BolgeXeber.Com » Siyasət » Xilaskar

Xilaskar

8-05-2020, 16:18
Oxunub: 4 489 Mən bu sərlövhəni təsadüfən seçməmişəm.  1988- ci ildən sonra respublikamızda baş verənləri gözləriniz önünə gətirin. Bir tərəfdən silkələnməkdə olan SSRİ-nin özünü qoruyub saxlamaq üçün quduzlaşması və tabeçiliyndə olan respublikaları silah gücü, hədə-qorxu, bəzən isə qan tökməklə  özündən asılı vəziyyətə salması, Azərbaycana Əbddürrəhman Vəzirov kimi  azərbaycançılıqdan çox uzaq, milli-mənəvi dəyərləri tamamilə unudan birisinin rəhbərliyi, vəziyyəti getdikcə çətinləşdirirdi.
Nankor qonşumuzun  “böyük Ermənistan” yaratmaq xülyası, keçmiş SSRİ-nin rəhbəri, daim millətlər arasında ayrı-seçkilik toxumu səpməklə milli ədavəti qızışdıran Mixail Qorbaçovun müxtəlif respublikaların, o cümlədən Azərbaycanın ərazisini öz atasının malı kimi başqalarına bağışlaması təkcə Azərbaycanda deyil, bütövlükdə SSRİ- də ciddi təşviş, oyanış yaratmışdı. Xalq artıq heç nədən çəkinmədən, heç kimdən qorxmadan öz etiraz səsini qaldırır, küçə və meydanlara çıxırdı. Həmin dövrdə respublikamıza rəhbərlik edənlərin maymaqlığından və  qorxaqlığından Azərbaycanın da başı üzərini qara buludlar alırdı. Mixail Qorbaçov  xalqımızla razılaşmadan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə ölkə başçısına xas olmayan  düşüncəsiz, səviyyəsiz qərar qəbul etmişdi.
Tarixdə öz mərdliyi, qəhrəmanlığı  ilə iz buraxmış Vətənin bir qarışından ötrü canını qurban verməyə hazır olan mərd oğul və qızlarımız, ictimai-siyasi xadimlərimiz, ziyalılarımız bu haqsızlığa, ədalətsizliyə dözə bilməzdi. Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Doğrudur, hamımız Ana torpağın üzərində yaşayır və son mənzilmizə kimi ona da tarşırılırıq. Bu da təbbidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. Torpağı qoruyarsan,  Vətən olar, qorumazsan kəfən.  Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət Vətəndə, ayaqlarının altında, tokkuşan qılıncların kölgəsindədir. Biz xalqımızın qəhrəmanlıq simasında da bunu gördük.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin  vətənpərvər olmaq üçün  müdrikcəsinə müəyyənləşdirdiyi üç şərt hər birmiz üçün örnəkidi;  “Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs, gərək, öz Vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşıca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə Vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək, Vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü Vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz”.
Həmin illərdə xalq Mixail Qorbaçovun Azərbaycan ərazilərini mənfur qonşularımıza peşkəş etməsinə dözə bilməzdi. Odur ki, “Torpaqdan pay olmaz” – deyib etriaz səsini qaldırdı və qısa müddətdə  Kreml bu etirazın dalqasından silkələndi. Azərbaycanlıların qarşısında tab gətirməyəcəyini  bilən Mixail Qorbaçov 1990- cı ilin 20 yanvarında respublikamıza təpədən-dırnağa qədər silahlanmış qoşun göndərdi… Sonrakı qanlı faciələr tarixin yaddaşına əbədi həkk olunduğundan bu barədə ətraflı söhbət açmaq itəsmirəm. Bircə onu xatırlatmaq istrdim ki, bu qanlı faciədən sonra ölkəyə rəhbərlik edən, o vaxt özlərini xalqn cəfakeşi kimi göstərib müxtəlif  kəşfiyyat orqanlarına işləyənlər gecə ikən qaçıb aradan çıxıdlar. Həmin çətin, təhlükəli və hər an sui-qəsdlə qarşılaşmaq məqamında olan, Moskvada xüsusi nəzarət altında yaşayan ulu öndər Heydər Əliyev həyatını və ailə üzvlərini təhlükədə qoyaraq,  faciənin baş verməsindən bir gün sonra- yanvarın 21- də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və Azərbaycanda törədilmiş qanlı 20 yanvar faciəsi barədə bütün dünyaya məlumat verdi.  Həmin gün ulu öndərin verdiyi bəyanatdan bəzi məqamları diqqətə çatdırmaq istərdim: “… Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm.
Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür…”.
Ulu öndər heç kimdən qorxub çəkinmədən faciəni törədənləri kəskin tənqid etdi. Bununla da müstəqil Azərbaycanın xilasının əsasını qoydu və yaddaşlarda  əbədi XİLASKAR kimi qaldı.
Müstəqil Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə  əbədi abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb.  Müdrik şəxsiyyət  dövlət idarəçiliyinin hər bir mərhələsində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.
Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillər onun çətin və mürəkkəb siyasi şəraitdə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin ilk günlərindən Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi.
Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirən  qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada amansız müharibə də arxa plana keçmişdi. Bu çətin dönəmdə vətəndaşlarımız müdrik qərar qəbul edərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas faktoru oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.
Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.
Sevinirik, qürur duyuruq ki, ulu öndərin yarımçıq qalmış ideyalarını onun ən layiqli siyasi varisi olan Prezident İlham Əliyev həyata keçirir,  Azərbaycanın dünya birliyində layiqli dövlət olacağına hesablanmış bu strategiyanı uğurla davam etdirir. Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Prezident İlham Əliyevin siyasi uzaqğörənliklə reallaşdırdığı siyasi kurs ölkəmizi inkişaf etmiş dövlətlər sırasına qoşub. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs, istər  sə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanmasında müstəsna rol oynayıb.
 Bəli, bu gün Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi, reytinqinin getdikcə yüksəlməsi  məhz ulu öndər  Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinnin səbəbkarı müstəqil Azərbaycanın  yaradıcısı və memarı, xalqımızın   XİLASKARI ulu öndər Heydər Əliyevdir. O, bu gün  də hər bir azərbaycnlının qəlbində əbədi heykəlini qoyub.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru