BolgeXeber.Com » Siyasət » İkili standart və ya siyasi riyakarlıq

İkili standart və ya siyasi riyakarlıq

27-04-2020, 17:07
Oxunub: 4 042 Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilən müşavirə bir çox vacib məqamlarla bir müddət yaddaşlarda qalacaq. Dövlətimizin başçısının ölkə iqtisadiyyatının mövcud vəziyyətinin və inkişaf perspektivlərinin ətraflı təhlilindən bəlli oldu ki, birinci rübün göstəriciləri bütövlükdə müsbətdir. Sözsüz ki, dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və ölkə həyatının əksər sahələrinə mənfi təsir göstərməkdə davam edir. Amma Prezidentin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş strategiya həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın tədricən aradan qaldırılmasına imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Çingiz Qənizadə bildirib ki, müşavirədə diqqət çəkən məqamlardan biri də dövlətimizin başçısının beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətinin diqqətə çatdırılması oldu. O cümlədən Prezident Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi “seçki” şousuna da münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi.
Hüquq müdafiəçisi deyib: “Mən dəfələrlə beynəlxalq təşkilatların tədbirlərində iştirak etmişəm. Hər dəfə də ölkəmizə qarşı ikili standartların, qərəzli mövqeyin şahidi olmuşam. Söz yox ki, həmin tədbirlərdə iştirak edən Azərbaycan nümayəndələri qərəzli mövqe nümayiş etdirənlərin layiqli cavablarını veriblər və onların beynəlxalq hüquq normalarına hörmətsizlikləri diqqətlərinə çatdırılıb. Belə qərəzli münasibətlərlə Avropa Şurası Parlament Assambleyasında da mütəmadi qarşılaşırıq. Dəfələrlə şahidi olmuşuq ki, Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələr, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul edir, bu yolla beynəlxalq aləmdə respublikamız haqqında mənfi rəy formalaşdırmaq istəyirlər. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən AŞPA bu günə qədər işğalçı Ermənistana layiq olduğu qiyməti vermir, öz ata-baba yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpa olunması istiqamətində hələ də qərar qəbul etməyib. Bu təşkilatdakı anti-Azərbaycan, ermənipərəst qüvvələr işğalçılardan da artıq onların maraqlarını müdafiə ediblər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ ərazisində keçirdikləri qondarma “prezident və parlament seçkiləri” zamanı da bunun şahidi olduq. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu qondarma “seçkilər”i tanımadıqlarını bəyanat versələr də, AŞPA-nın bu vaxta qədər qondarma “Dağlıq Qarabağ respublikası”ndakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi ikili standartın və ya siyasi riyakarlığın bariz nümunəsidir. Belə qərəzli münasibət özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir qurumun adına qara ləkədir və bu təşkilata olan inamı heçə endirir. Bununla yanaşı, bu, AŞPA-nın beynəlxalq hüquq normalarına hörmətsizliyidir.
Bir faktı da qeyd edim ki, AŞPA Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu vaxta qədər ölkəmizdə keçirilmiş seçkilərdə bir milyondan artıq soydaşımızın – məcburi köçkünlərin normal iştirak edə bilməməsinə və onların seçki hüququnun pozulmasına seyrçi münasibət bəsləyib. Bu da həmin təşkilatın ikili standartlar “xəstəsi” olmasının təsdiqidir”.