BolgeXeber.Com » Siyasət » ”Ruslar “sülh göyərçini” deyil! – Mədhiyyəyə “STOP!”

”Ruslar “sülh göyərçini” deyil! – Mədhiyyəyə “STOP!”

23-11-2020, 09:43
Oxunub: 3 637 Müasir dövrün ən böyük üstünlüklərindən biri – ictimai-siyasi proseslərin şəffaf olmasıdır. Dövlət başçılarının vaxtaşırı açıqlamaları və bəyanatları siyasi danışıqların gizli tərəflərinin ömrünün çox da uzun çəkməsinə yol vermir.

Noyabrın 10-da məlum oldu ki, Ermənistan kapitulyasiyaya imza atıb və Azərbaycanın əksər şərtlərini qəbul edib. Həmin şərtlərin bütövlükdə qəbuluna Rusiya əngəl oldu. Söhbət Azərbaycan əsgərinin Xankəndiyə daxil olmasından, bayrağımızın bu şəhərdə də yüksəklərə ucaldılmasından, Dağlıq Qarabağın hərbi yolla tamamilə işğaldan azad edilməsindən, qondarma və quldur rejimin bölgəmizdən birdəfəlik çıxarılmasından gedir.

Kreml növbəti dəfə ermənilərin köməyinə yetişdi. İndi də hər vəchlə onları Dağlıq Qarabağda saxlamağa çalışır. Cəmiyyətimizin əksəriyyəti ermənilərin havadarının nəyə qadir olduğunu bilir, 1993-cü ildə ölkəmizdən çıxardığımız rus hərbçilərinin yenidən əzəli torpaqlarımıza gəlməsindən çox narahatdır.

LAKİN HƏR KƏS TORPAQLARIMIZIN HESABINA İKİNCİ ERMƏNİ DÖVLƏTİNİN YARADILMASINA İMKAN VERMƏYƏCƏYİNİ DƏFƏLƏRLƏ BƏYAN EDƏN PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ ÇOX GÜVƏNİR. ÇÜNKİ 17 İLDƏ İRİ DÖVLƏTLƏRİN BÖYÜK TƏZYİQLƏRİ QARŞISINDA GERİ ÇƏKİLMƏYİB, 44 GÜNLÜK MÜHARİBƏ ZAMANI ƏSL DÖVLƏT BAŞÇISI VƏ SƏRKƏRDƏ KİMİ XALQIMIZIN GÖZLƏNTİLƏRİNİ DOĞRULDUB. HƏR MÜRACİƏTİ, MÜSAHİBƏSİ VƏ ƏMƏLİ İLƏ ÜRƏKLƏRİMİZDƏN TİKAN ÇIXARAN LİDERİMİZİN DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ ÖLKƏMİZİN HAQLI VƏ ƏDALƏTLİ MÖVQEYİNİN SİYASİ VƏ DİPLOMATİK BAXIMDAN DA TAM QALİB GƏLƏCƏYİNƏ ƏMİNİK.

Odur ki, sazişə uyğun olaraq hazırda baş verənlərin – Xankəndinə 1960 rus hərbçisindən başqa, FHN əməkdaşlarının gətirilməsinin, Ermənistan–Azərbaycan sərhədinə əlavə hərbi qüvvələrin yeridilməsinin, 28 illik həsrətdən sonra Ağdamın Azərbaycana geri qaytarılması münasibətilə kimlərinsə Rusiya bayrağını Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğalandırmasının, sınıq-salxaq rus dilində danışan ahıl ağdamlının Rusiyanın “Первый” telekanalına müsahibəsində “ruslar bizim böyük qardaşlarımızdır” deməsinin də siyasi və diplomatik gedişlərdən qaynaqlandığına inanmaq istərdik.

