BolgeXeber.Com » Siyasət » Pandemiya ilə bağlı mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara ciddi əməl etməliyik

Pandemiya ilə bağlı mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara ciddi əməl etməliyik

11-09-2020, 14:50
Oxunub: 4 064 Koronavirus pandemiyası ilə bağlı yeddi aylıq narahatlığa, qorxu və təhlükəyə demək olar ki, artıq son qoyuldu. Sərt karantin rejimi tədricən aradan qaldırıldı. Bakı, Sumqayıt şəhərlərinə, həmçinin Abşeron rayonuna gediş-gəliş qadağası götürüldü. İctimai iaşə obyektlərinin fəaliyyəti bərpa olundu. İndi hər kəsin üzündə təbəssüm, sevinc açıq şəkildə özünü büruzə verir. Həyat davam edir. Sanki bütün işlərə yenidən başlanılıb, özü də böyük həvəs və ruh yüksəkliyi ilə. Məlum olduğu kimi, ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bir sıra yumşaldılmaların tətbiqinə qərar verilib.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunan zaman xəbərdarlıq edildi ki, bu, vətəndaşları arxayınlaşdırmamalıdır. Əgər virusa yoluxanların sayı getdikcə azalarsa, digər qadağalar da aradan qaldırılacaq. Artıq hər birimiz bunun şahidiyik. Ona görə də mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə etməli, məsafə saxlamalıyıq.

Hazırda dünyanın 230-dan çox ölkəsində COVID-19 infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada koronavirus daşıyıcılarının və dünyasını dəyişənlərin sayı getdikcə artır. Virusa yoluxanların və dünyasını dəyişənlərin sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Azərbaycan bu virusdan ən az itki verən ölkələrdəndir. Bunun da əsas səbəbi dövlətimizin başçısının insan amilinə verdiyi dəyərdir.

Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən preventiv tədbirlər sayəsində epidemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.

Əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin qərarlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi bu gün özünü açıq şəkildə göstərir. Azərbaycan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Dövlət başçısının Sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyətinin tətbiqinə başlanıldı. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verildi.

Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Mart ayının əvvəlində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət edildi və qısa müddətdə bu dəvətə cavab verildi. Belə ki, martın 9- dan 13–dək təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olub. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət veriblər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alındı. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində tikilmiş modul tipli xəstəxanalar pandemiya ilə mübarizədə mühüm rol oynadı. Ümumiyyətlə, ölkəmizdə əhalinin sağlamlığının qorunması daim dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdən olub. Son 17 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü islahatlar aparılıb, əsaslı işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Qısa müddət ərzində paytaxtda və regionlarda modul tipli xəstəxana tikilib istifadəyə verildi. Bu xəstəxanaların açılışında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı əhalinin sağlamlığının diqqət mərkəzində saxlanılmasından xəbər verir.

“Pandemiya qarşı mübarizədə əhalinin həmrəylik nümayiş etdirməsində Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus epidemiyasının ölkədə yayılması ilə bağlı bu il aprelin 1- də Azərbaycan xalqına çağırışını xüsusi qeyd etmək istərdim. Birinci xanım əhaliyə müraciətində bildirmişdi: “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm. Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm. Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır, ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin. Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadır və əllərindən gələni edir ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin.

Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər”.

Müraciətdə daha sonra qeyd edilirdi ki, məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik.

Bu müraciət hər bir vətəndaşımız üçün örnək oldu. Bu gün həm dövlət başçımızın, həm də Birinci vitse-prezidentin insan amilinə verdiyi dəyərin bəhrəsini görürük. Həyat tədricən öz əvvəlki axarına qayıdır. Lakin heç kim bundan arxayınlaşmamalıdır, bu firavanlığı qorumaq üçün qaydalara ciddi əməl etməliyik”.