BolgeXeber.Com » Siyasət » Rusiya sülhməramlıları: əvvəlinci gündən bəlli olan nə idi?

Rusiya sülhməramlıları: əvvəlinci gündən bəlli olan nə idi?

15-12-2020, 09:03
Oxunub: 3 122 Yaxud, Qarabağ Abxaziya, Cənubi Osetiya, ya da Dnestryanı deyil, Qarabağ Azərbaycandır!
Son günlər Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətləri ətrafında səslənən fikir və mülahizələr, əslində, ortaya çıxan təəssüfedici faktların səsidir. Belə ki, Azərbaycanın müzəffər Ordusunun Qarabağımızın işğaldan azad olunması istiqamətində 44 günlük qəhrəmanlıq salnamələri yazmasının ardınca, hadisələrin məcrasının dəyişməsi, daha dəqiq desək, qalib tərəfin məhz Azərbaycanın olması danılmaz faktdır. Xüsusilə, noyabrın 10-da baş tutan və dünyaya öz möhtəşəmliyi ilə səs salan Zəfər paradı, bu paradda hər zaman yanımızda olan qardaş Türkiyə hərbçilərinin də addımlaması, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı, çıxış və bəyanatı həm də dünyaya verilən bir mesaj oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın regionda vahid güc mərkəzinə çevirlməsi faktoru isə əlbəttə ki, bir sıra dairələri, o cümlədən dünyanın müxtəlif bölgələrində Türkiyə ilə müəyyən maraqlarının üst-üstə düşdüyü Rusiyanı nədənsə qıcıqlandırdı. Halbuki Qarabağda Azərbaycanın qələbəsi ilə nəticələnən qətiyyətli addımlarının ardınca Rusiya atəşkəs bəyannaməsinin əldə edilməsində müəyyən rolunu oynadı. Bunu dövlətimizin başçısı İlham Əliyev də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdiyi zaman vurğuladı.
Hələ ötən ayda – noyabrın 18-də "Ekoloji terrora dərhal son qoyulmalıdır!" sərlövhəli analitik yazımızda Rusiya sülhməramlılarının Kəlbəcərdəki etinasızlıqlarından bəhs etmişdik
Lakin indiki məqamda noyabrın 10-da imzalanmış bəyannamədəki bir sıra tələblərin pozulması hallarının aşkara çıxmasının da səbəbkarlarının Qarabağa göndərilmiş Rusiya sülhməramlılarının olması dəlilləri üzə çıxdıqca bizə ən yumşaq halda təəssüflənmək qalır!
Məsələn, SİA olaraq hələ ötən ayda – noyabrın 18-də "Ekoloji terrora dərhal son qoyulmalıdır!" sərlövhəli analitik yazı ilə çıxış etmişdik və həmin yazıda Kəlbəcərdən çıxmağa hazırlaşan ermənilərin meşələri qırmaları, evlərə və təbiətə zərər vurmaları barədə bəhs etməyimizlə yanaşı, Rusiya sülhməramlılarının baş verənlərə biganə yanaşmalarını da xüsusi olaraq vurğulamışdıq. Aşağıdakı linkə toxunmaqla bir daha həmin analitik məqaləni oxuya bilərsiniz. https://sia.az/az/news/politics/838191.html
Rusiyanın Qarabağda və digər müəyyən olunmuş ərazilərdə qurduqları nəzarət-buraxılış məntəqlərindəki işlərindən əlavə olaraq bəyannamədə göstərilməyən işlərə müdaxilə etmələri istər-istəməz Azərbaycan cəmiyyətində narazılıqlar, hətta hiddətlər doğurmaqdadır. Yəqin ki, Rusiya sülhməramlıları Qarabağı Abxaziya, Cənubi Osetiya, ya da Dnestryanı ilə səhv salırlar, yaxud düşünürlər ki, oralarda etdiklərini Azərbaycan ərazisində də edə biləcəklər. Amma təbii ki, yanılırlar və onların açıq-aşkar separatçılara "humanitar" məqsədli yanaşma tərzləri həqiqətən də ictimaiyyəti düşünməyə vadar edir.
Rusiya sülhməramlılarının rəhbərliyi Xankəndinə çatar-çatmaz Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı cinayətkar, terrorçu silahlılara rəhbərlik edən Araik Arutunyanla görüş keçirdi
Məsələn, bəllidir ki, Rusiya sülhməramlılarının rəhbərliyi Xankəndinə çatar-çatmaz Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı cinayətkar, terrorçu silahlılara rəhbərlik edən Araik Arutunyanla görüş keçirdi (?!). Üstəlik, həmin görüşdə heç bir dünya ölkələri tərəfindən tanınmayan "dqr"in əski parçası görüntüləndi. Halbuki, Araik Arutunyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib və barəsində bir sıra maddələrlə cinayət işi açılıb.
