BolgeXeber.Com » Siyasət » “Parlamentdə olmaq böyük şərəfdir” — Çingiz Qənizadə yenidən namizədliyini verir

“Parlamentdə olmaq böyük şərəfdir” — Çingiz Qənizadə yenidən namizədliyini verir

15-02-2020, 15:28
Oxunub: 6 042
“Mənim üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur. Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi”...

“Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum. Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır”.

Bolgexeber.com-un xəbərinə görə, bunu nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa lider namizəd Çingiz Qənizadə deyib.

“Əgər seçkilər keçiriləcəksə, digər dairələrdən namizədliyimin verilib-verilməməsi məsələsi tərəfimdən təhlil olunacaq və müəyyən qərar veriləcək. Hansı dairədən olmasından asılı olmayaraq, Azərbaycan parlamentində olmaq, millət vəkili kimi fəaliyyət göstərmək və qanunvericiliyin yaradılmasında aktiv iştirak etmək, cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın apardığı islahatlara dəstək vermək, təhlil etmək, ölkənin daxili və xarici siyasətində baş verənləri seçicilərə çatdırmaq böyük şərəfdir. Bu proseslərdə iştirak etmək üçün namizdəliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm” – Ç.Qənizadə qeyd edib.