BolgeXeber.Com » Siyasət » Deputat: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”

Deputat: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”

9-05-2013, 12:15
Oxunub: 5 891 Nəriman Əliyev: “Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək mümkün deyil”

“Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının çökdüyü, daxildə separatçılıq meyllərinin gücləndiyi, faktiki olaraq ölkənin parçalanma həddində olduğu bir dövrə təsadüf edirdi. Belə bir fors-major vəziyyətdə məhz Ulu Öndərin iqtidara gəlişi Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi”. Bu sözləri Bolgexeber.com-a açıqlamasında Milli Məclisin deputatı Nəriman Əliyev söyləyib.

Onun sözlərinə görə, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən və dünyanın hesablaşdığı qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir: “Ulu Öndər özü də söyləyərdi ki, müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çətindir. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bugünədək çətin və məsuliyyətli, həm də şərəfli bir ömür yolu keçib. Bu illərdə Azərbaycanı yenidən parçalamağa çalışan, ölkəmizi gözdən salmaq istəyən qüvvələr az olmayıb. Təəssüf ki, onlara bu məsələdə dəstək verən daxili qüvvələr olsa da, onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Ümumilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoyub. Bu gün Azərbaycan nəinki regionda, postsovet məkanında öncül yerlərdən birini tutur. Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək mümkün deyil”.

Heydər Əliyev ideyalarının bu gün də onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən millət vəkili əmindir ki, yaxın illərdə Azərbaycanın uğurları daha da artacaq: “Bu gün Azərbaycan bütün dünyanın diqqətini çəkən, beynəlxalq səviyyəli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi, turistlərin axışdığı möhtəşəm bir ölkəyə çevrilib. Regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğur qazanması faktiki olaraq mümkün deyil. Nəinki paytaxtımız, ölkənin ən ucqar rayonları belə gözəlləşir, müasir tələbələrə cavab verir. Əhalinin sosial-iqtisadi imkanları günü-gündən yaxşılaşır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna sadiqdir və bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Ulu Öndər kursuna – cənab Prezident İlham Əliyevə səs verəcək”.
Bolgexeber.com