Yaxud, sülhməramlılar yalnız Xankəndi və ətrafını, eləcə də yerləşdikləri Laçın dəhlizinin ətrafını minalardan təmizləyirlər. Maraqlıdır, məgər onların qarşılarına qoyulan minatəmizləmə əməliyyatı yalnız o tərəflərəmi aiddir?
Bəyannamədə razılaşdırılmamış Xankəndi hava limanı məsələsi haradan çıxdı?
Eləcə də, bugünlərdə məlum olub ki, ruslar Xankəndidə "humanitar" məqsədli yük təyyarələrini endirmək üçün orada fəaliyyətdə olmayan hava limanını işlək vəziyyətə gətirmək üçün planlar tərtib edirlər. Halbuki, əvvəldən də məlum olmuşdu ki, humanitar yüklər və texnikalar həm Azərbaycanın ərazisindən keçərək Xankəndinə daşınacaq, həm də İrəvana hava yolu ilə daşınıb, sonradan quru yolu vasitəsi ilə ünvanına çatdırılacaq. Bu zaman bəyannamədə razılaşdırılmamış hava limanı məsələsi haradan çıxdı?
Bu kimi faktlar kifayət qədərdir, hətta o qədər çoxalmağa başlayıb ki, artıq bu kimi hərəkətlərə mütləq şəkildə cavab verməyin zamanı çatıb. Biz Rusiyalı sülhməramlı korpusunun rəhbərliyinə sual edə bilərik ki, Qarabağda yaşayan və hərbi əməliyyatlar zamanı Ermənistan ərazisinə keçən erməni mülki şəxslərin kütləvi şəkildə geri qaytarılmasının arxasında hansı maraqlar dayanır? Axı bildiyimiz qədər həmin ərazilərə yalnız 1989-cu ilə qədər qeydiyyatda olanların və onların ailə üzvlərinin geri qaytarılması göstərilir! Elədirsə, rus sülhməramlıları arxiv sənədlərini incələməmiş, Azərbaycan rəhbərliyi ilə məsləhətləşməmiş, əllərində heç bir dəlil-sübut olmamış bu prosesi necə və nə üçün həyata keçirirlər?! Bəlkə onların içində suriyalı, livanlı erməni terrorçuları da geri qayıdırlar ki, sonradan öz silahlı təxribatlarını davam etdirsinlər?! Ola bilməzmi? Əlbəttə ki, ola bilər!
Gündə tərtib etdikləri anlamsız xəritələrində qıcıqlandırıcı "postlarını" nümayiş etdirməklə nə demək istəyirlər?
Hadrutda, Şuşa ətrafındakı kəndlərdə və s. işğaldan azad olunmuş ərazilərimizdə erməni silahlılarının qalmaları barədə məlumatlar üzə çıxandan sonra DTX-nın xüsusi dəstələri dərhal anti-terror əməliyyatı həyata keçirərək, hərbçilərimzə, mülkilərimizə atəş açmış, yaralamış və şəhid etmiş erməni yaraqlılarının bir hissəsini məhv etdilər, əsir götürülənlər də oldu. Məhz bu əməliyyatlar başlayar-başlamaz Rusiyanın sülhməramlıları dərhal özlərini hadisə yerinə çatdıraraq müvəqqəti nəzarət postları qurdular (?!) Məqsəd nədir? Azərbaycan Ordusu üzərinə düşən vəzifəsini həyata keçirirsə, rusların o ərazilərdə nə işləri var? Hansı maraqlar onları bu ərazilərə cəlb etdi? Yaxud, gündə tərtib etdikləri anlamsız xəritələrində qıcıqlandırıcı "postlarını" nümayiş etdirməklə nə demək istəyirlər? Əlbəttə, bütün bu suallar cavablarını tapmalıdır və izahatı da tələb olunmalıdır!
Əgər Rusiya sülhməramlıları müttəfiqləri Ermənistanın məğlub vəziyyətinə hər hansı siyasi, hərbi dəstək göstərmək istəyirlərsə, bunu Gümrüdəki bazalarında edə bilərlər, amma Qarabağda bunu etməyə nə haqları, nə də hüquqları var. Yox, əgər belə davam edəcəksə, bu zaman Azərbaycan bütün beynəlxalq hüquqlarından istifadə edərək, Qarabağdakı separatçılıq meyillərini tam yox edənə qədər öz qətiyyətli sözünü deyəcək və buna da qadirdir, ona görə ki, nə küçədə 90-cı illərdir, nə də Qarabağ Abxaziya, Cənubi Osetiya, ya da Dnestryanı deyil, Qarabağ Azərbaycandır!
Rövşən RƏSULOV