BÜTÜN BU İNCƏLİKLƏRƏ BAXMAYARAQ, TƏƏSSÜF Kİ, CƏMİYYƏTİMİZDƏ RUSİYANI QƏHRƏMANA ÇEVİRMƏYƏ ÇALIŞAN QÜVVƏLƏR DƏ TAPILDI. VƏ BÜTÜN FƏLAKƏTLƏRİMİZİN 200 İLLİK SALNAMƏSİNİN, SON 30 İLLİK DÖVRÜNÜN BAİSKARININ ÜNVANINA MƏDHİYYƏLƏR YAĞDIRILMAĞA BAŞLANDI. BUNUNLA TORPAQLARIMIZIN AZƏRBAYCANIN MƏRD, İGİD OĞULLARININ QANI VƏ CANI BAHASINA, AZƏRBAYCAN PREZİDENTİNİN GƏRGİN ƏMƏYİ VƏ ƏSƏBLƏRİ HESABINA AZAD EDİLMƏSİNİ DƏRHAL YADDAN ÇIXARANLAR “RUSİYA İSTƏSƏYDİ, BİZ TORPAQLARIMIZI, ƏN ƏSASI İSƏ ŞUŞANI GERİ QAYTARA BİLMƏYƏCƏKDİK; RUSİYANIN MÜDAXİLƏ ETMƏMƏSİ BİZİM QƏLƏBƏ ÇALMAĞIMIZA SƏBƏB OLDU” KİMİ ƏSASSIZ VƏ TƏHLÜKƏLİ FİKİRLƏR YAYMAĞA BAŞLADILAR.

Amma sabun köpüyünə bənzər bu boş fikrin ömrü çox çəkmədi. Qonşu ölkənin prezidenti Vladimir Putin “Россия-24” telekanalına müsahibəsində onları xəyal qırıqlığına uğratdı. O, dolayısı ilə etiraf etdi ki, rusları Qarabağ savaşına müdaxilədən Türkiyə amili çəkindirib. NATO dövlətləri arasında ən güclü ordulardan birinə malik olan Türkiyənin müstəqil Azərbaycan dövlətinin yanında durması xəbərdarlığı şimal qonşunun Vətən savaşımıza müdaxiləsinin qarşısını alıb.

Amma Prezident İlham Əliyevin müsahibələrini diqqətlə izləyənlər onsuz da bu faktı bilirdilər. İ.Əliyev bütün müsahibələrində Türkiyənin siyasi dəstəyi sayəsində erməni havadarlarının Vətən savaşımıza qarışa bilmədiklərini nəzərə çatdırırdı. Xatırlayırsınızsa, İlham Əliyev özü Tovuz hadisələri zamanı Ermənistanı təkbətək döyüşə çağıraraq, mənfur düşmənin Azərbaycan Ordusunun qarşısında davam gətirməyəcəyini demişdi. Sentyabrın 27-dən başlayan Vətən savaşı dönəmində isə Prezident xalqa müraciətlərində dəfələrlə vurğulayırdı ki, Türkiyənin siyasi, diplomatik və media dəstəyi ermənilərin havadarlarına xəbərdarlıq oldu və rəşadətli Ordumuz II Qarabağ müharibəsini qalibiyyətlə başa vurdu.

Əslində, Azərbaycanın siyasi isteblişmentinin, diplomatlarımızın dövlətlərarası münasibətləri gərginləşdirməmək naminə Rusiyanı vasitəçi kimi tərifləməsini, guya Qarabağ torpağına sülhün gəlməsində maraqlı olduğunu bəyan etməsini başa düşmək olur. Amma cəmiyyətdəki bəzi qüvvələrin təkcə son 30 ildə Kremlin başımıza gətirdiyi erməni fəlakətini unutması, bir anda imperialist və şovinist bir qüvvəni qəhrəmana çevirmək cəhdi anlaşılmır. Belə şəxslərin üzünə istər-istəməz “Mənfur, vəhşi, yırtıcı ermənilər kimin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı soyqırımını törətmişdi? Kimin silahları ilə müharibə meydanında Azərbaycan hərbçilərini, Gəncədə, Bərdədə, Mingəçevirdə, Tərtərdə, Göranboyda və digər rayonlarımızda yaşayan mülki vətəndaşlarımızı qətlə yetirirdilər? Rəsmi Bakı ermənilərə silah verilməsini faktlarla sübuta yetirəndə və tələb edəndə taxta-şalbandan danışan hansı ölkə idi? Ermənipərəst Peqovun ikinci Qarabağ müharibəsində döyüş zamanı lentə aldığı “vaqner”çilər hansı ölkəni təmsil edirdi?” suallarını çırpmaq istəyirsən!

4 GÜNLÜK TOVUZ HADİSƏLƏRİ VƏ 44 GÜNLÜK MÜHARİBƏ ZAMANI, HƏTTA ERMƏNİSTANIN KAPİTULYASİYANI QƏBUL ETMƏSİNDƏN SONRA DA RUSİYANIN DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞDİRİLƏN FEDERAL TELEKANALLARININ DAİMİ QONAQLARI OLAN ERMƏNİ “EKSPERT”LƏRİN, ERMƏNİ VƏ ERMƏNİPƏRƏST RUS TELEJURNALİSTLƏRİNİN XALQIMIZIN ƏSƏBLƏRİNİ TARIMA ÇƏKƏN AÇIQLAMALAR VƏ UYDURMALARLA ÇIXIŞ ETMƏLƏRİ DƏ GÖZ QABAĞINDADIR. SOSİAL MEDİA ŞƏBƏKƏLƏRİNDƏ RUSİYANI “SÜLH GÖYƏRÇİNİ” ROLUNDA TƏQDİM EDƏN BƏZİ …ŞÜNASLAR GÖRƏSƏN HEÇ DÜŞÜNÜRLƏRMİ Kİ, BƏS AZƏRBAYCANA VƏ TÜRKİYƏYƏ QARŞI İNFORMASİYA MÜHARİBƏSİNİN ADI NƏDİR? AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİ, ÜMUMİYYƏTLƏ, TÜRK DÜNYASINI TƏHQİR ETMƏK NƏ DEMƏKDİR? BUDUR, “MÜDAXİLƏNİ İSTƏMƏMƏK”?!

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ermənilərin havadarları ilə düz 17 il danışıqlar aparıb, nökər ölkənin işğalından torpaqlarımızı sülh yolu ilə geri almaq üçün çoxlu layihələr təklif edib. Amma öz ölkəsində separatçı meyillərin bir dəqiqə belə mövcud olmasına dözmək istəməyən və onları hətta “ayaqyoluda məhv etmək” əmrini verən havadarlar Azərbaycan Prezidentinin sülhməramlı niyyətini vaxtında qiymətləndirməyiblər.

Bundan başqa, məhz İlham Əliyevin sözlərindən bəlli oldu ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan düz 10 il rusiyalı həmkarı V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğaldan azad edilməsi üçün israrlı şəkildə danışıqlar aparıb.

Bu danışıqların nəticəsiz qaldığını, Ermənistanın sərsəm və maymaq hərbi-siyasi rəhbərliyinin artıq həddini aşıb, qudurğanlığa qədəm basdığını görən Prezident İlham Əliyev iyulun 12-dən başlayaraq düşmənin Azərbaycana qarşı müxtəlif hərbi təxribatlar törətməsinə, bizi yeni torpaqların işğalı ilə təhdid edərək bütün cəbhə boyu hücuma keçməsinə cavab olaraq nökər, yırtıcı və vəhşi düşmənin hərb yolu ilə torpaqlarımızdan çıxarılması əmrini verdi. Nə yaxşı ki, ermənilər olan-qalan ağıllarını da itirib bizə hücum etdilər.

Doğrudur, bu qanlı müharibə bizə çox baha başa gəldi. Neçə-neçə mərd, igid, hünərli, cəsur oğul itirdik; əlil olanlar, yaralılarımız var; dinc, günahsız körpələrimiz, qadınlarımız, qocalarımız terror qurbanı oldular; şəhərlərimiz, rayonlarımız dağıntıya məruz qaldı.

AMMA XALQ KİMİ ELƏ DƏMİR YUMRUĞA ÇEVRİLDİK Kİ, BİR NƏFƏR DƏ FƏRARİMİZ OLMADI. ƏKSİNƏ, YARALI OĞULLARIMIZ TİBBİ YARDIM GÖSTƏRİLƏN KİMİ TAM SAĞALMADAN YENƏ DƏ DÖYÜŞ MEYDANINA ATILDILAR, CANLARINI VƏTƏN YOLUNDA FƏDA ETMƏKDƏN ÇƏKİNMƏDİLƏR, BU SAVAŞIN GƏLƏCƏK NƏSİLLƏRİN ÖHDƏSİNƏ BURAXILMASINI İSTƏMƏDİLƏR.

Azərbaycanın bu çətin, amma şərəfli tarixinin yazıldığı dönəmdə yalnız hörmətli  Rəcəb Tayyib Ərdoğan qardaş adlandırdığı Prezident İlham Əliyevi tək buraxmadı. Türkiyənin nümayəndə heyətlərinin çoxsaylı mütəmadi səfərləri zamanı İlham Əliyev bildirdi ki, hər gün Ərdoğanla telefonda danışır. Bu, bəzən gün ərzində bir neçə dəfə olur.

Rusiyanın ünvanına mədhiyyələr yağdırmağa tələsənlər bir vacib məqamı da unudublar. Müharibənin dayandırılmasına, Ermənistanın kapitulyasiyanı qəbul etməsinə R.T.Ərdoğanla İ.Əliyevin birgə atdıqları düşünülmüş addımlar səbəb olub. Noyabrın 7-də məhz Türkiyə Prezidenti rusiyalı həmkarına zəng edərək məsələni birlikdə, ATƏT-in Minsk Qrupunun 27 il heç bir iş görməyən digər həmsədrlərinin iştirakı olmadan, daha çox qan tökülmədən həll etməyi təklif edib. Bu zaman tezliklə Şuşanın azad ediləcəyini və Azərbaycan Ordusunun Xankəndiyə girişinin qarşısının alınmaz olacağını da diqqətə çatdırıb.

Həmin təklifdən bir gün sonra – noyabrın 8-də – ərənlərimiz Şuşanı erməni tapdağından böyük şücaətlə xilas etdilər. İgidlərimiz Xankəndinin 2 kilometrliyində olanda Rusiya təklifin ciddiliyini anladı və zorən “sülh göyərçini”nə çevrildi…

Türklər demişkən, anlaması bu qədər bəsit…

Əslində isə Dağlıq Qarabağa sülhü gətirən Müzəffər Ordumuz, Müzəffər Xalqımız və Müzəffər Sərkərdəmizdir. Bunu canlarını Vətən yolunda fəda edən şəhidlərimizin dəfn mərasimləri sübut edir. Biz hər bir şəhidimizin qarşısında baş əyir, müstəqil dövlətimizin ərazi bütövlüyünün təmin edilməsinə görə onlara borclu olduğumuzu unutmuruq.

ŞANLI QƏLƏBƏMİZ DÜŞMƏN TAPDAĞINDAN AZAD OLUNMUŞ TORPAQLARIMIZDA BƏZİ QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİNİN GÖRÜLMƏSİNƏ RƏVAC VERİB. ARTIQ SOYDAŞLARIMIZI FÜZULİDƏN ŞUŞAYA APARACAQ 101,5 KİLOMETRLİK YOLUN ÇƏKİLMƏSİNƏ BAŞLANILIB. FÜZULİ VƏ ZƏNGİLANIN MİNADAN TƏMİZLƏNMİŞ ƏRAZİLƏRİNDƏ ÇİNAR AĞACLARI ƏKİLİB, PALID TOXUMLARI SƏPİLİB.

Prezident, Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli və Cəbrayıl rayonlarını ziyarət etməsi bu yaralı torpaqlara sülhü kimin gətirdiyinin göstəricisi oldu. Ordumuzun fateh sərkərdəsinin üçrəngli bayrağımızı  bu rayonlarda və azərbaycanlılar üçün tarixi önəm daşıyan Xudafərin körpüsündə, İranla sərhədimizdə dövlət himnimizin sədaları altında yüksəklərə ucaltması xalqımıza çox duyğusal anlar yaşatdı.

Bütün bunlar onu göstərir ki, ermənilər və onların havadarları yox, Azərbaycan xalqı əsl sülhpərvərdir. Postmüharibə dönəmində təkcə soydaşlarımızın deyil, 30 ilə yaxın bombalardan və raketlərdən əzab-əziyyət çəkən torpaqlarımızın yaralarını sağaltmağa başlamağımız bunun bariz nümunəsidir.

Xatirə SADİQ