil. İsmət Abbasovun oğlu Yunis Abbasov isə heç meylli deyil. Bu, onun Azərbaycan mətbuatına cəmiyyətə bəlli olan ilk müsahibəsidir. Yəni Azərbaycan ictimai fikri onu əslində ilk dəfədir görüb tanıyır. Bəs Yunis Abbasovun belə qəfil sıçrayışla ictimai-siyasi mübarizə meydanına atılmasının səbəbi nədir? Bu suala cavab vermək üçün bir qədər geriyə qayıtmaq lazımdır.
Martın 25-də Azərbaycan mətbuatında “Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı” başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.
Bu xəbər yayılandan sonra yerli siyasi müşahidəçilər belə fikirlər irəli sürdülər ki, mülk ittihamı kənd təsərrüfatı nazirinə qarşı kompromat savaşının son və həlledici mərhələyə girməsinin, rəqiblərinin onu tezliklə bitirmək qərarı verməsinin əlamətidir. Arqument də belə idi: çünki İ.Abbasov bu vaxta qədər yalnız rəhbərlik etdiyi sahədəki axsamalar, qüsur və nöqsanlarla “vurulurdu”, indi isə onun artıq başqa zəif nöqtələrinə - şəxsi sərvətinə “atəş açılır”. Kənd təsərrüfatı nazirinin rəqibinə gəlincə isə o da çoxdan aydındır. Bu rəqib İ.Abbasovun sahəsini “udmağa” çoxdan bəri davamlı səylər göstərən Kəmaləddin Heydərovdur. Fövqəladə hallar nazirinin KTN şefi ilə illərdir davam edən “taxıl savaşı” da əslində İ.Abbasovu diz çökdürməyə hesablanıb. Proses hələ gedir. Özü də açıq gedir.
Görünür, nazir oğlu da bu təhlükənin ciddiləşdiyini görərək aktivləşib və birbaşa atasının müdafiəsinə qalxaraq bu savaşda siyasi tərəf olmaq niyyətini ortaya qoyub. Amma o, elə ilk cəhdindəcə xeyli kobud siyasi səhvlər buraxıb. Onlara baxaq.
Əvvəla, Yunis Abbasov xaricdə mülkü olan əksər nazir və məmurları “sancıb”: “Mən gözümü açandan atamın imkanlı şəxs olduğunun şahidi olmuşam. Bunu bizi, ailəmizi, nəslimizi tanıyan hər kəs yaxşı bilir. Bizim hələ 1991-ci ildən Londonda evimiz olub. O dövrdə atam nə nazir işləyirdi, nə də başqa yüksək vəzifə tuturdu...”
Burada digər məmurlara üstüörtülü şəkildə və ustalıqla ciddi ittiham irəli sürülüb. Yəni İ.Abbasov indiki nazirlərdən və yüksək vəzifəli şəxslərdən fərqli olaraq bu evi məmur kimi yığdığı rüşvətlə, korrupsiya yolu ilə, vəzifəsi hesabına almayıb. Bu isə onun həm də atasının rəqiblərinə, ilk növbədə oğlanları çoxdan Londona yerləşmiş Kəmaləddin Heydərova, deməli, həm də demək olar ki, bütün hakim komandaya ünvanladığı ittihamdır. Bu addımın siyasi cəhətdən nə qədər yetkin və sərrast olması müzakirəyə açıqdır.
Azərbaycan mətbuatında birdən-birə haqqında davamlı yazılar yazılmasının səbəbinə toxunan Y.Abbasov burada da hücum mövqeyindən çıxış edib, dolayı yolla ittiham yağdırıb: “Bu yazılar mənim haqqımda olsa da əsas hədəf nazir işləyən atamdır. Hər prezident seçkisi ərəfəsində atama qarşı belə qərəzli hücumlar olur, beş ildən bir bunlar təkrarlanır. Ötən prezident seçkisində də belə olmuşdu. Bununla atamı gözdən salmaq istəyirlər”.
Özünümüdafiədən hücuma keçən nazir oğlu bu haqda danışarkən “bu yazıları sifariş edənlər və yazdıranlar” ifadəsindən də istifadə edib, sonra da atasının prezidentə “daha çox sədaqətli olmasını” xüsusi vurğulayıb. Yaxşı, bəs sifarişçilər, yazdıranlar kimdir? Hər halda müxalifət deyil. Deməli, nazir oğlu bu dəfə də hakimiyyət daxilindəki qruplardan birini və ya bir neçəsini nəzərdə tutub. Necə deyərlər, va-bank gedib. Yəni “siz prezidentə sadiqsinizsə, atan daha çox sədaqətlidir”...
Y.Abbasovun bu müsahibəsinin mətninin nazir atası ilə, ona işləyən siyasi texnoloqlarla razılaşdırılmadığını, bu müsahibənin nazir oğlunun özfəaliyyətinin nəticəsi olduğunu düşünmək sadəlövhlük olardı. Qəti şübhə yoxdur ki, bu müsahibədəki fikir və tezislər nazir atanın iştirakı ilə dəfələrlə müzakirə olunub, ölçülüb-biçilib, ona lazımi redaktə və korrektələr edilib. Yəni müsahibədə konkret məqsədlər güdülür. Nazirin və yaxın çevrəsinin qafqazinfo.az saytına verilmiş bu müsahibənin çap mətbu orqanlarında dərc edilməsi üçün hərəkətə keçməsi, bu məqsədlə açıq lobbiçiliyə başlaması, ayrı-ayrı müstəqil mətbuat orqanlarının redaksiyasına missiyalar göndərilməsi də təsadüfi və səbəbsiz deyil. Buradakı məqsəd - rəqiblərə qarşı hücumun miqyasını genişləndirmək və lazımi ictimai effekt əldə etmək niyyəti adi gözlə də görünür. Amma gözləyək görək bu cəhdlər hakimiyyət dəhlizlərinin divarları arasında hansı effekti verəcək...
İ.Abbasovun oğlunun bu müsahibəsinin ali sarayda necə qarşılandığı haqda bilgimiz yoxdur. Amma kifayət qədər sərt mesajlarla zəngin olan müsahibəyə görə KTN şefinin problem yaşayacağı da bəzi ekspertlər tərəfindən istisna edilmir. İstənilən halda nazir oğlunun müsahibəsi uğursuz zamana təsadüf etdi. Hakimiyyət daxilində “Misir inqilabı”nın baş verdiyi ərəfədə Yunis Abbasovun Dumanlı Albiondan Bakıya bu cür mesajlar göndərməsi Abbasovların öz siyasi gələcəklərini dumana-çənə qərq edə bilər...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər