BolgeXeber.Com » Siyasət » İşğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa ziddir

İşğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa ziddir

14-09-2020, 16:58
Oxunub: 3 328 Ermənistanda “məxməri inqilab” yolu ilə dövlət çevrilişi baş verəndə həm yerli əhali, həm də beynəlxalq ictimaiyyətdə, nəhayət bu ölkədə də demokratik ab-havanın yaranacağı barədə fikir formalaşdı. Axı, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan küçə və meydanlarda Ermənistanın müstəqil siyasət yeridəcəyi, heç bir ölkədən asılı olmayacağı, əsgər ölümlərinə son qoyulacağı, münaqişənin ədalətli həlli barədə vədlər verirdi. Onun vədlərinə inananlar bundan sonra yeni iş yerlərinin açılacağına, əhalinin xarici ölkələrə miqrasiyasına son qoyulacağına ümid bəsləyirdilər. Ancaq... Nikol Paşinyanın ölkəyə rəhbərlik etdiyi ilk gündən bəlli oldu ki, onun verdiyi vədlər yalan imiş. Onsuz da yoxsulluq və səfalət içərisində olan Ermənistanda vəziyyət daha da pisləşdi.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, iqtisadi və sosial böhran içərisində çapalayan və hətta öz əhalisinin sadə problemlərini həll edə bilməyən Ermənistanın baş naziri əsas vəzifəsini bir kənara qoyub tez-tez Azərbaycanın işğal altında olan ərazilərinə gedir, separatçı rejimin qarşısında çıxış edərək beynəlxalq hüquqazidd bəyanatlar verir, guya, bu ərazilərin Ermənistana məxsus olması barədə rəy formalaşdırır, bununla da öz hakimiyyətinin ömrünü uzatmağa çalışırdı. Nikol Paşinyanın dövlət rəhbərinə xas olmayan bəyanatlarına beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiq göstərilmədiyindən o, getdikcə həyasızlaşdı. Azərbaycana qarşı işğalçılıq siyasətinin daha da gücləndirilməsi, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində yeni hücum cəhdi təcavüzkar dövlətin həddini aşdığını bir daha təsdiqlədi.
N.Paşinyanın beynəlxalq hüququn normalarına saymazlığına laqeyd münasibət və özlərini “insan hüquq və azadlıqlarının müdafiəçisi” kimi təqdim edən dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlardan əl çəkə bilməmələri, o cümlədən Ermənistanın ərköyünlüyünə susqunluqları bu ölkənin rəhbərliyinin daha bir özbaşınalığına rəvac verdi. Ermənistan rəhbərliyi yenə də Azərbaycan torpaqlarında süni məskunlaşdırma yolu ilə demoqrafik vəziyyəti dəyişmək istəyir.
Bir qədər əvvəl Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyi öz köhnə vərdişlərinə sadiq qalaraq həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışır. Biz belə özbaşınalıqla əvvəllər də qarşılaşmışdıq. İşğalçı ölkə bu cür qeyri-qanuni kampaniyaları ilk dəfə deyil həyata keçirir. Ermənistanın beynəlxalq hüququn normalarını, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını və onun əlavə protokollarını pozaraq işğal etdiyi Azərbaycan ərazisində - Dağlıq Qarabağda və ona bitişik rayonlarda yaşayış məntəqələri tikməsi ilə bağlı Azərbaycan tərəfi dünya birliyinə çoxdan xəbərdarlıq edib. Halbuki beynəlxalq hüquqa əsasən, başqa dövlətin ərazilərini qəsb edən digər dövlətə həmin ərazilərdə məskunlaşdırma aparması qadağandır. Bu narahatlıqlar ATƏT-in missiyaları tərəfindən 2005-ci və 2010-cu illərdə faktların müəyyənləşdirilməsi və yaşayış məntəqələrinin peykdən çəkilmiş şəkilləri ilə də təsdiqlənirdi. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatların, o cümlədən faktaraşdırıcı missiyanın sənədləri quru kağız olaraq qaldı. Bu gün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığını nəzərə alsaq, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir.
1949-cu il Cenevrə Konvensiyası və ona əlavə protokollara zidd olan və humanitar hüququn pozulması kimi tövsif edilən bu qanunsuz köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunmuş ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir. Livanda baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi ermənilərin işğalçı, terrorçu mahiyyətini bir daha üzə çıxarır.
Ermənistanın qanunsuz miqrasiyası haqqında beynəlxalq təşkilatlara və ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət olunsa da, münaqişənin həllində vasitəçilik missiyası daşıyan bu qurum hələ ki, susur. ATƏT-in Minsk qrupunun bu susqunluğu ona olan inamı heçə endirib. Onsuz da bu quruma inanan və etimad göstərən yoxdur. 30 ilə yaxındır ki, işğalçı ölkənin nazı ilə oynayan, dəhşətli terrorlara, vandal aktlarına, sərhədboyu ərazilərdə törədilən təxribatlara, günahsız əhalinin vəhşicəsinə qətlə yetirilməsinə, həmçinin yaşayış məntəqələrinin dağıdılmasına göz yuman bu quruma kim etibar edər? Görünür, ATƏT-in Minsk qrupu əsas vəzifəsini işğalçıya öz yerini göstərmək yox, ona dəstək vermək kimi dərk edir. Çünki Ermənistanın bu qeyri-qanuni hərəkətləri birmənalı şəkildə sülh danışıqlarının ruhuna ziddir. Ona görə də həm beynəlxalq aləm, həm də ATƏT-in Minsk qrupu bu məsələdə susmamalı, işğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısını qəti şəkildə almalıdır.
Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, amma Ermənistan tərəfindən işğal olunmuş ərazisidir və BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsinə əsasən, işğalçı qüvvələr dərhal Azərbaycan torpaqlarını tərk etməlidir. Bu vaxta qədər beynəlxalq hüququn normalarının tələblərinə əməl etməyən Ermənistan son onilliklərdə işğalçılıq siyasətini daha da genişləndirib. Xarici ölkələrdə yaşayan ermənilərin immiqrasiyası Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırma siyasətinin bir hissəsidir. Bu məkrli planın işğalın daha da möhkəmləndirilməsi və bölgənin statusu haqqında gələcək danışıqlarda fakt kimi istifadə edilməsi məqsədi güddüyü hər kəsə məlumdur.
Hüquq müdafiəçisi vurğulayıb ki, Dağlıq Qarabağda aparılan köçürmə siyasətində Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır.