BolgeXeber.Com » Siyasət » Dövlət öz vətəndaşının yanındadır

Dövlət öz vətəndaşının yanındadır

29-04-2020, 11:18
Oxunub: 3 268 “Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alın­ması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır . Bu təhlükəli virusla bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır və əhalinin sağlamlığının qorunması ilə bağlı bütün imkanlardan istifadə edilir, qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələlərdən biri də heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır”. Bu fikri Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi.
O dedi ki, ötən illərdə də dəfələrlə ölkədə baş verən təbii fəlakətlər zamanı
dövlət hər zaman öz vətəndaşlarının yanında olub və insanlara dəyən zərəri bütünlüklə öz üzərinə götürüb. Koronavirus
pandemiyası baş qaldıran gündən bəri dövlət başçımızın həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar da bunu təsdiqləyir: “Hətta Azərbaycanın sədr ölkə kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşü də bütünlüklə koronavirusla
mübarizəyə həsr olunmuşdu. Bu təşəbbüs də Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdü və təşkilatın üzv dövlətləri tərəfindən dəstəklənmişdi”. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir: “Bu, türkdilli dövlətlərin dünya birliyində nümunəvi səviyyədə olan həmrəyliyinin bariz təzahürüdür. Dövlətimizin başçısı bu həmrəyliyi, ilk növbvədə, türkdilli xalqları birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlərlə əlaqələndirdi. Dedi ki, bütün bunlar qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da iştirak etdiyi zirvə görüşündə Prezident İlham Əliyevin çıxışına münasibət bildirən Ç. Qənizadə dövlətimizin başçısının ölkəmizdə koronavirusa
qarşı aparılan mübarizə ilə əlaqədar geniş məlumat verdiyini vurğuladı: “ İlk növbədə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırıldı.
Bununla əlaqədar artıq tədbirlər planının da hazırlandığını bildirdi. Bu proqramlarda
iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması
üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Artıq həmin istiqamətdə ayrılmış vəsaitlərin ünvanlarına çatdırılması
prosesinə start verilib. Məndə olan məlumata görə, qeydiyyata düşmüş işsizlər üçün artıq birdəfəlik 190 manat ödənilməsinə başlanılıb. Bu vaxta qədər 55 min işsiz bu imkandan yararlanıb”. Hüquq müdafiəçisi bildirdi ki, ölkəmiz təkcə öz vətəndaşlarının deyil, dünyadakı bütün insanların bu virusdan qorunmasına öz dəstəyini əsirgəmir. Məhz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə verilib: “Videokonfransda çıxış edən ÜST-ün baş direktoru, doktor Tedros Adhanom Qebreyesus bu humanist addıma
görə ölkə Prezidentinə, Azərbaycan hökumətinə təşəkkür etdi”. Komitə sədri vurğuladı ki, koronavirusla
bağlı mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Çünki bu virusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. O, dövlətimizin bu təhlükədən də alnıaçıq, üzüağ çıxacağına əminliyini bildirdi.
 
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”