BolgeXeber.Com » Siyasət » Şəkidə AXCP-nin müşavirəsinə basqın oldu- VİDEO

Şəkidə AXCP-nin müşavirəsinə basqın oldu- VİDEO

5-05-2013, 13:50
Oxunub: 5 382 Şəkidə müşavirə keçirmək istəyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri ilə polis arasında qarşıdurma yaşanıb. Bu barədə AXCP mətbuat xidmərinin rəhbəri Natiq Ədilov "Facebook" vasitəsilə məlumat yayıb və "Youtube" portalına video yerləşdirib. Məlumata görə, polisin müşavirəyə basqın etməsi nəticəsində insident yaranıb və qarşıdurmaya çevrilib.
AXCP rəhbərliyi Şəki rayonunda partiya üzvləri ilə görüş keçirərkən, polis qüvvələri və mülki geyimlilər müdaxilə edib, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli və AXCP Şəki rayon təşkilatının sədri Əli Abdullayev polis bölməsinə aparılıb. Azadliq.info xəbər verir ki, görüş Əli Abdullayevin həyətində təşkil olunub. Polislər və mülki geyimlilər onun həyətinə basqın edərək iştirakçıları bayıra çıxarıb, tədbirin keçirilməsinə imkan verməyiblər.
AXCP sədrinin müavini Gözəl Bayramlı, mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, Gənclər Komitəsinin koordinatoru Nihad Hüseyn və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva da görüşdə iştirak edib.
Həyətə basqın edənlər onlara da qarşı zorakılıq nümayiş etdiriblər.
Məlumata görə, Şəkidə cəbhəçilərə qarşı təxribat hazırlanır. Xüsusi hazırlanmış şəxslər cəbhəçiləri yumurta atəşinə tutamaq üçün səfərbər olunub.
Hazırda cəbhəçilər Əli Abdullayevin mənzilində toplanıblar. Lakin polislər mənzil sahibinin həyətinə giriblər və ondan qonaqları çıxarmağı tələb edirlər.
Xatırladaq ki, bundan əvvəl də Sabirabadda polislər və mülki geyimlilər AXCP-nin yerli şöbə fəalının həyətinə basqın edib, partiyanın toplantısını dağıtmışdılar.
***
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun Azadlıq radiosuna verdiyi məlumata görə, mayın 5-də partiyanın şöbə sədri Əli Abdullayevin həyətində keçirilən tədbir başlayan kimi polislər ora daxil olaraq tədbiri dağıdıblar: “Polis stolları dağıtdı, üzvlərimizi həbs etdi. Mən bir jurnalist kimi soruşdum ki, niyə üvzlərimizi həbs edirsiz. Cavab verdilər ki, belə lazımdır, belə də edirik”.

Natiq Ədilovun dediyinə görə, AXCP sədrinin müşaviri Sahib Kərimov da daxil 10 yaxın partiya üzvü polis bölməsinə aparılıb. Saxlananlar arasında müşavirəyə ev sahibliyi edən Əli Abdullayev də var.
Şəki şəhər rayon polis şöbəsi məlumatı nə təsdiq, nə də təkzib edir.